Yuxarı

Azərbaycanın gizli şəbəkəsi - FETÖ

Azərbaycanın gizli şəbəkəsi - FETÖ

Terror şəbəkəsi özünü ələ verməməyə çalışır

Aqil Ələsgər: “Şeyxə və komitə rəhbərinə Gülən şəbəkəsi ilə bağlı siyahılar təqdim olunacaq”

Oqtay Hacımusalı: “Məsələyə barmaqarası baxmaq olmaz”

Türkiyədə dövlət çevrilişə cəhd etmiş fətullahçı terror təşkilatı FETÖ-nün xarici ölkələrdəki rəhbərlikləri, dəstəkçiləri və gizli fəaliyyətləri deşifrə edilib. Təşkilatın adları bilinən 14 nəfərlik xarici dəstəkçilərinin sayını  11-ə endirdiyi məlum olub. Avropanın 30 ölkəsində şəbəkələşmiş FETÖ-nün Almaniya, İngiltərə, o cümlədən Yaponiya, Çin, İsrail, Səudiyyə Ərəbistanında gizli fəaliyyət göstərdiyi məlum olub. FETÖ-nün Cənubi Amerikadakı (Kolumbiya, Çili, Braziliya, Argentina, Dominikan və s.) strukturu da deşifrə edilib. Terrorçu təşkilatın 20 Afrika ölkəsində məsulu var, şəbəkə burada da türk kəşfiyyatından (MİT) ağır zərbə alıb.

FETÖ-nün ən güclü şəbəkələrindən biri olan Azərbaycanda isə terrorçu təşkilat öz fəaliyyətini davam etdirir. Düzdür, Türkiyədə çevriliş cəhdindən sonra Fətullah Gülənə bağlı bir neçə məktəb, hazırlıq kursu və bir universitet (“Qafqaz”) bağlanılsa da, əməliyyatlar şəxsləri əhatə etmədi. Halbuki müəyyən dönəmlərdə mediada irəli sürülən iddialar və Türkiyədən rəsmi dairələrin Bakıya göndərildiyi deyilən sənədlər əsasında siyasi idarəetmə sistemindəki fətullahçılara qarşı əməliyyatların başlayacağı gözlənilirdi.  İddia olundu ki, Milli Məclisin 41 deputatı FETÖ ilə akiv fəaliyyətdədir. Türkiyə Baş Prokurorluğundan Bakıya göndərilmiş məxfi doseydə isə FETÖ-nün gizli formada fəaliyyət göstərən 28 təşkilatının olduğu bildirildi. Müxalifət partiyalarının adları da hallandırıldı. Nəzərə alasaq ki, Fətullah Gülənin başçılıq etdiyi şəbəkə son 22 ildə Azərbaycanda fəaliyyət göstərir, demək ki, bu qurumun şaxələndiyi sahələr də genişdir. Ölkənin siyasi, iqtisadi, təhsil, mədəni və digər sektorlarında gizli fəaliyyət göstərdiyi heç kəsə sirr deyil. Gizlilik və məxfilik FETÖ-nün profilinə də uyğundur. Təsadüf deyil ki, Türkiyədə fəaliyyət göstərən və türk kəşfiyyatına yaxın olan KİV-lər Azərbaycanı “FETÖ-nün qalası” adlandırırlar. Lakin bu sirrin üstünün açılmaması isə başqa ehtimalları yaradır. Ya FETÖ yüksək səviyyədə müdafiə olunur, ya da ümumiyyətlə deyildiyi qədər təşkilatın Azərbaycanda güclü şəbəkələşməsi yoxdur.

“İstisna deyil”

“Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər “Cümhuriyət”ə bildirib ki, FETÖ məsələsini ancaq dini sfera ilə əlaqələndirmək doğru deyil. A.Ələsgər hesab etmir ki, şeyx və komitə rəhbərinə Gülən şəbəkəsi ilə bağlı siyahılar təqdim olunacaq: “Əgər Türkiyədə belə bir siyahı varsa, bunlar hüquq mühafizə orqanlarına, milli təhlükəsizliklə bağlı orqanlara, Daxili İşlər Nazirliyinə təqdim olunmalıdır. Mümkündür ki, FETÖ məsələsi bu şəxslərlə müzakirə olunsun. İstisna deyil, böyük ehtimalla olacaq. Çünki uzun illərdir, onlar gizli və açıq şəkildə Azərbaycanda şəbəkələşiblər. Azərbaycan rəsmiləri dəfələrlə bu məsələyə öz münasibətlərini bildiriblər. Uzun zamandır ki, Türkiyədən FETÖ-nün Azərbaycanda fəaliyyət göstərən üzvləri ilə bağlı siyahıların veriləcəyi bildirilir. Amma bu siyahılar hüquq mühafizə orqanlarına təqdim olunmalıdır. Baş Prokurorluq cinayət işi açmalıdır və bu əsasda da Türkiyə və Azərbaycan əməkdaşlığı davam etdirməlidir”.

“İz azdırırlar”

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyi sədrinin müavini Oktay Hacımusalı “Cümhuriyət”ə FETÖ məsələsinə Azərbaycanda barmaqarası baxıldığına inanmadığını bildirib. O.Hacımusalı qeyd edib ki, Azərbaycanın Türkiyənin, Türkiyəin də Azərbaycanın regionda ən ciddi tərəfdaşı olduğunu nəzərə alsaq, bu zaman bu məsələyə barmaqarası baxmaq mümkünsüzdür: “FETÖ  kimi xaricdən idarə olunan, regionda maraqları olan qüvvələrin maşası halına gələn qrupların ağaları lazım gələndə medalın ikinci üzü olan tərəfdaşlarını iki qardaş ölkənin arasını vurmaq üçün geninə-boluna istifadə edirlər. Həmişə hansısa formada iddialar ola bilər. Qəbul edək ki, kimin kimdən xoşu gəlmirsə, rahatlıqla “bu FETÖ-çüdür” deyə bilər. Hansısa vətəndaşımızın FETÖ ilə yaxından, ya uzaqdan əlaqəli olduğuyla bağlı informasiya əldə edəndə, ilk növbədə bu informasiyanın mənbəyini araşdırmalıyıq. Bəzən bu informasiyaları bilərəkdən yayırlar. Bunun da bir çox obyektiv və subyektiv səbəbləri var. Düşünün ki, konkret Azərbaycanda bəzi yüksəkçinli məmurların FETÖ ilə bağlı əlaqəsinin olmasını yayanların özlərinin sonradan birbaşa həmin qruplaşma ilə əlaqələri müəyyən edildi. Azərbaycandaki radikal müxalifətə yaxınlığı ilə bilinən “Kurultay” elektron qəzetini götürün. Ya da onların əlləri ilə “verbovka” olunanlar. Bunun bir adı var: iz azdırmaq”.

Oktay Hacımusalının sözlərinə görə, Azərbaycanı FETÖ - nün qalası kimi göstərmək təxribatdır: “Çünki, Azərbaycanın geosiyasi mövqeyi, əsrlərdir formalaşan milli - mənəvi zənginlikləri, adət və ənənələri, ən əsası da rəsmi Bakı imkan verməz ki, bura hansısa ekstremist, radikal bir qruplaşmanın qalasına çevrilsin. Digər bir tərəfdən, başqa islami təriqətlərdən fərqli olaraq (FETÖ-nün islama dəxli yoxdur), bu islami terrorçu qruplaşma bütün təbliğat işini təhsil, təlim və tərbiyə üzərində qururdu. Beyinlərin, ələxsus da çalışan beyinlərin oğurlanması yolu ilə özünə tərəfdar toplayırdı ki, bu da çox təhlükəli bir durumdur. Bəli, Azərbaycan bu məktəblərin bağlanması və milliləşdirilməsi həddindən artıq önəmli və lazımlı addım idi. Artıq bu sahədə kifayət qədər işlər görülüb. Bir az da səbrli olaq. Hər halda, biz “aysberq”in görünən tərəflərini görürük. Elə məqamlar var ki, onların çözülməsi üçün bir qədər zamana ehtiyac var”.

Mənsur





Həftənin ən çox oxunanları