Yuxarı

“Gəlin bir evdə iki itkidən havalanmışdı”

“Gəlin bir evdə iki itkidən havalanmışdı”

İtkin neftçinin xanımı: “Evdə tək olanda səsini eşidirdim, “Vüsalə” deyə məni çağırırdı”

“Adına hər dəfə ehsan süfrəsi verəndə yuxuma girir. “Pulları dağıtma, niyə ehsan verirsən? Mən ölməmişəm, sağam, onsuz da gələcəyəm” deyir. Niyə yas qurmusuz, niyə ağlayırsız, ölməmişəm, yerim yaxşıdır. Sadəcə kürəyim yaşdır... “Bu sözləri bir ildir gözü yolda olan itkin neftçinin həyat yoldaşı Vüsalə Rəsulova deyir. Hadisədən 1 il keçməsinə baxmayaraq qapını hüzn dolu ifadəsi ilə üzümüzə açan Vüsalə Rəsulova sanki həyat yoldaşının qara xəbərini yenicə almış təsiri bağışladı. Təsəlli olduğumuzu söyləyir və tək qadın olmağın çətinliklərindən danışır. Rəsulovlar ailəsi hələ də intizarda, səs-soraqda qalıb. “Elşadın ölümünə inana bilmirəm, hələ də ümidliyəm. Bir gün qapını açıb içəri girəcək deyə səhərə qədər yata bilmirəm” - deyir və ağlayır...

Bir insanın yoxluğuna alışmağın bu qədər dözülməz olduğunu bilməzdim. Birtəhər keçinirik, amma onsuz yaşamaq çətindir... Elşadın öz tərzinə görə döydüyü qapı səslərinə həsrət qalmışam, barmaqlarının şıqqıltısı üçün darıxmışam...Hər ayın 7-si Elşad dənizdən evə gəlirdi. O vaxt gördüyüm tədarükü indi də davam etdirirəm. Hər gəlişində bir neçə yemək hazırlayıb onu xüsusi qarşılayırdıq. İndi də hər ayın 7-si gözüm qapıda qalıb, gözləyirəm...”

Dəniz onlarla sərt oynadı...

Ötən il dekabrın 4-də saat 17:40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə dəhşətli qəza yaratdı.

Sanki bir an içində yataqda yer oynadı. Dağıdıcı dalğalar 110 atmosfer təzyiqilə işləyən sualtı qaz xəttinin dayaq borusunu qıraraq nəticədə boru kəmərini zədələdi və bununla da şiddətli yanğın baş verdi. Həyatın acı mənzərəsinə tuş gələn neftçilər bir-bir dənizə töküldü. Kimisi xilas oldu, kim isə ağır yanğına tuş gəldi, bəziləri isə ümumiyyətlə, bu günə qədər izsiz-tozsuz qaldılar. Onların sorağı il çəkdi.

Amma gördüm, eşitdim deyən olmadı... Dəniz onlarla çox sərt oynadı. Bir ildir ki, ailələri, dostları və qohumları sorağı olmayanlardan uzaq qalıb. Məzar daşı yol gözləyir, diqqətli insanlar həyan olur, təsəlli verir. Amma səslərinə səs verən yoxdur.

Qeyd edək ki, “Günəşli” yatağında qəzaya uğramış neftçilərin xatirəsinə abidə ucaldılıb.

Vüsalə xanım bundan da şikayətləndi: “Bu abidənin paytaxtın mərkəzində, istənilən yerdə, heç olmasa Dövlət Neft Şirkəti binasının önündə ucaltmaq olardı. İstədiyimiz vaxt dənizin ortasına necə gedək? 

Təsəlli yerimiz bir bu abidə olacaq... Düzdür, deyirlər ki, nə vaxt istəsəz vertolyotla apararıq. Amma ağlım kəsmir... Bu gün abidənin açılışı olacaq. Ailələr vertolyotla ora aparılacaq”.

“Əzrayıl da məni dənizdə tutacaq”

Neft mədənlərində 25 ildir çalışan Elşad Rəsulovun qara xəbəri gələndə oğlu Baloğlan Rəsulovun doğum günü idi: “Evdən son gedişi noyabrın 22-si oldu. O günü qonşuluqda olan yas mərasimdə iştirak etmişdi. Həddən artıq zarafatcıl olduğundan getdiyi yas mərasimini də zarafatyana təsvir etdi. Deyir molla bir lətifə danışırdı ki, əzrayil kiminsə canını almaq üçün xeyli çalışıb. Sonda canını almaq istədiyi adamı dənizdə yaxalayıb. Qayıtdı ki, əzrayıl elə məni də dənizdə tutacaq. Siz inanmayın, amma belə olacaq. Elə bil ürəyinə  dammışdı. Deyirdi bir vaxt görəcəksiz ki, bir anın içində vulkan püskürəcək və yox olacağam. Son günlər həm mənlə, həm də dostları ilə belə sözlər danışırdı. Hər kəlməsinin başı zarafat olduğu üçün ciddi qəbul etmirdik. Hadisə olmamışdan əvvəl telefonla danışdıq.

Avtobusda olduğum üçün danışığı bitirmək istəyirdim. Danışığı kəsməməyim üçün israr edirdi. Sən demə, özü də bilirdi ki, son danışığıdı... Vəziyyətin gərginləşdiyini görəndə də uşaqlara zəng edib və xeyli danışıb. Xəbər alanda ki, belə bir qəza olub dünya başıma uçdu. Amma düşündüm ki, ona heç nə olmaz, özünü qoruyacaq. Qəzada sağ qalanlar deyir ki, bir saniyənin içində hamısı suyun üzündəydilər.

Saat 18-00-da hadisə baş verib və 5 saat onlar suyun üzündə qalıblar. Sonra dalğa bir anın içində onları yox eləyib. Deyir hərəsi bir yerdən tutub gözləyirdilər ki, onları xilas edəcəklər. Hətta Elşad dəmirdən bərk-bərk tutaraq kömək istəyib. Dalğa necə güclü olubsa, hamısını oradan aparıb. Xəbər yayılan kimi qohumlar evimə töküldü. Hamı yığılıb hadisə yerinə getdi, məni aparmadılar. Oğlumla gizlin getdik. Neftçilər Xəstəxanasına daxil olmağa qoymurdular. Amma birtəhər girdik və palataları tək-tək gəzdik. Kim adamını tapırdısa sevinirdi. Mən isə tapa bilmədim...”.

Havalanmamışam,səsini eşidirəm...

Neftçilərin axtarışları yaxınlarını qane etməyib. “Normal axtarış getsəydi, tapılardı” - deyir Vüsalə xanım: “Deyirdilər axtarışlar gedir. Amma biz orada iştirak etməmişik. Qadın olaraq Elşadı axtarmaq üçün hara üz tutacağımı da bilmirdim. Hamımız narazıyıq. Elşadın ən yaxın dostu Fuad tapıldı. Amma ondan bir neçə ay sonra da qızı sətəlcəmdən dünyasını dəyişdi. 

Gəlin bir evdə iki itkidən havalanmışdı. Mən Elşadın yoxluğuna dözə bilmirəm, o qadın neyləsin? Faciənin beləsi olmamışdı. Elşada kəfən də qismət olmadı. Hadisə yeni baş verəndə havalı kimi olmuşdum. Bəlkə də mənə heç kim inanmaz. Amma inanın ki, evdə tək olarkən onun səsini eşidirdim. “Vüsalə”, “Vüsalə” deyə məni çağırırdı. Kimə deyirdimsə, ciddi qəbul etmirdi. Elə bilirdilər ki, havalanmışam. İndi də eləyəm, gecələr yata bilmirəm. Yuxularıma gəlir və hər dəfə də sağ olduğunu deyir. Hər dəfə vaxtı uzadaraq gələcəyini bildirir. Yuxularımla, xəyallarımla yaşayıram. Ölümünü yaxınıma buraxmıram. Halbuki artıq ilidir... ”.

Qeyd edək ki, qəzada dünyasını dəyişən neftçi ailələrinə ilkin olaraq ayrı-ayrılıqda kompensasiya ödənildi. İtkin düşən neftşilərin ailələrinə isə qəzadan 6 ay sonra cəsədi tapılmayanlara ölüm adı verilərək sığortalar ödənilib. Dövlət tərəfindən müəyyən qədər maddi dəstək aldığını deyən Vüsalə Rəsulova aldığı müavinətlərlə banklara olduğu borcları bağlayıb: “İlkin kompensasiyada 22 min, sığorta haqqı isə 32 min manat verildi. Belə də əlavə köməkliklər də edilib. İl üçün də pul verilib, sadəcə yas məclisini özüm təşkil edəcəm”. 

44 yaşı keçməyən nəsil...

Rəsulovlar ailəsinin iki övladı var. Amma Elşad Rəsulovun bacısı və onun həyat yoldaşı dünyalarını dəyişəndən sonra onların övladlarını da Vüsalə xanım himayəsinə alıb: “İki uşaqdan əlavə baldızımın uşaqlarına da baxıram. Yaşamağa evləri olsa da, digər bütün ehtiyaclarında köməklik göstərirəm. Bir neçə gündən sonra baldızımın qızının toyu olacaq. Mənə verilən müavinətlərlə onun cehizini hazırlamışam. Kənardan da kömək edirlər. Amma çalışdığım qədər uşaqları ehtiyac içində qoymuram.

Qardaşımdan başqa həyatda təkəm. Elə Elşad da tək idi. Nədənsə onların ailəsindəkilər hamısı 44 yaşında dünyalarını dəyişiblər. Qəribədir...  Bacısı, qardaşı, indi də özü... 40 yaşım olanda Elşada dedim ki, ad günümü haradasa qeyd edək. Dedi, 40 yaş təhlükəlidi, ehtiyatlı ol. Düz çıxdı, 40 yaşımda bədbəxtçilik baş verdi... Hər şeyi yarım qoyub getdi. Uşaqlarına güldən ağır söz demirdi. Onların gələcəyini qururdu, planlar çəkirdi... Hər bir məsələnin dalınca o qaçırdı.

Əlində atasının şəxsi əşyaları ilə fikrə gedən oğlu Baloğlan Rəsulov atasının isti nəfəsi üçün həsrət qaldığını dilə gətirdi: “Çox darıxmışam. Öldüyünə inanmıram, inanmayacam da. Hər gün gələcəyini gözləyirəm. Atamla dost idik. Heç vaxt xətrimə dəyməyib, məni danlamayıb. Futbol başlayanda otağa heç kimi buraxmırdı, bir yerdə izləyirdik. “Barselona” klubunun futbolçusu Messinin azərkeşi idi. 

Hətta Messinin şəklini özü ilə birgə çay içdiyi fincanın üzərinə həkk etdirmişdi. Anam da zarafatca deyirdi ki, onun şəklinin yerinə Messinin rəsmi vurulub. Atam ad günümü heç vaxt unutmurdu. İşdə olduğu ərəfədə, gecə saat 12-ni keçən kimi zəng edib təbrik edirdi. Bu dəfə olmadı. Təəccüb qaldım, qışqıra-qışqıra anama şikayət elədim ki, atam zəng eləmədi axı...Sonra aləm qarışdı... Onun üçün çox darıxıram... ”

Alçina Amilqızı Rövşən Əsədov





Həftənin ən çox oxunanları