Yuxarı

Zibil qutusuna tərk edilən “gələcəyimiz”

Zibil qutusuna tərk  edilən “gələcəyimiz”

 

Mehriban Zeynalova: “Öz bətnindən ayrılan bir uşağı zibilliyə atan ana üçün artıq heç bir müqəddəs dəyər yoxdur”

Bakının Yasamal rayonu ərazisində yaşayış binalarından birinin qarşısındakı məişət tullantıları yeşiyinə yeni doğulmuş körpənin atılması cəmiyyətdə ciddi müzakirələrə və ictimai qınağa səbəb olub. Təəssüflər olsun ki, bu mövzuda yazmaq və nəsə demək çox ağırdır. Hadisəni bütünlüklə təsəvvür edən zaman insanın bədəni əsir. Azərbaycanda tükürpədici, insanlığa, analığa sığmayan olayların yaşanması heç də xoş deyil. Amma araşdırmalar göstərir ki, Azərbaycanda bu cür olay ilk deyil. Yəni, bu cür zibil qutularına, icra haikimiyyəti və qeyri-hökumət təşkilatı binasının önünə, binaların balkonlarına, küçələrə atılan körpələrin sayı yüzlərlədir.

Onu da qeyd edək ki, həmin atılmış körpələr əsasən qeyri-rəsmi nikahdan, arzu olunmayan körpələr olduğu üçün zibil qutularına atılırlar.Bəzən elə hallar da olur ki, qız övladını istəmədiyi üçün ailə qınağı ilə, böyüklərin, yoldaşının qorxusundan ana körpəsini dünyaya gətirib, sonra körpələr evinə aparıb qoyur.

Körpəni tərk etməyə vadar olan səbəblər...

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Cümhuriyət” qəzetinə bildirib ki, ümumiyyətlə, sözügedən məsələdə səbəblər çoxdur: “Səbəblərdən biri dünyaya gələn uşağın qız olması, qanunsuz doğulması və digər hallar ola bilər. Bundan əlavə qarşı tərəf sahib çıxmadığına görə xanım çıxılmaz vəziyyətdə qalıb körpəsindən imtina edə bilər. Çünki hər adam güclü deyil ki, valideynlərinə, qohumlarına çıxıb desin ki, mən qanunsuz uşaq doğmuşam və ya aldadılmışam. Ən çox bu stereotiplər səbəb ola bilər. Elə anlarda qadınların kifayət qədər sığınacaqlar və ya mərkəzlər barədə məlumatı olmaması onları bu addımı atmağa vadar edir. Yəni, necə uşaq saxlayacam, onu necə böyüdəcəm, aldadıldığımı və ya imtina edildiyimi qohumlarıma necə izah edəcəm. Adətən, qadınlar körpələrini atmağa vadar olurlar. İkinci səbəb iqtisadi amillə bağlıdır. Qadının heç bir peşəsi və işi yoxdur, perspetktivi görünmür. Abort haqqında vaxtında addım ata bilməyib, qoruyuculardan istifadə etmirlər. Bu cür hallarla üzləşən xanımlar belə radikal addımlar ata bilirlər. Azərbaycanda bu tez-tez baş verən hadisə deyil, amma son zamanlar müşahidə etdiyimiz hadisədir. 4-5 ay əvvəl bizim ofisin qarşısına da gətirib uşaq qoymuşdular. Amma görünür, uşağı qoyan bilib ki, biz körpəyə sahib duracağıq və dövlət müəssisəsinə təhvil verəcəyik”.

Dəyərlər sistemi olmayan analar...

QHT rəhbərinin sözlərinə görə, ümumiyyətlə, bu hal pislənilməlidir: “Bu sərbəst seksual münasibətlərdən yararlanan, daha çox stereotiplərlə bağlı olan və ailəsi tərəfindən təqib olunma ehtimalı olan məsələlərdən yaranır. Biz daha çox ananı qınayırıq. Lakin uşağın dünyaya gəlməsində iştirakçı tərəfin kim olduğunu və hansı səbəbə sahib çıxmadığını, nəyə görə bu addımı atdığını bütün cəmiyyət bir kənara qoyur. Daha çox qadın ittiham olunur və söyülən də daha çox ana olur. Biz öyrəşmişik ki, ana müqəddəsdir və ölsə belə, uşağına sahib çıxmalıdır. Təbii ki, zibilliyə atılan uşaq məsələsi artıq başqa bir mövzudur. Ana zamanı keçdiyi üçün aborta gedə bilmir və uşağı dünyaya gətirir. Ona görə də körpəni zibilliyə atır. Bu artıq cinayətdir. Uşağın dünyaya gəlməsində hər situasiya fərqlidir. Zibil yeşiyinə körpəni atmaq o deməkdir ki, körpə qadın üçün artıq yükdür, onun sağ qalıb-qalmamağı ananı maraqlandırmır. Canlının məhv olmasına biganə qalan bir məsələdən söhbət gedir. Öz bətnindən ayrılan bir uşağı zibilliyə atan ana üçün artıq heç bir müqəddəs dəyər yoxdur. Ya da qarşı tərəfə ciddi şəkildə qəzəblidir. Bütün günahları qarşı tərəfdə görür və uşağına da eyni münasibət bəsləyir. Bu məsələdə psixoloji bir aspekt də yer alır. Bütün bəlalarımın problemi məni aldadan şəxsdədir, məni yoldan çıxarandadır, ona görə də onun uşağı mənə lazım deyil. Yaxud da ola bilsin ki, qadın zorlanmaya səbəb olub. Heç kimə deməyib, hamilə qalıb. Bu da ola bilər. Təcrübəli şəxslərin vaxtında abort etmək kimi praktikası olur. Görünür, bu tip qadınlar kifayət qədər təcrübəsiz olur. Ya da erkən cinsi münasibətdə olan şəxs olub. Amma adətən təcrübəsi olmayan və ilk dəfə hamilə qalan, hansı vəziyyətdən çıxış yolu tapmayan, uşağı hansı müəssisəyə verməyi bilməyən, məxfiliyinin qorunub saxlanmasını istəyənlər belə addımlar atır”.

Qeyd edək ki, dünya ölkələrində atılmış körpələrlə bağlı daha optimal çıxış yolları düşünülüb. Məsələn, Rusiyanın Soçi şəhərində arzulanmayan uşaqlar doğulanda doğum evi və dövlət binalarının yanında “Baby-Box” adlı özəl qutular yerləşdirilir. İstəyən ailələr dövlətin müdafiəsinə verilmək üzrə yeni doğulan uşaqlarını qutuya qoyurlar. Əgər qadın hər hansı bir səbəblə uşağından gizli bir şəkildə vaz keçmə qərarı verirsə, bu durumda öz körpəsini bu qutuya qoyur. Qutuda qapılar qapanar-qapanmaz aydınlatma, isitmə sistemləri dərhal fəaliyyətə başlayır. Bəs, Azərbaycanda bu sistemin tətbiqinə ehtiyac varmı?

Uşağını tərk edən qadınlar cəzalana bilər

Mehriban Zeynalova bu məsələyə də aydınlıq gətirib. O, deyib ki, belə təcrübə bu tip hadisələrin tez-tez təkrarlandığı ölkələrdə olması tələbindən irəli gəlir: “Bu hadisələr əgər tez-tez baş verirsə, onda elə mərkəzin və sığınacağın açılmasına ehtiyac duyulur. Belə mərkəzlər uşağı qəbul edir və ana ilə sonradan iş aparır. Azərbaycanda bu tip hadisə ənənəvi deyil. İldə bir və ya iki dəfə belə olay yaşananda isə şoka düşürük. Ana övlad üçün ölümə gedən, bütün basqılara rəğmən övladını böyüdən məxluqdur. Ola bilər ki, bu son hadisədə iştirakçı olan qadın narkomandır. Yaxud alkoqol asılılığı var. Belə adamlar körpəni zibilliyə atmaqda çətinlik çəkmirlər. Artıq Azərbaycanda belə hadisələr baş verirsə, biz ciddi mesajlar verməliyik. Ən azı məlumatlandırmalıyıq. Sığınacaqlar və vəziyyətdən çıxmaq yolları barədə məlumat verilməlidir. Bu gün hamımız o qadını təhqir edib söyə bilərik. Amma bu vəziyyətdən çıxış yolu deyil. Belə olarsa, həmin olayların sayı artacaq. Çünki qınağa tuş gələn qadın məsələnin gizliliyini saxlayacaq. Hər bir hadisədə psixoloji baryerlər var.

O uşağı dünyaya gətirən tək qadın deyil. O uşağın dünyaya gəlməsində iştirakçı olan kişi var. Hanı o kişi? Cəmiyyətdə baş verən problemlər hamısı bir-biri ilə zəncirvari bağlıdır”.  Təşkilat rəhbəri əlavə edib ki, uşağını tərk edən qadınlara müəyyən cəzalar tətbiq oluna bilər. O halda ki, qadın əvvəlcədən məlumatlandırılmalıdır.

Məlumatlandırılma olmadan hər hansı cəza vermək olmaz. Çünki bu tip qadınıar özünün, uşağın, elementar hüquqlardan dövlət müəssisəsinin olduğundan xəbərsizdir. Yəni, məxfilik məsələsi nə qədər aktual olacaqsa, o insanlara cəza vermək mümkün olmayacaq.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları