Yuxarı

Rus nazirin Azərbaycandakı təhsil “inqilabı”

Rus nazirin Azərbaycandakı təhsil “inqilabı”

 

Oxumaq sevgisi, yoxsa kölə düşüncəsi?

Nadir İsrafilov: “Bəziləri düşünür ki, rus dili sovet imperiyasının qalığıdır”

Kamran Əsədov: “Qəbul imtahanlarında iştirak edənlər arasında rus bölməsinin məzunlarının nəticələri

sürətlə aşağı düşür”

Rusiyanın məqsədi Azərbaycanda rus dilini tədricən ikinci dövlət dili statusuna qaldırmaqdır. Sovetlər dönəmində olan bu ənənəni prezident Putin davam etdirmək istəyir. Hazırda Qazaxıstan, Qırğızıstan və Belarusda rus dili ikinci dövlət dili kimi işlənir. Ukraynada isə rus dilindən istifadə tamamilə məhdudlaşdırılıb. Maraqlıdır ki, Rusiyanın forpostu hesab olunan Ermənistan isə rus dilindən imtina etməklə faktiki olaraq Rusiyaya öz müqavimətini açıq şəkildə nümayiş etdirir. Bu günlərdə həmin ölkə rəsmilərinin məsələ ilə bağlı da sərt bəyanatları oldu. Belə ki, təhsil naziri Levon Mkrtıçyan rus dilinə Ermənistanda dövlət dili statusu veriləcəyinə dair qanunun hazırlanması barədə xəbəri təkzib edib.

O bildirib ki, rus dilinin Ermənistanda dövlət dili olması məsələsi müzakirə olunmur. Azərbaycanda isə tamamilə əks proseslər getməkdədir. Aydın məsələdir ki, Azərbaycanda bir çox dövlət müəssisələrində vakansiyalara qəbul zamanı əsas tələblərdən biri kimi rus dilinin bilinməsi vacib şərtlər kimi qoyulur. Ona görə də yeni nəsil gələcəkdə işsiz qalmamaq üçün rus dilində təhsil almaq məcburiyyətindədir. Qeyd edək ki, ölkənin ümumtədris məktəblərində 90 min şagird rus dilində təhsil alır. Son illərdə Bakıda hökumətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin - Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb universitetinin filialları açılıb.

Bu günlərdə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanın Bakıdakı ümumtəhsil məktəblərinin direktorları ilə görüşməsi məhz öz dillərinin Azərbaycanda daha da genişləndirilməsi və ən nəhayət ikinci dövlət dili statusu qazanması cəhdindən xəbər verir. Azərbaycanla Rusiya arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi kimi dəyərləndirilən görüşün mahiyyəti əslində rus dilinin tədrisi ilə yaxından tanış olmaq və bu məsələdə Rusiyanın maraq və istəklərini təbliğ etdirməkdir. Ekspertlər hesab edir ki, özünə və dilinə hörmət edən heç bir ölkə başqa dilin ikinci dövlət dili kimi istifadə olunmasına imkan verməz. Amma Azərbaycanda bu məsələ ilə bağlı görüntü tamamilə başqadır. Sanki ölkənin yeganə dili rus dilidir və bu dildə təhsil, iş və karyera bütün beynəlxalq çıxışa çıxmaq üçün əsas prioritet sayılır. Məhz bu əsaslar gətirilərək məcburi rus dilinə maraq və tələb aşılanır.

“Bunda siyasi çalar axtarmaq lazım deyil”

Təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiyanın təhsil və elm nazirinin Azərbaycanın ümumtəhsil məktəblərində olması və direktorlarla görüşməsində heç bir qəbahət yoxdur: “Fikrimcə, bu sadəcə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi rolu oynayır. Bu məsələdə siyasi çalarlar axtarmaq lazım deyil. Bəziləri düşünür ki, rus dili sovet imperiyasının qalığıdır. Amma rus dilində təhsil lazımdır”.

“Azərbaycan dilində də təhsili keyfiyyətli etmək olar”

Siyasi şərhçi Elçin Mirzəbəyli də qeyd olunan məsələ ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. O, deyib ki, rus dilinin genişləndirilməsinə səbəb kimi bu dildə təhsilin keyfiyyətli olması söylənilir. Amma Azərbaycan dilində də təhsilin keyfiyyətini yüksəltmək mümkündür: “Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Niyə? Hansı səbəblərdən? Bunu necə əsaslandırmaq olar? Dövlət dilimiz Azərbaycan dilidir. Bu, Konstitusiyanın tələbidir və istər təhsil, istərsə də digər istiqamətlərdə həyata keçirilən siyasət ana qanunumuzun tələbinə uyğunlaşdırılmalıdır. Bilirəm, indi bəziləri deyəcək ki, “rus dilində təhsil daha keyfiyyətlidir...” O üzdən cavabını gecikdirməyim: Lütfən, buyurun, Azərbaycan dilində təhsili daha keyfiyyətli edin. Buna kim mane olur? Başqaları da Azərbaycanda rus dilində təhsilin yayğın olmasını Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirəcək, bunun Rusiyanın ictimai rəyinə təsir göstərmək üçün vacib olduğunu deyəcəklər. Yəni rus dilinə olan münasibət Rusiyanın ictimai rəyinə təsir göstərəcək, “ictimai rəy” isə öz növbəsində Rusiyanın dövlət siyasətinə... Və dövlət siyasətini yürüdənlər günün birində Ermənistanı himayə etməkdən əl çəkəcəklər... Əvvəla, onu qeyd edim ki, Rusiyada ictimai rəy deyilən bir anlayış yoxdur, olsa da dövlət siyasətinə təsir etmək gücündə deyil. Yəni, əgər biz proseslərin arzularımızın ssenarisi üzrə inkişafını istəyiriksə, o zaman ilk növbədə Rusiyanın ictimai rəyini formalaşdırmalıyıq və oturub gözləməliyik ki, bu “ictimai rəy” nə zaman dövlət siyasətinə təsir etmək gücünə sahiblənəcək...

“Ermənistanda cəmi 6 rus məktəbi var”

Elçin Mirzəbəylinin fikrincə, Rusiyada dövlət maraqları hər zaman bütün digər amillərdən öndə dayanıb və bu reallıq rus insanının genetik yaddaşında oturuşduğu üçün heç zaman dəyişməyəcək: “Ona qalarsa, rəsmi statistikaya görə Ermənistanda cəmi 6 rus məktəbi fəaliyyət göstərir və bu məktəblərdə təhsil alan şagirdlərin sayı heç 2 min nəfərə çatmır. Vladimir Jirinovski isə hələ 2015-ci ildə verdiyi açıqlamalardan birində deyir ki, ermənilər yalan danışırlar, Ermənistanda ümumiyyətlə, rus məktəbi yoxdur. Amma gördüyümüz kimi, Ermənistanda rus dilinə olan münasibət Rusiyanın Ermənistana olan münasibətinə təsir göstərməyib. Başqalarını bilmirəm, amma mən Azərbaycanda rus dilində təhsil almaq istəyənlərin sayı ən azı 90 nəfərə çatanda daha çox sevinəcəyəm.Bununla yanaşı, rus dilinin və digər xarici dillərin yüksək səviyyədə tədris olunmasının, Azərbaycan gənclərinin bir neçə xarici dil bilməsinin tərəfdarı olduğumu xüsusi vurğulamaq istəyirəm. Mənə elə gəlir ki, rus dilində təhsil alanların statistikasını diqqətdə saxlamaqdansa, xarici dillərin tədrisi üçün xüsusi proqramların hazırlanmasına, xarici dil öyrənilməsinin hər kəs üçün əlçatan olmasına çalışmalıyıq. Şübhəsiz ki, bütün bunlar mənim subyektiv mülahizələrimdir. Bu sahədə mütəxəssis deyiləm. Amma bir vətəndaş kimi mövqeyimi ifadə etməyi lazım bildim”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, son illər ərzində Təhsil Nazirliyi səviyyəsində bir sıra beynəlxalq təhsildə inkişaf etmiş ölkələrin nazir və nümayəndələrinin qəbulu çoxluq təşkil edir: “Əlbəttə ki, bu, təzə müstəqillik əldə etmiş ölkəmizdə təhsilin inkişafı üçün çox vacibdir. Amma mən ilk dəfə olaraq, hansısa ölkənin nazirinin qəbulu zamanı masa arxasında təhsilin idarəedilməsində aşağı səviyyədə təmsil olunan qulluqçuların iştirakını gördüm. Bu tipli görüşləri daha çox qonağın şərəfinə rəsmi ziyafət və ya hansısa yeni bir layihənin icrasının təqdimedilmə mərasimində görmək olar. Hələ də Təhsil Nazirliyi görüşün detalları barədə məlumat verməyib. Yalnız rəsmi qəbul ilə bağlı xəbərlər var. Bu da ortaya müəyyən suallar çıxarır. Əlbəttə ki, bunlardan biri də Azərbaycan təhsil sistemində rus dilinin tədrisi, rus bölmələrinin ləğvi kimi ortaya çıxa biləcək problemlərin aradan qaldırılması istiqamətində ola bilər. Hətta, mən rəsmi qəbula dəvət olunmuş direktorları araşdırdım, onların əksəriyyətinin idarə etdiyi məktəbdə rus bölməsi var və idarə etdikləri məktəblər heç də kiçik məktəblər deyil və onların məktəbində şagird sayı Bakı şəhərində ən çox olanlardandır. Ola bilsin ki, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva birbaşa qəbulda olan direktorlardan rəhbərlik etdikləri müəssisələrdə rus dilinə önəm vermələrini, xüsusi diqqət ayırmalarını xahiş edib”.

Ekspert əlavə edib ki, son illər Azərbaycanda istər orta məktəblərdə, istərsə ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlər arasında rus bölməsinin məzunlarının sayı və nəticələri sürətlə aşağı düşür.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları