Yuxarı

Hərraclara oliqarx nəzarəti

Hərraclara oliqarx nəzarəti

2017-ci ilin büdcə layihəsində yaranan kəsirlər ölkənin maliyyə durumunun heç də ürəkaçan olmadığından xəbər verir. Hökumət bundan çıxış yolu kimi bir çox dövllət müəssisələrinin özəlləşdirməyə çıxarmağı planlaşdırır. Hökumət bunu maliyyə yükündən azad olmaq üçün atır. Ancaq ölkədə hərracların keçirilmə qaydaları fərqlidir. Belə ki, bu günə qədər özəlləşdirilməyə çıxarılan dövlət əmlakları yalnız həmin satışlara nəzarət edən qurumların əliylə satılıb. Yəni satış hərrac qaydaları ilə yox, razılaşma yolu ilə aparılır. 

Ümumiyyətlə,  qaydalara uyğun olaraq, hərrac haqqında məlumatlar 3 iş günündən öncə ictimaiyyətə çatdırılmalıdır. Maraqlı olan hər kəs də hərraca qatılıb iştirakçı ola bilər. Amma Azərbaycanda fərqlidir. Yuxarıda adam olmasa, nəinki hərracdan nəsə almaq, heç hərrac keçirilən yerə də buraxılmır. Dövlət əmlaklarının özəlləşdirilməsində iştirak edənlər monopolist məmurlardır. Özləri birbaşa hərraclara qatılmasa da alınacaq “obyektləri” əvvəlcədən alırlar. Onları isə formal olaraq yaxın adamları təmsil edir. Məsələn, ötən aylarda dövlət əmlakı kimi hərraca 2 helikopter çıxardılar. Təbii ki, hər kəsə məlumdur ki, hərrac rəqabətsiz keçdi və nəticədə AZAL hər 2 helikopteri avtomobil qiymətinə (134 min dollara) özəlləşdirdi. Bu kimi hərraclara alternativ şəxslər, şirkətlər buraxılmır. Həmin vertolyotların hərracda ilkin qiymətinə satılması da bunun sübutudur. Bu günə qədər minlərlə dövlət əmlakı özəlləşdirməyə çıxarılıb və keçirilən hərracların hər biri də eyni qaydada təşkil olunur. Hər bir oliqarxın öz monopoliyasında olan ayrıca sahələr var.

Məsələn, səhiyyə sahəsini əlində saxlayan monopolistlər bu sahəyə digər şəxslərin girməsinə icazə vermir. Son məlumatlara görə, dövlət xəstəxanaları da özəlləşdirməyə çıxarılacaq və təbii ki, hərrac vasitəsilə satış həyata keçiriləcək. Ancaq bu hərraclarda kimlər iştirak edəcək? Təbii ki, bu sahənin monopoliyasına nəzarət edən şəxslər özlərinə yaxın olan şəxslərin hərraclarda iştirakını təmin edəcək. Bununla da dövlət xəstəxanaları özəlləşdiriləcək və səhiyyə sektorunda alternativsiz rəqabət mühiti yaranacaq. Bu isə sonda qiymət artımı ilə nəticələnəcək.

Bu gün özəlləşdirmə sahəsində ən böyük rəqabət bank sektorundadır. Çünki ikinci devalvasiyadan sonra 12 bankın lisenziyası ləğv olundu və bank monopolistləri bağlanan bankların aktivlərini almaq üçün qızğın mübarizə aparırlar. Mübarizənin kəskin şəkil alması isə gözlənilən idi. Azərbaycanda fəaliyyət göstərən bankların sayı kifayət qədərdir və hər birinə ayrı-ayrı oliqarxlar “krışalıq” edir. Ona görə də bu sahədə oyunçuların sayı çoxdur. Qeyd edək ki, bankların bağlanmasından uzun zaman keçsə də hələ də heç bir bankın aktivləri satışa çıxarılmayıb. Bu da keçirilən hərraclarda qaranlıq məqamların olduğunu bir daha sübut edir. Büdcədə yaranan kəsirləri aradan qaldırmaq üçün hökumətin seçdiyi özəlləşdirmə yolu qeyd etdiyimiz kimi, qanunsuz keçirildiyindən büdcənin bərpa olunmasını da mümkünsüz edir. Rəqabətin olmadığı üçün satışa çıxarılan əmlaklar bazar dəyərindən də aşağı qiymətə satılır. Bu da büdcəyə yüksək məbləğdə valyutanın daxil olmasına imkan vermir. Hökumət özəlləşdirməyə çıxardığı dövlət əmlaklarının satışına da ciddi nəzarət etməlidir. Hərracların keçirilməsində olan qanunsuzluqlar aradan qaldırılmalıdır və müəyyən investisiyaya sahib insanların hərracda iştirakını təmin etməlidir.

QEYD: 2014-cü ildə dövlət əmlaklarının özəlləşdirilməsi üçün hərrac keçirilirdi. “VAZ 2107” markalı avtomobilin hərracda ilkin satış qiyməti 800 manat təyin edilmişdi. Mən də hərracda iştirak etmək üçün müraciət etdim, amma nəinki məni avtomobili almağa, heç hərraca belə buraxmadılar.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları