Yuxarı

Qaza zəhərli maddə qatırlar

Qaza zəhərli  maddə qatırlar

 

Nüsrət Qasımov: “Qışda bu maddədən 16 milliqram, yayda isə 8 qram qatırlar”

Azərbaycanda əhaliyə satılan qazın keyfiyyəti ilə bağlı məsələ gündəmə gəlib. Əhali arasında mavi qazın normal keyfiyyətdə, bir sözlə, zəhərli olması haqda ajioitaj yaranıb. Bildirilir ki, son günlər istehlakçılara satılan qazın rəngində və qoxusunda dəyişikliklər müşahidə olunur. Belə ki, qaz yandırılan zaman otaqda ətrafa dəm qazı qoxusu yayılır ki, bu da boğazda qıcıqlanma və boğulma əlamətlərini yaradır. Bəzən isə qazın müxtəlif rənglərlə alışdığı müşahidə olunur ki, bu da qazın normal keyfiyyətdə olmamasından xəbər verir. Təbii ki, qazın keyfiyyətinin əvvəlki vəziyyətdə olmaması və vaxtı-vaxtında yoxlanılmaması insanlar arasında narahatlığa səbəb olub.

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi mütəmadi olaraq təbii qazın keyfiyyətinə yüksək səviyyədə nəzarət etdiyini və bu məqsədlə ən yeni texniki üsullar və texnologiyalardan yararlandığını bildirir. Qeyd edək ki, əhaliyə satılan təbii qazın tərkibinin fiziki-kimyəvi göstəriciləri ARDNŞ-nin Qaz Emalı Zavodundan qəbul edilərək yoxlanılır. İstehlakçılara satılan təbii qazın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasında qüvvədə olan 5542-87 saylı dövlətlərarası standartın tələblərinə uyğundur.

Bir neçə ay əvvəl Azərbaycanda təbii qazın keyfiyyətinin yoxlanılması ilə bağlı Energetika Nazirliyinin Dövlət  Qaz Nəzarəti İdarəsinin nəzdində laboratoriyanın fəaliyyət göstərəcəyi bildirilmişdi. İdarənin baş məsləhətçisi, hüquqşünas Samid Əliyevin sözlərinə görə, artıq laboratoriya qurulub və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən akkreditasiyadan keçir. Laboratoriyanın 2-3 aya tam fəaliyyətə başlayacağı qeyd edilsə də, nəticə barədə məlumat açıqlanmır. Nəzərdə tutulub ki, istehlakçıdan qazın keyfiyyəti və tərkibi ilə əlaqədar olaraq hər hansı şikayət daxil olarsa, Dövlət Xidmətinin əməkdaşları yerində qazın analizini götürəcək, ardından laboratoriyada yoxlayıb, onun standarta uyğun olub-olmadığını təyin edəcək. Əslində qazın keyfiyyəti ayda 3 dəfə yoxlanılmalıdır. Amma bu edilmir.

“40 ildir tüstü bacaları təmizlənmir”

Qaz problemləri üzrə ekspert Nüsrət Qasımov “Cümhuriyət” qəzetinə bildirib ki, qazın tərkibi karbon və hidrogendən ibarətdir: “Azərbaycan qazının zəhərli olması barədə deyilənlər heç bir əsasa söykənmir. Belə olarsa Avropa, Türkiyə, Gürcüstan Azərbaycandan qaz almazdı.

Bu cür ağıllı ölkələr zəhərli qazı neynir? Dünyada ən keyfiyyətli qaz Azərbaycanın qazı sayılır. Onun 94-96 faizi metandır.

Azərbaycanda 10 milyon adam qazdan istifadə edir. Əgər qaz zəhərlidirsə, kütləvi halda ölüm baş verərdi. Qazdan hər hansı qoxunun gəlməsi isə təbii haldır. Qaz yerdən çıxır, ondan iy gələ bilməz. İnsanlar, istehlakçılar və ondan istifadə edənlər qazın iyini hiss etmək üçün ona lax yumurta iyi verən bir maddə qatırlar. Qışda  1000 kubmetr qaza bu maddədən 16 milliqram, yayda isə 8 milli qram qatırlar. Bu da ondan ötrüdür ki, insanlar qazın iyini hiss eləsinlər. Düzdür, o zəhərli maddədir, amma onun qatqısı o dərəcədə deyil ki, insanları zəhərləyə bilsin.  Bu həddi aşanda boruların qaz buraxan yerindən qazla bərabər adorant da çıxır ki, bu da insanlarda zəhərlənmə yaradır. Onu qatmasalar insanlar, qazın iyini hiss etməzlər. Bu da standarta və təbii qazdan istifadəyə  uyğundur. Dünyada da belədir”.

Ekspert deyib ki, dəm qazının ayrılması isə köhnə cihazlardan ibarətdir ki, bir kubmetr qazın təmiz yanması üçün 9,5 kubmetr hava lazımdır: “Hava artıq və ya əskik olanda 4 oksid karbon 2 oksidə ayrılır. O da zəhərlidir. 0,5 faiz karbon yığılarsa, artıq zəhərlənmə üçün hazırdır. Bu yarım saat ərzində insanların orqanizmində qalır və zəhərlənib ölür. Qaz yanan otaqda yatmaq olmaz. Qaz yanan çihazların tüstü bacası olmalıdır və çölə ötürülməlidir. Bizim bəlamız odur ki, hazırda evlərdə qazın keyfiyyəti və tüstü bacaları yoxlanılmır. Sovet dönəmində ayda bir dəfə olmaq şərtilə qaz idarələrindən istehlakçıların mənzillərinə yoxlamaya gedilirdi. Azərbaycanda evlərdə 30-40 ildir ki, tüstü bacaları təmizlənmir.

Bu məsələdə maariflənmə məsələsi də zəif gedir. Əslində isə bu çox incə məsələdir. İnsanların ölümü çox ucuzlaşıb. Buna da məsul olan insanlar var ki, işlərinin öhdəsindən gələ bilmirlər. İnsanlar özləri də öz həyatlarına qarşı biganədirlər. Qaz yanan otaqda dəm qazı hasil olursa, o sarımsaq iyinə oxşar qoxu verir və gözü acışdırır. Deməli, insan bilməlidir ki, burada dəm qazı var”.

“Məşəlin hündürlüyü 8 sm-dən artıqdırsa...”

Nüsrət Qasımov əlavə edib ki, qaz düzgün yanırsa, onun rəngi mavi olmalıdır: “Qazda hava çatmırsa, sarı rənglə məşəl yuxarı qalxır, hava artıqdırsa, pırıltı ilə yanır. Məşəlin hündürlüyü 8 santimetr olmalıdır. Əgər ondan artıqdırsa, deməli, qazın yanma prosesi düzgün getmir, cihazda nasazlıq var. Qida bişirilən zaman daşdıqda qazın çıxan yerinə axırsa, oranı çirkləndirir, yanma prosesi tamam pozulur. Ona görə də cihazlarda da ayda 1 dəfə profilaktik yoxlama keçirilməlidir. Ev süpürülən zaman toz qazın üzərinə getdikdə, o bir neçə rəngdə yanmağa başlayır. Amma proses düzgün gedəndə qaz mavi işıqla yanmalıdır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları