Yuxarı

Pul yığmaq üçün daha bir addım

Pul yığmaq üçün  daha bir addım

 

Ailə və bələdiyyə bağçaları yaradılır

Əjdər Ağayev: “Xalqı, cəmiyyəti, gələcək nəsli düşünməkdən daha çox “necə qazanaq” düşünürlər”

Azərbaycanda yeni tip bağçalar - icma, ailə, bələdiyyə bağçalarının yaradılması gözlənilir. Bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd olunub. Layihəyə görə, ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması məqsədilə dövlət uşaq bağçaları şəbəkəsi genişləndiriləcək, onların şərait və təchizatı yaxşılaşdırılacaq.

Bununla yanaşı, ölkədə mülkiyyət formasına görə bələdiyyə, icma, özəl, ailə bağçaları tipli məktəbəqədər təhsil müəssisələri yaradılacaq. Layihəyə əsasən, məktəbəqədər təhsilin əhalinin bütün təbəqələri üçün əlçatan olması məqsədilə müxtəlif formaların, o cümlədən qısamüddətli, ailə tipli (icma əsaslı) təhsil xidmətlərinin tətbiqi nəzərdə tutulur. Layihəyə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması məsələsi də daxil edilib.

Ekspertlər cəmiyyətin yeni tipli bağçaların yaradılmasına hazır olmadıqlarını söyləyirlər. Hesab edirlər ki, icma, ailə və ya bələdiyyə bağçalarının tətbiqi hansısa təbəqənin yalnız pul qazanmaq mənbəyinə hesablanıb.

Qanunda qüsurlar var...

Təhsil Şurasının sədri Əjdər Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, “Məktəbəqədər təhsil haqqında” qanunda bir sıra düzəlişlər olunmalıdır: “Mən bu qanun layihəsi ilə tanış oldum və orada bir neçə düzəlişə ehtiyac olduğunu hiss etdim. Qeyri-Hökumət Təşkilatlarının Dəstək Şurasında da komissiya yaradılmışdı. Orada da müzakirələr etdik və təkliflərimizi verdik.  O təkliflərin içərisində ilk məsələ o olub ki, məktəbəqədər yaşlı uşaqların əhatə olunduğu uşaq bağçaları və ya məktəbəqədər təhsil müəssisələrində gəlir gətirən sahələr yaratmaq olmaz. Qanunda yazılıb ki, gəlir gətirən sahələr yaradılmalıdır. Bu, qətiyyən mümkün deyil. İkinci məsələ isə bağçaların yeni formalarının tətbiqi nəzərdə tutulur. Bunlar icma, ailə və bələdiyyə bağçalarıdır. Bu pərakəndəliklər hələ Azərbaycanda bağça yəni məktəbəqədər təhsil konsepsiyasının ağıllı-başlı, onun sistemli şəkildə təhsilə daxil olmasının elmi əsasları meydanda olmadığı halda, körpələr evi və uşaq bağçalarının özünün lazımi bir səviyyədə olmadığı bir vaxtda icma, bələdiyyə, ailə bağçalarına gərək yoxdur. Yəni bu müddəalar düzələndən sonra yeni forma bağçalara keçmək lazımdır. Eksperimental alınırmı, alınmırmı? Bunu qanuna yazmaq və həyata keçirmək hesab edirəm ki, vaxtından qabaq bir hərəkət ola bilər.  Ölkədə təcrübədən çıxmış bağçalar var. Bu mənada cəmiyyət ailə, şirkət, müəssisə bağçalarına hazır deyil. Məktəbəqədər təhsildən danışılırsa, bu kütləvi hamı üçün olmalıdır. Bir qrup adam üçün bu sistemin tətbiqinə ehtiyac yoxdur. Yəni burada ayrı- seçkilik yaranır, kimininsə əli çatacaq, kiminsə əli çatmayacaq. Kimsə haradasa bağça meydana gətirəcək, o birilər ona həsrətlə, bir qədər də bədbinliklə baxacaq. Həm elmi-pedaqoji sistem baxımından bu bağçaların sistemi yoxdur. Həm də bunun meydanda bir konsepsiyası olmalıdır. Birdən-birə yaradılır demək düzgün deyil. O konsepsiyaya təhsil sisteminə daxil olan müəssisə kimi onun yeri olmalıdır. Təhsil qanunu hər şeyi müəyyənləşdirməyib. Bir müddəasında deyilir ki, bu sistem hamını təmin etməlidir, icbaridir, digər hissəsində deyilir ki, könüllüdür. Yəni bir-birinə zidd olan fikirlər var. Ona görə də icma, ailə və bələdiyyə bağçalarının özü də vaxtı çatmamaış məsələdir”.

“Bu vəzifədəkilərin 70 faizi ora əmək haqqı üçün gedir”

Ekspertin sözlərinə görə, sözügedən bağçaların yaradılmasında bir məqsəd var. O da əlavə gəlir əldə etmək, çoxlu pul qazanmaqdır: “Bələdiyyə indiyədək nə iş görüb? Bələdiyyə deyəndə ilk ağlımıza gələn odur ki, bu qurum torpaq pulu yığmaqdan və torpaq satmaqdan ibarətdir. Məsələ nə  region, nə də maariflə bağlıdır. Yalandan bələdiyyəyə şamil edib sistemi kimlərinsə sui-istifadəsinə verməyin nə əhəmiyyəti var? Sağlamlaşdırıcı bir tədbirlər görmək, cəmiyyəti formalaşdırmaq və ona hazırlamaq lazımdır ki, sonra  hansı addımların atılması düşünülsün. Vaxtı çatmamış məsələlərin meydana gəlməsini mən məqbul hesab etmirəm”.

Əjdər Ağayev qeyd edib ki, əgər belə forma bağçaların yaradılmasına başlanılsa, ilk növbədə lazımi səviyyədə mütəxəssislər yoxdur: “Bu gün məktəbəqədər vəzifələrdə işləyənlərin 70 faizi sadəcə olaraq əmək haqqı almaq üçün ora gedir. Onlar kimlərinsə adamlarıdır. 30 fazinin isə ancaq məktəbəqədər təhsil üzrə savadı ola bilər. O yoldaşlar, cənablar başa düşməlidirlər ki, məktəbəqədər təhsil üzrə mütəxəssis olmaq vacibdir. Adam əgər o məsələləri bilmirsə, orda lazımi təlim, tərbiyə işini həyata keçirmək olmaz. Uşaqlara kobud münasibət, lazımsız və qayşısız münasibət, onun əyləncəsinin təmin olunmaması, yeməyinin lazımınca olmaması, təbiətlə tanışlığı olmaması kimi məsələlər uşaqlarda təhsilə qarşı antimövqe yarada bilər. Yəni bunun elmi əsası var. Bir onun elmi əsasını bilən kadrlar hazırlansın, ondan sonra maliyyə məsələsi qalır ki, bunu da bələdiyyə həyata keçirəcək. Yəqin ki, bələdiyyə bu forma bağçaları pullu edəcək. Çünki qanunda da qeyd olunur ki, bu forma bağçaların əksəriyyəti ödənişli olsun. İcma da yarananda təbii ki, o da pul olacaq. “Məktəbəqədər təhsil haqqında” qanunda ilk növbədə pul toplanması nəzərdə tutulur. Məktəbəqədər yaş dövründə o qədər gəlir əldə etmək tendensiyası anlamıram ki, kimlər üçün və nəyə lazımdır? Təsəvvür edin, qanunda belə bir maddə var.

Dövlət bağçaları özəlləşdirməyə verilə bilər. Bağçalar özələşməyə verilsə, şübhəsiz ki, ödənişli fəaliyyət göstərəcək. Bu xalq, camaat neyləsin? Maliyyəsi, güzəranı ona çatmayan insanlar neyləsin? Çox təəccüblü bir qanun hazırlayıblar. Xalqı, cəmiyyəti, gələcək nəsli düşünməkdən daha çox “necə qazanaq” düşünürlər. O da tamamilə ziyamdır. Bunun da həddi var axı... Ona görə də o qanun yenidən işlənməlidir.

Biz o təklifi vermişik. Bu cür məsələlər aradan qaldırılmalıdır. Torpaq əkin üçün hazırlanmayınca, ora əkilmir. Bu məsələ də həmin prosesdir. Cəmiyyət ona hazırlanmayınca,xalqın ümumi mənafeyi nəzərə alınmayınca, bu işləri görmək fayda verə bilməz. Mən bu fikirdəyəm”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları