Yuxarı

Hökumətə qarşı sabotaj

Hökumətə  qarşı sabotaj

 

Oliqarxların savaşı ölkəni hara aparır?

Total iqtisadi böhran Azərbaycanı sosial partlayışa aparır. Dövlətin valyuta ehtiyatları sürətlə əriyir, vətəndaşlar iş yerlərini itirirlər, enerji və ərzaq məhsullarının qiymətləri artır. Xüsusilə, noyabrın 28-də əhaliyə satılan təbii qazın qiymətinin 50% qaldırılması böhranı bir az da dərinə çəkəcək və kəskin bahalaşmaya səbəb olacaq.

Böhrandan istifadə edən oliqarxlar da hərəkətə keçiblər. Bir sıra ərzaq məhsulları, o cümlədən, tütün məmulatlarının qiymətinini artıran oliqarx məmurlar əhalinin sosial vəziyyətini bir qədər də pisləşdiriblər. Gələn məlumatlara görə, monopolistlər ölkəyə xaricdən gətirilən məhsulların - un və un məmulatlarının, yağ, o cümlədən, ətin qiymətini növbəti dəfə artırmağa hazırlaşırlar. Ekspertlər yaranmış situasiyanın oliqarxların işinə yaradığını və ciddi səbəb olmadan qiymətləri artırdıqlarını deyirlər.

Oliqarxların təxribat planı

Oliqarxların süni qiymət artımının dövlətə qarşı təxribat olduğu istisna olunmur. Belə ki, bir sıra oliqarxlar “vurulacaqları” barədə əvvəldən “kəşfiyyat” məlumatları əldə ediblər, buna görə də, ali səviyyədə hakimiyyəti inandırıblar ki, qiymətlər artırılmalıdır. Bu vəziyyət də xalqla prezidenti üz-üzə qoymağa xidmət edir. Hələ vaxtilə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub, başçısı Eldar Mahmudov istefaya göndəriləndə ölkənin internet sisteminə nəzarəti həyata keçirən DELTA Telekomda partlayış baş verdi və internet çökdü. Bu o vaxta təsadüf edirdi ki, heç ictimai müzakirədə belə MTN-nin ləğv məsələsi yox idi. Əlbəttə, Eldar Mahmudov istefaya göndərildikdən sonra məlum oldu ki, partlayışın səbəbi və səbəbkarı daha böyükdür. Bu, Mahmudov tərəfindən mesaj idi ki, həbs olunacağı halda daha böyük təxribata əl ata bilər. Təbii ki, fəaliyyətdə olduğu 10 il ərzində bu yöndə əldə etdiyi imkanlar və topladığı məlumatlar onun potensial təhlükə qarşısında “döyüş qalxanı”dır.

İndi Mahmudovun ssenarisini hakimiyyətdə təmsil olunan və istefaya göndəriləcək oliqarxlar təkrar edirlər. Əsas məqsəd də ölkədə çaşqınlıq yaratmaq, böhranı siyasi müstəviyə çıxarmaqdır. Əgər böhran siyasi mərhələyə qədəm qoysa, düşünülə bilər ki, bu oliqarxların işinə yarayacaq. Vəziyyətdən istifadə edərək ya prezidentə əvvəldən hazırladıqları böhranın yatırılmasının reseptini verə, ya da ölkədən qaçmağın yollarını axtara bilərlər.

Samir Şərifovun açıqlamasının pərdəarxası

Maliyyə naziri Samir Şərifov qazın qiymətinin artmasıyla bağlı son açıqlamasında da bu məsələni dolayısı ilə dilə gətirdi. Samir Şərifov qeyd etdi ki, qazın qiymətinin artırılması göstərişini Tarif Şurasına Maliyyə Nazirliyi verməyib. Buna görə də nazir SOCAR rəhbəri Rövnəq Abdullayevi qiymətlərin artırılmasına aydınlıq gətirməyə çağırdı. Samir Şərifov bununla əsas diqqəti və ictimai qınağı həm öz, həm də hökumətin üzərindən yayındırdı. Nazirin açıqlamasından çıxan məntiq budur ki, bahalaşma, ölkəni maliyyə və iqtisadi böhrana itələyən məsul orqanlar və bunların başçılarıdır. Hansı ki, SOCAR rəhbərliyi Maliyyə Nazirliyi ilə məsləhətləşmədən, heç bir təklif irəli sürmədən gözənilməz qiymət artımına getdi. Həmin tendensiyanı bir neçə gün əvvəl ətin qiymətinin 5% qalxmasında da gördük. Eyni zamanda ciddi səbəb gətirilmədən un və çörəyin, digər strateji ərzaq məhsullarının da qiymətləri qaldırıldı. Bu nöqteyi-nəzərdən mütəxəssislərə görə, ortada xalqla hakimiyyət münasibətlərini uçuruma aparan oliqarxik təxribatın olduğu şəksizdir.

Həbsxanadan “qaçış”

Gələn məlumatlara görə, məsələnin başqa tərəfi - Eldar Mahmudov, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla bağlıdır. İddiaya görə, istintaq araşdırması hər iki şəxsin həbs olunmaq ehtimalını gündəmə gətirib. Qeyd edilir ki, müttəfiq olan Mahmudov və Abbasov da həbs olunacaqları barədə xəbər alıblar. Buna görə də hakimiyyətdə təmsil olunan bir sıra oliqarx müttəfiqləriylə özlərini həbs təhlükəsindən sığortalamaq üçün bu planı həyata keçirirlər. Digər yandan süni bahalaşmayla ölkədə xaos yaratmaq istəyən həmin oliqarxların özləri də həbs oluna bilərlər, o halda ki, Əli Abbasov və Eldar Mahmudov saxlanılacaqlar. Keçmiş nazirlər həbs olunacaqları halda hakimiyyətdəki dəstəkçilərinin də həbs ediləcəkləri şəksizdir. Bu baxımdan aranı qarışdırmaqla həm özlərini sığortalayırlar, həm gəlirlərini artırırlar, həm də vəziyyətdən çıxış yolu üçün vaxt qazanırlar.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları