Yuxarı

AMEA-dakı əlbəyaxa davanın təfərrüatları

AMEA-dakı əlbəyaxa  davanın təfərrüatları

 

Ordumuzun təhqir edilməsindən başlayan mübahisə

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl AMEA Fəlsəfə İnstitutunun Siyasi Nəzəriyyələr şöbəsinin elmi işçisi Ruşan Ruşanzadə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. R.Ruşanzadə institutun bir əməkdaşı ilə aralarında yaranmış münaqişəyə görə polisə aparılıb. Məlum olub ki, R.Ruşanzadə ilə siyasi nəzəriyyələr şöbəsinin elmi işçisi Şahin Bağırov arasında əlbəyaxa dava baş verib. Yasamal rayon RP-nin 28-ci polis bölməsinin tədqiqatçı polis kapitanı Kamil Rəhmənovun icraatında olan HK-1 -1276 -1277 saylı cinayət işinin materiallarında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov, AMEA Fəlsəfə İnstitutunun direktor müavini Qabil Camalov, elmi işçilər Həbib Hüseynov, Xədicə Müzafərli, Folklor İnstitutunun elmi işçiləri Səbrulla Camalov, Sveta İsmayilova, filalogiya elmlər doktoru Yusif Əliyev CPM-nin və Azərbaycan Respublikasının Konstitusiyası 57-ci maddəsinin tələblərinə əsasən zərərçəkən qismində tanınıb.

İnstitutun kadrlar şöbəsindən verilən açıqlamada Ruşan Ruşanzadənin dekabrın 8-də işdən çıxarıldığı bildirilib. Hadisədə adı çəkilən AMEA əməkdaşı Şahin Bağırov Cebhe.info-ya müraciət edərək baş verənlərə aydınlıq gətirib:  “Fəlsəfə İnstitutunun baş elmi işçisi, Abbasov Əbülhəsən müxtəlif elektron saytlara və KİV-lərə ünvanladığı müraciətdə qəsdən, düşünülmüş və məqsədli şəkildə mənim ünvanıma həqiqətə uyğun olmayan, dezinformasiya xarakterli məlumatlar ötürüb. Mən həmin məlumatları bütün KİV-lərdən və elektron saytlardan gündəlik toplayaraq rəsmi şəklidə, ərazi aidiyyatı üzrə xüsusi ittiham qaydasında, yəni, AR Cinayət Məccələsinin 147.2.; 148-ci maddələri ilə məhkəməyə müraciət edib, mənim barəmdə işgüzar nüfuzumu, şərəf və ləyaqətimi alçaldan hallara yol verən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün AR Konstitusiyasının 57 (müraciət etmək hüququ) və 63 (təqsirsizlik prezumpsiyası) maddələrinin tələblərini əlimdə rəhbər tutaraq hüquqlarımdan tam istifadə edəcəyəm.

Abbasov Əbülhəsən düşünülmüş və məqsədli şəkildə prokurorluq orqanlarının apardığı obyektiv və şəffaf istintaqın istiqamətini güya dəyişimək və təsir etmək məqsədilə verdiyi informasiyaların hamısı məqsədlidir. Belə ki, verdiyi informasiyalarda hadisələrin istiqamətini dəyişərək güya mənim İnstitutun əməkdaşı Hacı Xaliq Əhmədzadə tərəfindən öyrədildiyimi, onun təsir dairəsində hərəkət etdiyimi bildirib. Mənim Hacı Xaliq Əhmədzadə ilə heç bir zaman səmimi ünsiyyətim və işgüzar münasibətlərim olmayıb, onunla münasibətlərim həmişə gərgin və kəskin olub. Mən özümü dəfələrlə Hacı Xaliqdən güçlü, ağıllı, savadlı və uzaqgörən hesab etmişəm. Mənim artıq 51 yaşım var, 4 övladım var. AMEA-nın Fəlsəfə İnstitutunda işləyirəm. Siyasi elmlər üzrə fəlsəfə doktoruyam, hazırda institutun aparıcı elmi işçisi və BDU-nun dosenti kimi pedaqoji fəaliyyətlə mütamadi məşğulam. Bütün şüurlu həyat fəaliyyətim göstərir ki, mən özüm bir orduya rəhbərlik edəcək ağıl, intellekt və insani resurslara malikəm. Mən heç kəsin arxasında gizlənməmişəm. Mübarizəmi həmişə kişi kimi aparmışam və bundan sonra da öz tutduğum qətiyyətli mövqeyimdən geri çəkilməyəcəm.

AMEA-nın Fəlsəfə İnstitutunda çalışdığım dövrdə, 12 fevral 1953-cü ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş Abbasov Əbülhəsən Fərhad oğlunun rəhbərliyi, təşkilatçılığı və təhriki ilə onun həmyerlisi, İnstitutun sabiq əməkdaşı, əvvəllər bir neçə dəfə məhkum olunmuş, bundan başqa Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyevin 24.05.2016-cı il tarixili, iş № 1(004)-340/2016 saylı qərarına əsasən 147.2 və 148-ci maddələri ilə ittiham olunmuş, hərbi xidmətdə olmayan dezertir, şəxsi işinin içində heç adının, soyadı və atasının adının naməlum səbəblərdən kökündən dəyişməsi barədə heç bir hüquqi sənəd və məhkəmə qərarı olmayan, sonradan isə 25 iyul 1979-ci il təvəllüdlü Ruşanzadə Ruşan Ələmşah oğlu kimi saxta şəxsiyyət vəsiqəsinə sahiblənən, əslində isə Mustafayev Rövşən (bu inisialda atasının adı qeyd olunmur) mənə, bədənimin müxtəlif nahiyyələrinə ağır bədən xəsarətləri yetirib. Səbəb isə onun dövlət əleyhinə, 02 aprel 2016-cı il döyüşləri zamanı ordumuzun şanlı və zəfər döyüşlərinə xələl gətirən yazılması mümkün olmayan küçə söyüşlərinə mənim obyektiv şəkildə reaksiya verdim, o isə mənim bu obyektiv reaksiyama şəxsiyyətimi, şərəf və ləyaqətimi, ailə üzvlərimi küçə söyüşləri ilə təhqir etməklə cavab verdi. Mən bu barədə Fəlsəfə İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadəyə rəsmi məlumat vermək üçün AMEA-nın inzibati binasının 4-cü mərtəbəsində liftin yanındakı dəhlizdə, mənim boyun nahiyəmin arxasından qəflətən vuraraq ayaq zərbəsi ilə məni yerə yıxmış, ayaq və təpik zərbələri ilə bədənimin müxtəlif nahiyyələrinə qüvvətli zərbələr endirib, məni dəhlizdə sürüyərək köynəyimi və şalvarımın dizlərini cırıb. Hadisənin şahidləri bu barədə təhqiqata və İstintaqa öz obyektiv izahatlarını veribdilər.

Qeyd edim ki, A.R DİN-in Yasamal rayon RP-nın 28-ci polis bölməsinin tədqiqatçısı, polis kapitanı Kamil Rəhmanovun icraatında olan HK-1-1276-1277 saylı cinayət işi hazırda Respublika Prokurorluğunda icraata götürülüb, obyektiv və şəffaf istintaq hərəkətləri aparılır. Buna baxmayaraq Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) təşkilatçısı, sifarişçisi və təhrikçisi Əbdülhəsən Abbasov mətbuata açıqlama verərək, guya mənim-Şahin Bağırovun Ruşana xəsarət yetirdiyini bildirir. Əslində, Azərbaycan Respublikası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydə Ruşanzadə Ruşanın (Mustafayev Rövşənin) heç bir bədən xəsarətlərinin olmadığı və əksinə, AR CM-nin 128-ci maddəsinin tələblərinə əsasən bədənimin müxtəlif nahiyələrindəki xəsarətlər barədə məlumat Azərbaycan Respublikası Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 1035 saylı 30.11.2016-cı il tarixli rəyində öz əksini tapmışdır. Məhz bu cinayət işi də bu səbəbdən və şahid qismində dindirilən şəxslərin verdiyi ifadələr əsasında qaldırılıb. Digər tərəfdən, Gədəbəy rayon sakini Abbasov Əbülhəsən mətbuata açıqlamasında Ruşanın işdən azad olunması barədə institut direktoru İlham Məmmədzadənin imzaladığı və möhürlə təsdiq etdiyi 09.12.2016-cı il tarixli, 51/01-388 saylı rəsmi əmrə şübhə ilə yanaşır.(?)

Hətta bir az da irəli gedərək direktor, professor İ.Məmmədzadənin naşı və təcrübəsiz olduğunu və güya təzyiq altında əmrə imza atdığını vurğulayır. KİV-lərin və bütün elektron saytların vasitəsi ilə Azərbaycan oxucularının diqqətinə çatdırmaq istəyirəm ki, əvvəla Ruşanzadə Ruşanın ali təhsil barədə diplomunun tam saxta olduğu aşkarlanıb. Onun "diplomu" Təhsil Nazirliyinin müvafiq qurumunda şəffaf və düzgün nastrifikasiya olunmayıb.

Belə ki, guya 2003-2007-ci ildə Gürcüstanın heç kim tərəfindən tanınmayan "Tbilisi Siyasi Akademiyası" adlı özəl bir akademiyasında güya təhsil alıb. Dövlət Sərhəd Xidmətinin rəisinin 12 iyun 2015-ci il tarixli 691/1114 saylı rəsmi məktubuna əsasən göstərilən təhsil illərində, yəni, 2003-2007-ci illərdə Ruşan Ruşanzadənin Azərbaycan-Gürcüstan dövlət sərhəd xidmətinin keçid məntəqələrində giriş və çıxışı barəsində birdəfə də olsun rəsmi qeydiyyata alınmamışdır. Bundan başqa qeyd etmək istəyirəm ki, bu şəxs nə gürcü, nə ingilis, nə də rus dilində ünsiyyət qurmaq qabiliyyətinə tam malikdir. Bu adam rus, ingilis, gürcü dilini bilmirsə, Gürcüstanda görəsən hansı dildə oxuyub? Hətta "diplom"a qəribə bir möhür də basılıb”.

Cebhe.info





Həftənin ən çox oxunanları