Yuxarı

Reket media şantaj materiallarını kimdən alır?

Reket media şantaj  materiallarını  kimdən alır?

 

Qulu Məhərrəmli: “Bu texnologiyanı jurnalistlərə təhlükəsizlik əməkdaşları öyrədir”

Son günlər hüquq-mühafizə orqanları reketçiliklə məşğul olan mətbuat orqanlarına qarşı ciddi mübarizə aparır. Artıq 3 mətbuat orqanının rəhbərliyi və əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyatlarla həbs olunub. Məlumatlara görə, əməliyyatlar davam edəcək və bu günlərdə daha bir neçə reketçiliklə məşğul olan media qurumlarının bu əməliyyatların hədəfinə tuş gələcəyi də istisna deyil. Ancaq bu məsələdə qaranlıq qalan bir neçə məqam var. Reket media qurumları şantaj materiallarını hardan alır? Gizli səsyazmalar, videogörüntülər onların əllərinə necə keçir?

Media eksperti, professor Qulu Məhərrəmli “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, bu texnologiyanı mətbuat kəşf etməyib. Onun sözlərinə görə, jurnalistlərə bunu elə təhlükəsizlik xidmətinin əməkdaşları öyrədirlər: “Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatında var ki, gizli səsyazma, çəkiliş cinayət işidir. Ancaq bu texnologiyanı mətbuat kəşf etməyib. Bu ayrı-ayrı qurumların daim istifadə etdiyi vasitələrdir. Belə çıxır ki, onlar özləri bu texnologiyanı jurnalistlərə öyrədirlər və media əməkdaşları da bundan istifadə edirlər. Hazırlanan materiallarla da müəyyən şəxsləri şantaj edirlər. Bu çox sadə prosesdir, bunun üçün çox da baş işlətməyə ehtiyac yoxdur. Amma problem ondadır ki, bu bizim cəmiyyətin eyibləridir. Bu indi yoxlama aparan qurumlardan gələn problemdir ki, onlar media ilə bu şəkildə işləyirlər. Strukturlarda da mühit dəyişəndə “reket” jurnalistlər həbs olunur. Reketçilik ilk növbədə cəmiyyətin problemidir və ictimaiyyətdən qaynaqlanan bir qüsurdur. Gedən proses onu göstərir ki, reketçilik üçün şərait olub və “jurnalistlər” də bundan istifadə ediblər. Bu texonologiyalar təkcə Azərbaycanda deyil. Bir çox ölkələrdə, əsasən də ictimai münasibətlərin gərgin olduğu, qanunların çox da işləmədiyi dövlətlərdə bu cür hallara rast gəlinir. Amma hesab edirəm ki, indiki halda önəmli olan bu mübarizənin aparılmasıdır.

“Bu, bir az təhlükəli istiqamətə aparır”

Qulu Məhərrəmli deyir ki, reketçilik təkcə mətbuat sahəsində deyil: “Bu hal polisdə də, səhiyyədə də, təhsildə də var. Təbii ki, bu hal polis sistemində daha çoxdur. Yəni, o, yerlərdə reketçilik var ki, həmin şəxslərin müəyyən qədər insanlara təsir imkanları var. Qüsurların da meydana çıxması elə burdan başlayır. Bu cür neqativ hallar mətbuatı gözdən salır, insanların mediaya inamını sarsıdır və cəmiyyətdə bir çox mənfi xüsusiyyətlər formalaşdırır”.

Reketçiliklə mübarizə əvvəllərdə aparılmasına toxunan ekspert bunun o zaman epizodik xarakter daşıdığını deyib. O, bildirib ki, reket mediayla mübarizə Mətbuat Şurasının yox, hüquq-mühafizə orqanlarının işidir: “İndi deyirlər ki, Mətbuat Şurası siyahı hazırlayır və bu işlə məşğul olanları reket elan edir. Bunlar səmərəsiz işlərdir. Çünki reketçilik anlayışının ifadə etdiyi məna cinayət əməlləridir. Şəxsləri qorxutmaq, şantaj etmək və pul tələb etmək birbaşa olaraq cinayətdir. Ona görə də bu məsələ ilə mübarizəni hüquq-mühafizə orqanları aparmalıdır. Hesab edirəm ki, bu gün reket medialara qarşı aparılan mübarizənin ciddi effekti olacaq. Onlar özləri də anlayacaqlar ki, bu cür əməllər məqbul deyil və bu tip əməllərinə son qoymalıdırlar.

Bir var həqiqətən reketçiliklə məşğul olan, biri də var normal tənqid yazan media qurumları. Məni əsas narahat edən məsələ odur ki, bunları fərqləndirməyəcəklər. Qurunun oduna yaş da yanacaq. Tənqid etmək başqa məsələdir, reketçilik tamamilə fərqli anlayışdır. Əgər kimisə şantaj edib, qanunsuz çəkilişlər aparırsa, bu reketçilik fəaliyyətidir. Ancaq ictimai problemlərdən yazmaq, hər hansı bir problemi ictimaiyyətin gündəminə gətirərsənsə, bu tənqiddir və çox da normal bir haldır. Bütün mediaya qarşı eyni maddəni elan etmək olmaz. Bu bir az təhlükəli istiqamətə aparır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları