Yuxarı

Hökumət “JEK”ləri özəlləşdirir

Hökumət  “JEK”ləri  özəlləşdirir

 

Akif Nəsirli: “Bu qurum ömrünü başa vurub və ləğv edilməlidir”

Bu günlərdə Milli Məclisdə 2017-ci il büdcəsinin müzakirəsi zamanı Mənzil-Kommunal Sahələrinin özəlləşdirilməsi məsələsi gündəmə gəlib. Maliyyə naziri Samir Şərifovun bildirdiyinə görə,  Mənzilİstismar Sahələrinin tam özəlləşdirilməsi mümkündür. O hesab edir ki, büdcədən Mənzil İstismar Sahələrinə ayrılan xərclər o qədər də yüksək deyil. Büdcədən bu sahəyə ayrılan vəsaitin 40%-i Mənzil İstismar Sahələrində çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur.

Maliyyə nazirinin fikrincə, bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır. Həmin istismar xidmətlərinin göstərilməsi hər hansı bir özəl şirkətlərə verilə bilər. Bəzi ekspertlər Mənzil İstismar  Sahələrinin özəlləşdirilməsi yolunu düzgün hesab etmirlər. Onların qənaətinə görə, Mənzil İstismar Sahələrinə ayrılan pullar, yerli bələdiyyələrə verilsə, onların çox böyük imkanları olar. MİS-nin səlahiyyətləri üzrə fəaliyyət göstərən bələdiyyələr isə insanlarımıza daha yaxşı xidmət göstərərlər. Digər tərəfdən Mənzil İstismar Sahələri faktiki olaraq pul yığımı ilə məşğuldular, nəticədə isə heç bir iş görmürlər.

Ona görə də bu sahə tamamilə ləğv olunmalıdır. İqtisadçı ekspert Samir Əliyevin müşahidələrinə əsasən Mənzil İstismar Sahələri əsasən sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər yığmaq üçündür. Amma ən xırda problemləri belə mənzil mülkiyyətçisinin öz vəsaiti hesabına həllini tapır.

“Pul yığır, ancaq heç bir iş görmürlər”

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsindən Mənzil Kommunal Təsərrüfatına 304 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Hesablama Palatasının məlumatına görə bu, elm xərclərindən 185 milyon manat daha çoxdur. Ekspertlər hesab edirlər ki, Mənzil Kommunal Təsərrüfatına ayrılacaq bu vəsait dövlət büdcəsinin bir anda göyə sovrulması, mənimsənilməsi deməkdir. Hazırkı iqtisadi böhranı nəzərə almaq şərtilə bu cür lazımsız sahəyə və əlavə vəsaitlərə gərək yoxdur.

İqtisadçı-kspert Akif Nəsirli “JEK”lərin özəlləşdirilməsi məsələsi ilə bağlı fikirlərini “Cümhuriyət” qəzetinə bölüşüb. O, deyib ki, “JEK”-lər əslində öz vəzifələrini başa vurmuş bir qurumlardır: “JEK”-lər özəlləşdirilməməli, ləğv edilməlidir. Bu qurumun əvəzinə binaları idarə edən qurumlar, cəmiyyətlər yaranmalıdır. Bir və ya bir neçə binanın idarə edilməsi üçün həmin binanın sakinləri tərəfindən seçki və ya razılaşma yolu ilə idarəedicilər seçilir. Məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçir. Həmin binanın idarə edilməsi tapşırığı qeyd etdiyimiz məhdud məsuliyyətli cəmiyyətin sərəncamına verilir. Müəyyən metodika ilə maliyyəni həmin bina sakinlərindən yığırlar və binanın xərclərini ödəyirlər. Bakı şəhərində bu praktika var. Məsələn, elə binalar var ki, onları bu gün müəyyən cəmiyyətlər idarə edir. “JEK”-lərin səlahiyyətləri həmin ərazidə yaşayan sakinlərin qeydiyatını aparmaq və təmir işlərinə baxmaqdır. Hər bir mənzildən vəsait toplasalar da heç bir iş görmürlər. Bu qurum Sovet hökumətinin təyin etdiyi sistemdir. Ləğv olunmasının zamanı çatıb. “JEK”-lərin səlahiyyətlərinin bir hissəsi bələdiyyələrə, bir hissəsi isə qeyd etdiyimiz bina sakinlərinin seçdiyi  idarəetməyə verilməlidir. Yaxud da ümumilikdə bu səlahiyyətlər özəl idarəetməyə verilməlidir.  Əsasən yeni binalarda bu idarəetmə qaydaları müəyyənləşdirilir. Çoxmərtəbəli binaların idarə edilməsində bu geniş yayılmış praktikadır. Avropada, digər sivil ölkələrdə bu qayda ilə binaların idarə edilməsi forması artıq mövcuddur. Bu inkişaf etmiş dünyanın tələbidir. Eyni zamanda insanların rahat yaşaması üçün istifadə olunan, şərait yaradan bir modeldir. “JEK” kimi yox ki, hər ay pullarını az da olsa, yığırlar, amma heç bir iş görmürlər”.

Yalançı ayırmaya “yaşıl” işıq...

Ekspert 2017-ci ildə ilin dövlət büdcəsindən Mənzil Kommunal Təsərrüfatına 304 milyon manat vəsait ayrılması məsələsinə də toxunub. O, qeyd edib ki, ayrılacaq həmin vəsait yalnız korrupsiya hallarına  yol açacaq: “Nəyə görə büdcədən hansısa binanın idarə olunması üçün vəsait ayrılmalıdır? Tutaq ki, mən fərdi evdə yaşayıram. Mənim evim üçün dövlət büdcəsindən vəsait ayrılırmı? Ayrılmır... Hündürmərtəbəli binalarda yaşayanlar göydən zənbillə düşüblər? Onlara da bu vəsaitlər ayrılmamalıdr. Özləri öz xərclərini ödəməlidirlər. Onsuz da büdcədən gələn vəsait hesabına o binalara heç bir xidmət göstərilmir. Yalançı bir ayırmadır. Həmin ayırmanı isə “JEK” müdirindən tutmuş icra hakimiyyəti də daxil olmaqla yuxarı təbəqələr aralarında bölüşdürürlər.  Bu da xalqın, büdcənin vəsaitini göyə sovurmaq, mənimsəmək, korrupsiyaya yol verməkdir. Bunun ən yaxşı yolu binaları “JEK”-dən alıb yeni idarəetməyə vermək lazımdır. Bir sözlə “JEK”-ləri ləğv elətdirmək lazımdır”. Akif Nəsirlinin sözlərinə görə, Azərbaycan hakimiyyəti büdcəyə qənaət etmək üçün artıq vəsaitlər axtarır: “Elektrik enerjisinin, qazın qiymətlərini qaldırır. Yaxud da qaçqınların övladlarına verilən yardımları kəsməyi planlaşdırırlar. Bəs buna niyə baxmırlar? Əslində isə “JEK”-lərə ayrılan vəsait kəsilməlidir. Hamının gözünün qarşısında pul ayrılır və mənimsənilir. Əvəzində isə heç bir xidmət göstərilmir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları