Yuxarı

“Oliqarx imperiyasına” islahat təhlükəsi

“Oliqarx imperiyasına”  islahat təhlükəsi

 

İslahata kimlər və niyə mane olur?

Əli Əliyev: “İslahatlar olmasa ölkə sosial partlayışa gedəcək”

Vüsal Qarayev: “Hökumətin islahatdan başqa yolu yoxdur”

Hökumətin islahat vədləri doğrulmur. Siyasi ekspertlər hesab edir ki,  islahat proqramı hökuməti iki qrupa bölüb. Bir qrup islahatların tərəfdarı olsa da, digər qrup bunun əleyhinədir. İslahat tərəfdarı olmayan qrup oliqarxlardır. Onlar uzun illərdir büdcə pulları ilə özlərinə qurduqları imperiyanı itirməkdən qorxurlar. Ona görə də hər bir vəclə hökumətin islahata getməsinə mane olmağa çalışırlar. Görünən odur ki, oliqarx məmurların müqaviməti kifayət qədər güclüdür. Ona görə də hökumət hələ də islahat addımı atmır. Bəs nəticə necə olacaq, hökumət böhrandan çıxmaq üçün zəruri hesab olunan islahatlara gedəcəkmi?

“Özləri də bilir ki, vəziyyət pisdir”

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ölkədə vəziyyətin pis olduğunu hamı görür. Xalq da bilir, hökumət də bizdən daha çox məlumatlıdır: “Hökumət özü də vəziyyətin partlayışa qədər təhlükəli olduğunun fərqindədir. Əgər hökumət islahatlara getmirsə, ən azı oğru məmurlardan canlarını qurtarmaq istəmirlərsə, deməli bunun daxili səbəbləri var. Daxili səbəblər də əslində aydındır. Siyasi hakimiyyətinin qucağında özlərinə yer tapmış oliqarxlar tutduqları mövqelərini əldən vermək istəmirlər. Hökumət də anlayır ki, bu məmurları hazırkı vəziyyətdə hakimiyyətdən kənarlaşdırsalar, dinc durmayacaqlar. Onların imkanları siyasi müxalifətə keçə bilər. Bu baxımdan hakimiyyət hələlik islahatlara getməkdə tərəddüd edir. Hakimiyyət bu məsələ ətrafında var-gəl edir və hazırda situasiya adekvat görünmür. Gələn il isə ölkənin durumu bu ilkindən daha da ağır olacaq. Həm valyutamızın vəziyyəti və onun arxasında dayanan iqtisadiyyatın çöküşü davam edir. Hakimiyyət ümid edirdi ki, bu illər ərzində neftin qiyməti qalxacaq və vəziyyəti düzəldəcəklər. Neftin qiymətinin qalxması tendensiyası mövcud deyil. Neftin qiyməti siyasi qərarlarla qalxdığından Azərbaycan iqtisadiyyatının bu yolla xilas olunması mümkün deyil. Ona görə də hakimiyyət özü də fərqindədir ki, islahatlar, radikal addımlar olmadan ölkə bütövlükdə xaosa bürünə bilər.

Hesab edirəm ki, hakimiyyətin hələ də sağlam analiz imkanları bitməyibsə, bu ilin sonları və gələn ilin əvvəllərində dəyişikliklərə getməlidir. Mətbuatda nazirlərin milyardlarla dəyərdə olan varidatları gündəmə çıxır, ancaq mətbuat susur. Normal hökumət buna reaksiya verməlidir. Milli Təhlükəsizlik Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elitalarının məhkəmə prosesində hər şey açıq şəkildə görünür.

Onlar prezidentin etimadından sui-istifadə edib ölkənin gələcəyini sual altında qoyublar. Mən dəfələrdə demişəm ki, biz hər birimiz eyni gəmidəyik. Hökumət bu cür neqativ halların qarşısını almasa hamımız batacağıq. Hökumət tərəddüd etmədən dəyişikliklərə getməlidir. Əks halda, gələn ilin ilk yarısında çox ciddi siyasi təlatümlər görünür”.

“Cəmiyyət barıt çəlləyini xatırladır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə deyib ki, hökumətin islahatlara gedəcəyi fikrinin hökumət rəsmiləri tərəfindən səsləndirilməsi, illərdir yürüdülən siyasətin yanlış olduğunun etirafıdır:

“Hökumət artıq islahatlara getməyə məcburdur, məsələ istəyib, istəməməkdə deyil. Çünki, vətəndaş barıt çəlləyini xatırladır və hər an partlaya bilər. Hakimiyyət də bunun fərqindədir. Xalqın güzəranı dözüləcək deyil. İndi məsələ burasındadır ki, hakimiyyətin özünün içərsində fikir ayrılıqları yaranmağa başlayıb. Çünki, islahata gedirsənsə, radikal qərarlar verməyə məcbursan. Məsələn, bir neçə, hətta bütün nazirlər istefaya göndərilməlidir.

Çünki, vəziyyəti acınacaqlı hala gətirib çıxaran başda onlardır. Yaxud Milli Məclis buraxılmalıdır. Başqa bir yaralı yerimiz olan, İcra hakimiyyətləri ləğv edilməlidir. Belə radikal addımlar atılmayacaqsa, xalqı soyub-talayanlar vəzifədən uzaqlaşdırılmayacaqsa, buna islahat demək olmaz.

Bu sadaladıqlarımın da əksəriyyəti olliqarxlar, monopolistləridir. Belə olan halda təbii ki, onlar bütün gücləriylə ölkədə xalqın xeyrinə islahatların aparılmasına mane olacaqlar. Cəzalar yalnız vəzifədən azad etməklə bitməməlidir. Çox ağır cəzalar tətbiq edilməlidir. Bu ölkənin, bu xalqın sərvətinə kəm baxan bütün şəxslər çox ciddi cəzalandırılmalıdır. Elə cəzalar verilməlidir ki, digərlərinə ibrət olsun. Oliqarxların təziqlərinə baxmayaraq, hökumətin islahatlardan başqa çıxış yolu yoxdur. Yaxud da, hökumət başçısı, bacarmadığını, idarəetməni itridiyini elan edib istefaya getməlidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları