Yuxarı

“Reket media” ilə mübarizə yeni mərhələdə

“Reket media”  ilə mübarizə  yeni mərhələdə

 

Müşfiq Ələsgərli: “Reket jurnalistlər çap mediasından saytlara transfer olub”

Reket mətbuata qarşı mübarizə aparılsa da nəticə yoxdur. Bu günlərdə “Bizim dövr” qəzetinin rəhbərliyi də reket fəaliyyətilə məşğul olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən həbs olundu. Ancaq media sektorunda bu cür hallar baş verib və hələ də davam edir. Reket mətbuata qarşı aparılan mübarizənin isə hələ də tam nəticəsi yoxdur. Hələ də, reket mətbuat qurumları var və onlar öz fəaliyyətini davam etdirir. Bəs reket metbuatla hansı formada mübarizə aparmaq lazımdır ki, bu şantaj və təxribat dəstəsinin qabağını almaq mümkün olsun?

“Xəbərdarlığa əməl etsəydilər...”

“Cümhuriyət” qəzetinə şərhində Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib ki, Mətbuat Şurası jurnalistlərin və ya media qurumu təmsilçilərinin həbs olunmasının əleyhinədir: “Mətbuat Şurasının yaranma səbəbi də bu cür problemlərin həll olunmasıdır. Həbs olunan “Bizim dövr” qəzetinin rəhbəri Surxay Əliyevin adı 6 il qabaq Mətbuat Şurasının qara siyahısına salınıb. Bu qara siyahı bir prosedurdur. Hər hansı bir mətbuatın adı qara siyahıya düşməmişdən əvvəl həmin qurumun rəhbərinə müraciət olunur ki, sizin qurumun təmsilçiləri etik qaydaları pozur, lazımsız hərəkət, qanundankənar davranışlar edirlər. Mətbuat Şurası olaraq xəbərdarlıq edirik ki, bu hərəkətlərindən yayınsınlar. Mətbuat Şurasının da göstərdiyi ən böyük töhfə budur. Kimlərsə bu tövsiyyələrə qulaq asır,  hərəkətlərə dəyişikliklər edirlərsə, fəaliyyətlərini davam etdirirlər. Amma “Bizim dövr” kimi qəzetlərin rəhbərləri Mətbuat Şurasının tövsiyyələrinə qulaq asmadılar. Dəfələrlə xəbərdarlıq edilməsinə, ictimai qınağa gətirilməsinə baxmayaraq yollarından dönmədilər. Sonunda da onların bu “fəaliyyəti” həbslə nəticələndi. Mətbuat Şurasının fəaliyyəti məhkəməyə, hüquq-mühafizə orqanlarına qədər olan missiyanı yerinə yetirməkdir. Əgər problemlər varsa, onlar haqqında xəbərdarlıq etməkdir ki, bu yoldan çəkinsinlər. “Bizim dövr” qəzetinin  rəhbərliyi də zamanında Mətbuat Şurasının xəbərdarlıqlarına məhəl qoysaydı, indi bugünkü duruma da düşməzdilər. Qulaq asmadıqları üçün, sonda ən ağır cəzayla da cəzalandırılmalı oldular. Hesab edirəm ki, bu normal prosedurdur. Bu  prosedur da  iki hissədən ibarətdir. Birinci yaranan problemlərlə bağlı Mətbuat Şurası xəbərdarlıq edir, ancaq səhvlərdən nəticə çıxarılmırsa sonda hüquq-mühafizə orqanları bu işlə məşğul olur və həbs, cərimə formasında onları cəzalandırırlar. Hesab edirəm ki, bu cür neqativ əməllərlə məşğul olan digər KİV-lər də bunlardan nəticə çıxarmalıdırlar”.

“Reket media ilə mübarizədə vətəndaşlar da aktiv olmalıdır”

Müşfiq Ələsgərli əlavə edib ki, Mətbuat Şurasının apardığı mübarizənin nəticəsində ənənəvi KİV-də vəziyyət bir az qaydasına düşüb. Onun sözlərinə görə, reket mətbuatla mübarizə də vətəndaşlar da aktiv olmalıdır: “Mətbuat Şurası yarandığı gündən reket mediaya qarşı sərt mübarizə aparır. Bütün bunlar xüsusi proqram əsasında həyata keçirilir. 2008-ci ilin qurultayında Mətbuat Şurasına səlahiyyət verildi ki, reket mediyaya qarşı daha sərt mübarizə aparsın. Bu mübarizənin nəticəsində ənənəvi KİV-də vəziyyət bir az qaydasına düşdü, onların çevrələri bir az daraldı. Amma çox təəssüf ki, çap mediasında yeri daralan “jurnalistlər” indi onlayn media müstəvisinə transfer olublar. Təəssüf ki, bu günə qədər qanunlarda olan boşluqlar onlara imkan veridi ki, bu cür neqativ əməllərini davam etdirsinlər. Ancaq 2012-ci ildən etibarən Azərbaycan qanunvericiliyinə ciddi şəkildə əlavə və dəyişiklik edilir. Məsələn, 2013-cü ilin may ayında Cinayət Məcəlləsinin 147, 148-ci maddələrinə da əyişiklik edildi ki, təhqir və böhtan harda olmasından asılı olmayaraq cinayət əməlidir. İstər ənənəvi, istərsə də müasir mediada olsun, bu qərar qüvvədə olur. 2015-ci ildə inzibati xətalar, mülki, cinayət məcəlləsinə və həmçinin KİV haqqında qanuna bir sıra dəyişikliklər edildi.

Bütün bu dəyişikliklərin mahiyyəti odur ki, yayılması qanunla qadağan olunan informasiyalar cinayət əməlidir. Hesab edirəm ki, bu dəyişikliklər imkan verəcək ki, mediada baş verən neqativ halların qarşısı alınsın. Eyni zamanda 2013-cü il Jurnalistlərin Qurultayında Mətbuat Şurasına səlahiyyət verildi ki, həm də onlayn medianın da tənzimlənməsilə məşğul olsun. Bundan sonra Mətbuat Şurası bu sahədə çox ciddi işlər aparır.

Hesab edirəm ki, bütün bunlar həm özünütənzimləmə müstəvisində, həm də onlayn mediada baş verən neqativ halların qarşısını almağa imkan verəcək. Bu məsələdə həm də vətəndaşlar aktiv olmalıdır. Hər hansı bir müdiada neqativ hala rast gələrsə və onu təhqir edərsə, ilk növbədə Mətbuat Şurasına, daha sonra əgər zərurət yaranarsa, hüquq mühafizə orqanlarına müraciət etməlidir ki, bunun qarşısı rahat şəkildə alınsın”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları