Yuxarı

Asan varlanmağın şəbəkəli fırıldağı

Asan varlanmağın  şəbəkəli fırıldağı

Ülkər Abdullayeva: “Saxta yollarla iri pullar qazanır, sonra aradan çıxırlar”

Bütün dünyada olduğu kimi bu gün Azərbaycanda da şəbəkə biznesi genişlənib. Əslində ən uğurlu biznes növlərindən biri hesab edilən şəbəkə biznesi Azərbaycanda daha çox fırıldaqçı və dələduzların qazanc mənbəyinə çevrilib. Bu gün ölkə lifenetvork sistem kimi fırıldaqçı dərman satışı ilə məşğul olan adlar az deyil. Forex, quest.net də fırıldaqçı şəbəkə biznesi hesab edilir. Öncə bir qrup şəxsi torlarına salır, daha sonra bu şəxsləri hipnoz edərək inandırmağa çalışırlar ki, onlar şəbəkə biznesi üçün yatırdıqları 400-500 və daha çox məbləği artıqlaması ilə geri ala biləcəklər. Əlbəttə, bunlar hamısı boş vədlərdir. Azərbaycanda real olaraq bu cür şəbəkə biznesi yoxdur.

“Biznesin təbii qanunlarını pozurlar”

Həmsöhbətimiz, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva hesab edir ki, əslində dünyada şəbəkələşməmiş biznes uğursuz biznes hesab olunur. Hər bir uğurlu iş sahəsi şəbəkələşməyə, böyüməyə meyllidir. Çünki şəbəkələşmək daha geniş imkanlar əldə etməyin, daha çox maliyyə resursuna malik olmağın və nüfuzun vacib elementidir: “Lakin dünyada elə biznes sahələri var ki, onlar biznesin təbii qanunlarını pozurlar. Fırıldaqla, saxta yollarla iri pullar qazanır və nəticədə onların ətrafında şəbəkələşmiş çox sayda insanı pis vəziyyətə qoyaraq ortadan yox olurlar. Azərbaycan yeni dövlət olduğu, dünyaya yeni açıldığı üçün bu cür üzdəniraq biznes sahələri ilə tez-tez üzləşməli olur. Sizi arxasında heç bir əmtəənin dayanmadığı maliyyə piramidaları maraqlandırır. Azərbaycanda belə piramidalar ötən əsrin 90-cı illərində fəaliyyətə başlayıb. Vaxtilə Azərbaycanda “muncuq əməliyyatı” deyilən bir şəbəkə fırıldaqçılığı peyda olmuşdu. Adamlar ilk olaraq 10 000 manat (hazırda ekvivalenti 20 manatdır, amma o vaxt bu yaxşı pul idi) verərək muncuq alır, o muncuğu sapa düzüb təhvil verir, növbəti dəfə pulunu artırır, yenə muncuq alır, düzür, təhvil verir və beləliklə, əlində xeyli maliyyə cəmləşdirirdi. Bu işə hamı öz yaxınlarını, dost-tanışını da cəlb edirdi ki, muncuq düşüb, yaxşı pul qazanmaq mümkündür. Beləcə, adamlar muncuq alır, əllərindəki maliyyə artıq ciddi məbləğə çatanda, adamlar onun hamısını muncuğa verirdilər. Sonra muncuğu təhvil verməyə gələndə, məlum oldu ki, muncuqçular ortalıqda yoxdurlar. Onlar adamların milyonlarla pulunu götürərək aradan çıxıblar. O şəbəkənin başında duranları ələ keçirmək mümkün olmadı, hüquq-mühafizə orqanları şəbəkənin ciddi olmayan 1-2 fiqurunu saxladı, lakin camaatın pulları özlərinə qayıtmadı”. Daha sonra bu ənənəni başqa şirkətlər müxtəlif yollarla davam etdirdilər. Onlara misal olaraq “Quest net”, “Worldvision”, “Tiens” və digər şirkətləri misal göstərə bilərik. Onlar ya adamlardan külli pul alaraq, onları şəbəkəyə yeni adamlar cəlb etməyə həvəsləndirir, ya öz saxta mallarını onlara inanan sadə insanların vasitəsilə sataraq külli miqdarda pul qazanır, ya da işədüzəltmə adı ilə adamlardan pul yığaraq vədlərini yerinə yetirmirlər. Ölkəmizdə dəfələrlə belə şəbəkələr ifşa olunsa da, sonradan heç nə olmamış kimi Azərbaycan bazarına qayıdırlar.

“Əldən-ələ” prinsipi

Ü.Abdullayevanın sözlərinə görə, belə şəbəkələrin işi insanları müxtəlif texnologiyalarla aldadaraq öz qlobal toruna salmaq, onların üzərində piramida qurmaq, bu piramida şişdikdən sonra onu yox edərək malik olduğu maliyyə ilə birlikdə aradan çıxmaqdır: “Məsələnin ən ciddi tərəfi də odur ki, çökmə anında bu piramidanın altında şəbəkənin zəif və müdafiəsiz təbəqəsi qalır. Piramidanın başında oturanlar isə heç nə olmamış kimi ortadan çıxır, bir müddət sonra başqa formada peyda olurlar.

Bu sektorda ticarət «əldən-ələ» prinsipi əsasında qurulur və piramidaya cəlb olunan yeni adamların hesabına komisyon hesab yığılır. Dünyada «əldən-ələ» prinsipi ilə ticarət edən minlərlə iri şirkət var və onların dövriyyəsi son məlumatlara görə, 350-400 milyard dollar ətrafındadır. Bu yolla çox asan şəkildə mətbəx oyuncaqları, ucuz kosmetika və bijuteriya, kitablar, ev xanımları arasında çoxişlənən mallar satılır”.

“İlişdinsə, xilas şansın yoxdur”

Ü.Abdullayevanın sözlərinə görə, şəbəkə biznesi üçün əsas məsələ isə budur, ilişdinizsə, sizin xilas olmaq şansınız yoxdur. Ya da çox böyük itkilər hesabına bu saxta dünyadan ayrılmalı olursuz. Bu cür şəbəkə marketinqinə qoşulan adamlar ya həddindən artıq “fərasətli” olub başqalarının evini yıxmaqla, malına qəsd etməklə pul qazanmalıdırlar, ya da borcun itəndə itib-batmalı, aldadılmış insanların ən çox axtardığı adamlardan birinə çevrilməlidirlər:

“Azərbaycanda bu biznes növü indi çox populyardır. Firmanın baş ofisində təşkilatçılar əyləşirlər. Onlar özlərinin elitarlığını göstərmək üçün təmiz, səliqəli və bahalı paltarlar geyinirlər. Guya hər adamı işə götürmürlər və əfsanəvi qazanc vəd edirlər. Bura qoşularkən sizin işə qəbulunuzu “rəsmiləşdirirlər”. Buna görə 50-100 manat ödəyirsiz. Ardından da əhəmiyyətli məbləği 300-500 manat (bu daha çox da ola bilər) girov qoyursuz. Sonra isə bu işə yeni adamlar cəlb eləməlisiz. Cəlb olunanların hesabına külli miqdarda pul toplanır. Şəbəkəyə qoşulanlar isə faiz götürürlər. Toplanan pul astronomik məbləğə çatanda, firma yoxa çıxır. Şəbəkəyə əvvəl qoşulanlar müəyyən miqdarda vəsait əldə edə bilirlər və bu vəsaitləri reklam edərək yeni-yeni adamları şəbəkəyə qoşulmağa şirnikləndirirlər. Lakin sonra iri məbləğ toplananda, asan yolla daha çox qazanmaq istəyən “hərif” görür ki, əhəmiyyətli məbləğdəki pulu sadəcə buxarlanıb”.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları