Yuxarı

Vətəndaşa qarşı bank-məhkəmə işbirliyi

Vətəndaşa  qarşı  bank-məhkəmə  işbirliyi

 

İnsanların gözünü qorxutmaq istəyirlər

Əkrəm Həsənov: “Bu hal özbaşınalıqdır, biabırçılıqdır”

Son zamanlar Azərbaycanda kredit borcu olanlara qarşı sərt addımlar atılır. Onlara qarşı əsassız şərtlər irəli sürülür, qanunazidd tədbirlər görülür. Bu şərtlər və qanunsuzluqlar qarşısında çıxılmaz duruma düşən vətəndaşlar problemləri və şikayətləri ilə üz-üzə qalır, çıxış yolu tapa bilmirlər. Hətta məsələləri üzrə adiyyatı orqanlara üz tutsalar da onların bu müraciətləri cavabsız qalır.

Bu günlərdə Sumqayıt şəhərində qəribə bir olayın üstü açılıb. Bir xanımın adına həyat yoldaşı tərəfindən kömpüter götürülüb. Elə olub ki, bu cütlüklər ayrılıb. Onların 4 yaşında bir övladı var. Hazırda xanım övladına doğum haqqında şəhadətnamə ala bilmir. Ona bildirirlər ki, məhkəmə qərarı ilə banka borcu var. Belə çıxır ki, vətəndaşın hər hansı sənəd alması bankdan asılı olacaq. Hüquqşünaslar isə bu halı məmur özbaşınalığı, qanunsuzluğu kimi qiymətləndiriblər.

Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, vətəndaş ən qatı cinayətkar, qatil, hətta vətən xaini olsa belə qanunla nəzərdə tutulan istənilən sənəd ona verilməlidir: “Hətta vətəndaşın xaricə çıxışı qadağa olubsa belə yenə də xarici pasportu ala bilər. Sadəcə xaricə çıxa bilməyəcək. O ki qaldı doğum haqqında şəhadətnamənin verilməməsinə, bu biabırçılıqdır. Bu sənədin vətəndaşa heç bir aidiyyatı yoxdur. Övladının sənədidir və o sənəd də verilməlidir. Bu hal özbaşınalıqdır, qanunsuzluqdur. Mən bu halın neçə baş verdiyini sadəcə təxmin edirəm. Yəqin ki, bank xanımı artıq məhkəməyə verib. Məhkəməni də udub. Məhkəməni udduğu üçün də icra şöbəsinə gedib. Məlumdur ki, məhkəmələrin icra şöbələri Ədliyyə Nazirliyinə daxildir. Vətəndaşlara doğum haqqında şəhadətnamə verən VVAQ da Ədliyyə Nazirliyindədir. Yəqin ki, həmin vaxt o icra şöbəsi daxili sistemlərinə uyğun bu məsələni həll edib və VVAQ da sənədi vermir. Əlbəttə ki, qanunsuzluq edir. Heç bir səlahiyyəti və məsələyə qarışacağı yoxdur”.

Ekspertin fikrincə, bank belə bir məlumat verə bilməz: “Çox güman ki, xanıma qarşı məhkəmə olub və məhkəmədə uduzduğuna görə belə bir vəziyyət əmələ gəlib. Yenə də bu məsələ qanunazidddir. Müqayisə üçün deyə bilərəm ki, bizə də bir vətəndaş müraciət etmişdi və onun şəxsiyyət vəsiqəsini dəyişmirdilər. Biz sadəcə o vətəndaşa kömək etdik və Daxili İşlər Nazirliyinə müraciət hazırladıq. Bir neçə gündən sonra Daxili İşlər Nazirliyindən cavab gəldi ki, şəxs şəxsiyyət vəsiqəsini götürsün. Bu da onu göstərirdi ki, bu məsələ Daxili İşlər Nazirliyinin tutduğu xətt deyildi. Sadəcə yerində oturan kiçik dövlət işçisinin özbaşınalığı idi. Bu mənada həmin xanıma tövsiyyə edirəm ki, şəhadətnaməni verən qurum Ədliyyə Nazirliyinin sisteminə aiddir.Bu səbəbdən həmin nazirliyə müraciət etsin”.

Əkrəm Həsənov qeyd edib ki, sözügedən məsələ elə bir qanunsuz addımdır ki, bu hərəkətlə ümid edirlər ki, vətəndaş qorxacaq, çəkinəcək və heç bir yerə şikayət etməyəcək: “Hesab edirlər ki, vətəndaş çəkinəcək, bisavaddır, hüquqlarını bilmir, filan... Amma vətəndaş öz haqqını tələb edən ki, o sənədi əldə edəcək”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları