Yuxarı

Xalq diplomatiyası ilə sülhə doğru

Xalq diplomatiyası  ilə sülhə doğru

 

“Sülh Naminə Platforma” uğur qazanacaqmı?

Akif Nağı: “Bu, ermənilərin marağına uyğundur”

Hikmət Hacızadə: “Biz göstərməliyik ki, ermənilərə nifrət etmirik və dialoqa hazırıq”

“Ermənistanla Azərbaycan arasında Sülh Naminə Platforma” yaradılıb. Azərbaycanlı və erməni hüquq müdafiəçilərinin təşəbbüsü ilə yaradılmış platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 işğal olunmuş rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. İlk addım kimi məcburi köçkünlərin öz evlərinə qayıtması, Dağlıq Qarabağı erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsi, habelə Ermənistan və Azərbaycan arasında iqtisadi, siyasi əlaqələrin bərpası və kommunikasiyaların açılması olmalıdır.

Platforma Azərbaycan və Ermənistan xalqlarını barışdırmaq üçün addımlar atacaraq birgə yaşayış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yekun statusu və sülh prosesinin müzakirəsi üçün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları nümayəndələrinin görüşlərini təmin edəcək. Münaqişənin tezliklə sülh yolu ilə həllinə töhfə vermək məqsədi ilə Platforma iki ölkənin ictimaiyyət nümayəndələri ilə daimi əməkdaşlıq quracaq və effektiv xalq diplomatik fəaliyyətə cəlb olunacaq.

Platformanın barışıq cəhdi baş tuta bilərmi?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Cümhuriyət”ə bildirib ki, onun düşüncəsinə görə, platformanın münaqişənin həll prosesində görə biləcəyi bir iş yoxdur: “Bu, münaqişənin ədalətli həllinə kömək edən vasitə deyil. Ermənistan və kənarda olan ermənilərin hamısı eyni erməni mərkəzlər tərəfindən idarə olunur. Serj Sarkisyan da, Azərbaycana gələn erməni hüquq müdafiəçiləri də həmin mərkəzlərin iradəsinə tabedirlər. Bu platforma ilə məsələni Azərbaycanın lehinə həll olunacağını gözləmək inandırıcı deyil. Ermənilər hesab edirlər ki, nəyin bahasına olursa-olsun Azərbaycan cəmiyyətinə nüfuz etməlidirlər, xoş münasibətlər yaratmalıdırlar. Bunun üçün Xocalı soyqırımını törətdiklərini də etiraf edə bilərlər, etiraf edə də bilərlər ki, Azərbaycan ərazilərini işğal ediblər. Amma bunların heç birinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə təsiri yoxdur. Torpaqlar bu cür təşəbbüslərlə geri qayıdan deyil. Sadəcə olaraq, bu platformanın yaradılmasında məqsəd budur ki, öz mövqelərini möhkəmlədib, Azərbaycan cəmiyyətinin nəzərində xoş münasibət yaratsınlar. Belə yollarla emənilər bizə tarixi unutdurmağa çalışırlar. Hesab edirəm ki, yanlış mövqedir”.

AkifNağının sözlərinə görə, Azərbaycan ermənilərin pis niyyətli olduqlarını başa düşməlidir: “Ermənilər dəfələrlə başımıza fəlakətlər gətirdikdən sonra bizə müxtəlif adlarla yaxınlaşmağa cəhd ediblər. Gah “kirvə” deyiblər, gah da “kommunist qardaş” deyiblər, axırda da bizə arxadan zərbə vurublar. Nə qədər ki, torpaqlar işğal altındaxdır, bu cür təşəbbüslərin qarşısı alınmalıdır. Biz buna mənfi yanaşırıq və təşkilatımız belə proseslərin qarşısını alacaq”.

“Bu, nə vaxtsa xeyir verəcək”

Politoloq Hikmət Hacızadə “Cümhuriyət”ə platformanı dəstəklədiyini deyib. H.Hacızadə hesab edir ki, bu, münaqişənin həllinə yardım edən vasitə ola bilər: “Bu xalq diplomatiyasıdır və bunun tərəfdarıyam. Biz bununla göstərməliyik ki, biz bütün ermənilərə nifrət etmirik. Biz münaqişənin dinc yolla həllini istəyən ermənilərlə dialoqa hazırıq. Bu, məsələnin dinc yolla həlli üçün atılmış ilk addımlardan biridir. Əgər tərəflər münaqişənin dinc yolla həllini istəyirlərsə, xalq diplomatiyası məsələsi qabağa çəkilməlidir. Bu nə vaxtsa xeyir verəcək”.

Politoloq bildirib ki, əgər hər iki tərəfdən sülh məsələsi gündəmə gəlsə, xalq diplomatiyasına siyasi dəstək veriləcək: “Amma hələ ki, nə o tərəf, nə də bu tərəfdən dialoqçulara dəstək yoxdur. Əksinə, dialoq tərəfdarlarını həbs edirlər”.

Mənsur





Həftənin ən çox oxunanları