Yuxarı

“Bu il əfvlə bağlı fərman verilməzsə”...

“Bu il əfvlə bağlı  fərman verilməzsə”...

 

Əliməmməd Nuriyev: “Əfvlə bağlı qanunda mütləq şəkildə hər ilin sonu əfv  olacağı göstərilmir”

Yeni ildə əfv olacaqmı? Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvi, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Cebhe.info-ya açıqlamasında bu sualı cavablandırıb. Komissiya üzvü qeyd edib ki, əfv fərmanı birbaşa prezidentin səlahiyyətində olan məsələdir:

“Bu haqda fikir yürütmək çətindir. Əfv sərəncamı verildikdə prezident kiminsə siyasi statusunun olub-olmamasına baxmır. Vahid yanaşma var, buna əsasən əfv fərmanı verilir”. Qanundan sitat gətirən Ə.Nuriyev qeyd edib ki, əfvlə bağlı qanunda mütləq şəkildə hər ilin sonu əfv  olacağı göstərilmir: “Əfv sərəncamı vermək prezidentin hüququdur, o, istədiyi vaxt bu hüquqdan bilavasitə istifadə edə bilər”. Ə.Nuriyev qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda 61-dən çox əfv fərmanı imzalanıb: “Bununla yanaşı il ərzində 10 mindən artıq məhbus azadlığa buraxılıb. 2 min 893 nəfər azadlıqdan məhrumedilmə cəzasından azad edilib. Mindən artıq məhbusun cəzası yüngülləşdirilib.

Görülən bu işləri nəzərə alaraq bu il əfvlə bağlı fərman verilməzsə, bunu hər hansı bir məsələ ilə əlaqələndirə bilmərik”. Ə.Nuriyev hesab edir ki, əfv fərmanı verilməzdən öncə zərərçəkmişlərin də marağı nəzərə alınmalıdır: “Balanslı siyasət yürüdülməlidir. Kütləvi sürətdə əfv verməklə elə qənaət yaradılmamalıdır ki, müəyyən müddətdən sonra əfv olacaq. Bu addım növbəti cinayətlər üçün stimul ola bilər”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları