Yuxarı

Mənəvi irsimizə fars-erməni qəsdi

Mənəvi irsimizə  fars-erməni qəsdi

 

İmamverdi Həmidov: “Xaqani və Nizami Azərbaycan poeziya məktəbinin ən görkəmli nümayəndələri olublar”

Son vaxtlar erməni-fars iş birliyi Azərbaycana məxsus milli- mənəvi irsin mənimsənilməsi ilə bağlı geniş təbliğat işlərinə başlayıblar. Bir vaxtlar dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “farslaşdırılması” istiqamətində növbəti cəhdlər edilib. Nizaminin fars şairi olduğu barədə lüzumu olmayan faktlar nümunə kimi ortaya atıldı. Amma həmin iddiaların heç biri reallığa söykənməyən əsassız şərhlər idi. Nizaminin farslaşdırılması cəhdindən sonra bu dəfə də Şamaxıda doğulub boya-başa çatmış Xaqani Şirvani ilə bağlı eyni ssenari təkrarlanır. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının müəllimi Aqaron Vardanyan Xaqani Şirvanini fars şairi adlandıraraq, bunu Xaqaninin 3-cü Manüçöhrün saray şairi olduğu ilə əsaslandırıb.

Şirvaninin Ermənistan haqqında da xoş fikirdə olduğunu iddia edən “alim” “O, dəfələrlə bizim ölkəmizə gəlib, həmçinin yazıb ki, Ermənistan istirahət etmək üçün əsl cənnət ölkədir”,- deyə bildirib.

Dil məsələsi mübahisə yaradır...

Məsələ ilə bağlı AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru İmamverdi Həmidov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qeyd olunan məsələ həddindən artıq ciddidir. Azərbaycan tarixçiləri və filoloqları bu məsələ ilə bağlı sözünü nəhayət ki, deməlidirlər: “Artıq neçə illərdir ki, Nizami Gəncəvinin farslaşdırılmasına cəhdlər edilir, onun “İran şairi” olması barədə iddialar səsləndirilir. Bu məsələ bitməyib, açıq qalır. Tək Azərbaycanda deyil, dünyada ədəbiyyat tarixlərində belə hadisələr olur. Müxtəlif xalqların mədəniyyəti, ədəbiyyatı, düşüncə tarixi hansı dildə müəyyən mərhələdə və hansı səbəbdən olması kimi məsələlər daim müzakirə obyekti olub. Dil məsələsi həmişə mübahisə yaradıb. Dilin bu xalqın ədəbiyyatında, mədəniyyətində və ya mənəvi sərvəti tarixində hansı dildə yaradılması önəmli məsələdir. Avropada bir müddət ədəbiyyat, ədəbi əsərlər İtaliya, Fransa, İspaniyada latın dilində yaradılmışdı. Latın dilində yazılsa da ədəbiyyat o xalqlara - italyan, fransız, ispan xalqlarına aiddir. Bu baxımdan Azərbaycanın da tarixi elədir ki, ədəbiyyat müəyyən dövrlərdə obyektiv səbəblərdən, yəni dövrün tələbinə görə fars dili yaradıcılıq dili olub.

Bu dildə Yaxın Şərqin ən böyük sənətkarları yazıb-yaradıblar. Xaqani Şirvani də XII əsrdə yaşamış və əsərlərini fars dilində yazmışdır. Amma “Xaqani İran şairidir”, “fars şairidir”ifadələri düzgün deyil. Xaqani mənsub olduğu xalqın, yəni Azərbaycan xalqının oğludur. Şamaxının Məlhəm kəndində böyüyüb ərsəyə gəlmiş və o mühitin yetişdirməsi olan şairdir. O mühitdən hələ kənara çıxmamış bütün o dövrün elmlərinə nail olmuş, onları mənimsəmiş və şeir sənətinin tələblərini yerinə yetirməklə yaradıcılıqla məşğul olmuşdur. Bir sözlə, Xaqani Şamaxıda doğularaq, oradakı ustadlar yanında təhsil alıb”.

Mən əcəm türküyəm...

Professorun sözlərinə görə, “fars dilli ədəbiyyat” geniş məfhumdur. Bu dildə yaradılmış ədəbiyyat həm də zəngindir: “Çünki orada bir neçə xalqın nümayəndələri iştirak ediblər. İstedadlar ortaya çıxıb. Nəticədə çox zəngin , təkcə İran və Yaxış Şərq regionunda deyil, bütün dünyaya böyük istedadlar bəxş edilib. Çox zəngin əsərlər yaradılıb ki, bu əsərlərin mənəvi, əxlaqi, dedaktiv, tərbiyəvi əhəmiyyəti bütün dövrlər üçün indi də öz əhəmiyyətini saxlayır. Xaqani də bu sənətkarlardan biridir. Xaqani və Nizami fars dilində yazıb yaratmış Azərbaycan şairləridir. Farsdilli ədəbiyyat çox tarixi dövr keçib. Bu ədəbiyyatın bədii yaradıcılığında bir neçə mərhələ olub. Bu mərhələlər hansı dövr üçün aparıcı rol oynayıbsa, o dövrə uyğun da adlandırılıb. XII əsrdə Azərbaycan şairlərinin və onların fəaliyyətinin daha geniş yayıldığı bir dövrdür. Ona görə də XII əsr farsdilli ədəbiyyatda Azərbaycan üslubunun daha çox rol oynadığı bir dövrdür. Bütün şərqşünaslar, o cümlədən, İran alimləri etiraf edirlər ki, Azərbaycan üslubu, Azərbaycan poeziya məktəbi mövcud olub. Azərbaycan poeziya məktəbinin ən görkəmli nümayəndələri bu dövrdə Xaqani Şirvani və Nizami Gəncəvidir. Elə tək bunlar deyil, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Fələki Şirvani, Beyləqani və başqaları olub. Bütün bunlar Azərbaycan poeziya məktəbini təmsil ediblər. X əsrlə XII əsrlər arasındakı farsdilli ədəbiyyat fərli olub. Rus, Çex, Avropa, İran alimlərinin əsərlərində Azərbaycan üslubu, poeziyası adlandırılan bu istiqamət tədqiq olunub. Bu dövrün bir cəhəti də ondan ibarət idi ki, şairlər fars dilində yazsalar da, əsərlərdə yaşadığı, mənsub olduğu xalqın, regionun ifadələrindən, atalar sözlərindən, şifahi xalq ədəbiyyatından bol-bol bəhrələniblər. Daha aydın olmaq üçün Nizami bu mənada zirvədir. Ümumiyyətlə, Xaqaninin əsərləri ideyası, onun qüruru, məğrurluğu dəfələrlə çox aydın şəkildə “Mən əcəm türküyəm” deməsi, bu dildə yaratmasa da türk dilini yaşatmasını deməkdir. Bəlkə də türk dilində əsərləri olub, amma əlimizə çatmayıb. Xaqani həmçinin ərəb dilində də şeirlər yaratmışdır. Ola bilməz ki, belə qüdrətli sənətkar öyündüyü, fəxr etdiyi Azərbaycan türkcəsində yaratmasın. Xaqaninin Şamaxı, Şirvan haqqında yazdığı şeirləri oxuyan hər kəs başqa bir fikrə düşməz. O, Şamaxı övladıdıdr. Amma belə şairlər yalnız Azıərbaycan xalqına mənsub deyil, bütün bəşəriyyətə mənsubdur. Çünki bu şairlərin yürütdüyü fikirlər, ideyalar, amal, insanlığın tərbiyəsi üçün yürütdüyü mühakimələr bütün dünyaya mənsubdur”.

“Saray şairləri özündən əvvəlkini təkrar etməməlidir”

Xaqaninin 3-cü Manüçöhrün saray şairi olduğu ilə bağlı məsələyə toxunan İmamverdi Həmidov Xaqaninin saray şairi olmasını başqa məsələ adlandırıb: “Xaqaninin saray şairi olması və yaradıcılığını əsasən fars dilində yazıb yaratması onun İran şairi olmasına dəlalət etmir. O dövrdə Nizami Gəncəvidən başqa şairlərin çoxu sarayda yaşayıb yaradıblar. Daha doğrusu sarayın bu şairlərə ehtiyacı oluib. Nizamini də saraya dəvət ediblər. Amma Nizami saraydan kənarda yaşayıb. Onların sarayda yaşaması şairliklərinə heç bir xələl gətirmir. Müasir dövrdə də bir şair yaradırsa, onun əsərləri nəşr olunmalıdır, yayılmalıdır. Əvəzində də bir şey almalıdır. O dövrdə də saraylar buna möhtac idi. Çünki sarayda olanda dövrün tələbinə görə, qəsidə, fəxriyyə, mədhiyyə, mərsiyə, qəzəl, qitə kimi ədəbi janrlarda yazmalı idilər. O cümlədən, mədhiyyə də yazmalıdırlar, şahı tərifləməlidir. Burada söhbət məqsəd deyil, onu necə tərifləməkdən gedir. Məsələn, saray şairləri elə təşbehlər istifadə etməli idilər ki, özündən əvvəlkilərdə bu olmasın”.

“Ərməniyə indiki Ermənistan deyil”

Xaqani Şirvaninin əsərlərində “Ermənistanı tərənnüm etməsi”, bu ölkəni “cənnət məkanı” kimi dəyərləndirməsi məsələsinə gəlincə, filoloq-alim deyib ki, Xaqani yaradıcılığında gürcü sözlərinə yer verib: “ Tarixən bütün xalqlar, etniklər, dini qurumlar, müxtəlif dini məzhəbə qulluq edənlər bir yerdə yaşayıb yaradıblar. Əslində çoxmədəniyyətlilik elə budur. Nizamidə bu fikir daha geniş çəkilir. Bizim ədəbiyyatda müxtəlix xalqlar erməni, gürcü, fars və digərlərinin bir yerdə yaşamaları bildirilir və qəbul edilir. Bu baxımdan Azərbaycan ədəbiyyatı həmişə açıq olub. Xalqlara münasibət çox yaxşı ifadə edilib. Dünyanın, qalibiyyətin məhz ədalətlə, insafla, əxlaqla qalib gəlməyi yolu öyrədilib. Yoxsa hansı xalq kimdən üstündür, belə cəhdlərə yer verilməyib.

Xaqani “Töhfətul-İraqeyn" poemasında Bağdadı tərifləyir, Şirvanı, İsfahanı da tərifləyir. Səyahətdə olan şairdir. Ola bilər ki, haranı keçəndəsə görür, “nə yaxşı mənzərədir” deyə tərifləyir. Mədain şəhərinə gedib çıxır. “Mədain xərabələri" qəsidəsini yazır. Orada xarabalıqları görüb necə nəticələr çıxarır. Mənsubluq baxımından deyil, dini baxımdan da Xaqaninin əsərlərində bu belədir. Xaqani üçün İsa Məsih də, Məhəmməd də, Musa da peyğəmbərdir. Onları yeri gəldikcə bir beyt daxilində hamısının adını çəkir. Onları qəbul edilən, mədh edilən bir obraz kimi təqdim edir. Onun bu ideyası vahid Allahlıq prinsipinə söykənir. Bu məsələlərdə qeyri-adi heç nə yoxdur.

Əgər hər hansı bir erməni tədqiqatçısı görürsə, Xaqani “Ərməniyə” deyib, bu ona dəlaət etmir ki, Ermənistanı tərifləyib. Özü də Ərməniyə indiki Ermənistan deyil. Xaqani Dərbənd haqqında da xoş sözlər deyib. Görünür, bu insanlara xəbislik lazımdır. Ancaq pislikləri üzə çıxarırlar. Onda bunu istəyirlərsə, o zaman Adam Metsin “Müsəlman intibahı” əsərini oxusunlar. Orada ilkin mənbələr əsasınmda göstərilir ki, ayrı-ayrı xalqlardan qullar olub. Zənciqulu, həbəşqulu, erməniqulu, türkqulu... Bunlara münasibət necədir? Qoy gedib o kitabları oxusunlar. Erməni-fars birliyinə lazım olan cavablar orada var”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları