Yuxarı

Dollar qalxdıqca: Dərmanlar da bahalaşacaq

Dollar qalxdıqca: Dərmanlar  da bahalaşacaq

 

Süni müdaxilə qıtlıq yarada bilər

Natiq Cəfərli: “Zərər vətəndaşa dəyəcək”

Mərkəzi Bankının verdiyi xəbərə görə, noyabrın 25-də manatın dollara qarşı rəsmi məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,29 faiz artaraq 1,7196 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, noyabrın 24-də dolların məzənnəsi 1,7146 AZN/USD müəyyənləşib. Azərbaycanda dolların məzənnəsinin hər gün artması danılmaz faktdır. O da məlumdur ki, Azərbaycan dərman preparatlarını xaricdən idxal edən ölkədir. İdxal olunan bütün məhsullar xaricdən dollarla alınır.

Qeyd edək ki, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliyəəsasən, dərmanlar qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil edilib. 2015-ci il iyul ayının sonunda 25 təsirediciyə malik 256 adda dərmanın, avqust ayında isə 801 adda dərmanın qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənib. Ümumilikdə hazırda 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiyməti Tarif Şurası tərəfindən təsdiqlənib və həmin dərman vasitələri 2015-ci il sentyabrın 15-dən tənzimlənmiş qiymətlərlə satışa çıxarılıb. Maraqlıdır, bahalaşma dərmanların qiymətinə təsir edəcəkmi? Tənzimlənmiş qiymətlərlə satışa çıxarılan dərman vasitələrinin qiymətinə yenidən baxıla bilərmi?

“Hökumət ucuzlaşmada maraqlıdırsa...”

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, dövlətin dərman sektorunda qayda-qanun yaratması əks effekt verib: “Qiymətlərin aşağı olmasını istəyən hökumətlər bu sahədə rəqabətli mühiti artırır. Yəni, şirkətlərin bu sahədə daha çox iştirakını təmin edər və müəyyən güzəştlər tətbiq olunar. Nəticədə bazarda oyunçuların sayı artır və qiymətlər tənzimlənir. Dolların bahalaşması, milli valyutanın ucuzlaşması fonunda bu addımların atılması təbii ki, ölkədə çox ciddi fəsadlara gətirib çıxara bilər. Dərman sahəsi strateji sahədir. Əgər doğrudan da sərt şəkildə qiymətlərə nəzarət olunsa, şirkətlərə ölkəyə dərman gətirib satmaq sərf etməyəcək. Bu da dərman qıtlığına səbəb ola bilər. Yaxud da keyfiyyətli dərmanlar Hindistandan daha ucuz qiymətə gətirilib yüksək qiymətə satılacaq. Bu cür dərmanlar isə insanların sağlamlığına mənfi təsir göstərə biləcək şəraitdə istehsal olunur. Bu sahədə hökumətin qiymətləri nəzarətdə saxlamaq istəyi əks effekt doğura bilər. Belə ki, həm dərman qıtlığına, həm də keyfiyyətsiz dərmanların bazara daha çox daxil olmasına səbəb ola bilər. Nəticə etibarilə burda zərər vətəndaşlara dəyəcək. Çünki Hindistan kimi ölkələrdən gətirilən dərmanların keyfiyyəti və xəstəliyin sağalmasına təsiri kifayət qədər aşağı səviyyədədir”.

“Tarif Şurası qiymətlərə yenidən baxacaq”

İqtisadçının qənaətincə, Tarif Şurası vahid qiymət tərtibi ilə bağlı dərmanların qiymətinə yenidən baxmağa məcbur olacaq: “Təəssüf ki, Azərbaycanda çox pis praktika mövcuddur. Hökumət düşünmədən addımlar atır, sonradan öz səhvlərini verdiyi qərarların ləğv edilməsilə düzəltməyə çalışır. Bu da kifayət qədər düşünülmüş qərarların verilmədiyinə dəlalət edir. Hesab edirəm ki, bir müddət sonra Tarif Şurası verdiyi qərarı dəyişəcək. Əslində bu məsələyə müdaxilə olunması Tarif Şurasının səlahiyyətinə daxil deyil.

Çünki Tarif Şurasının əsasnaməsində təbii inhisarçıların qiymətlərin nəzarətdə saxlamaq funksiyası var. Dərman sahəsi inhisar deyil, heç təbii inhisar da deyil. Demək olar ki, bu sahədə inhisar yoxdur. Bir neçə şirkət işləyir. Çox güman ki, bir müddət sonra bu qərara yenidən baxılacaq və dəyişdiriləcək”.

Yeganə Oqtayqızı

 





Həftənin ən çox oxunanları