Yuxarı

Qadınlar üçün ölüm ili

Qadınlar üçün ölüm ili

2016-ci il qadın qətlləri ilə “rekord qırdı”\\2016-cı ilin ən çox narahatlıq doğuran və ictimaiyyətdə geniş müzakirə mövzusu olan məsələlərindən biri də qadın qətlləri idi. İlin ilk günlərindən etibarən qadınların qətli ilə bağlı xəbərlər sıralanmağa başlamışdı. İl necə gəldisə, elə o cür də davam etdi. Hər ayda bir neçə dəfə öldürülən, zorakılığıa məruz qalan, intihara əl atan qadınlarla bağlı xəbərlər yayıldı. Vəziyyət o həddə çatdı ki, sosial şəbəkələrdə vəhşicəsinə törədilən qadın qətllərinə “dur” demək üçün kampaniyalar təşkil edildi. Tanınmış şəxslər bu kampaniyaya qoşuldular, ölkənin nüfuzlu təşkilatları qadın qətllərini dayandırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etdilər. Ən dəhşətlisi isə qadın qətllərinin söylənilməsi belə absurd olan “səbəblərlə” əlaqələndirilməsi cəhdləri oldu.\\Yuxuya görə də öldürürlər\\Məsələn, Aydın Məmmədov yaşadığı Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 8, mənzil 41-də həyat yoldaşını qətlə yetirdi. Səbəbini isə belə açıqlamışdı ki, yuxuda arvadının başqa kişi ilə münasibətdə olduğunu görüb, içki içdiyi zaman yuxusunu xatırlayıb və arvadını öldürüb. Bakı Ağır Cinayətlər Məhkəməsi Aydın Məmmədovu 17 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. 2016-cı il Azərbaycan qadınları üçün yaxşı başlamayıb, yaxşı bitmədi. Ötən il öldürülən qadınlarla bağlı rəsmi statistika yoxdur. Amma “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi il ərzində mətbuatda dərc olunan və rəsmən təsdiqlənən qadın qətilləri ilə bağlı məlumatlara istinadən öldürülən qadınların sayının çox olduğunu deyir.\\“Ərim polisin gözü qabağında...”\\Hazırda təşkilatın sığınacağında yaşayan Hökməli qəsəbə sakini, 4 uşaq anası bildirir ki, əri onu polisin gözü qarşısında körpüdən atmaq istəyib: “Evdən gedəndə qapını bağlayır, özü gələndə açırdı. Söyürdü, döyürdü. Bir dəfə fürsət tapıb qaçdm, ərim məni tapdı, zorla evə aparmaq istəyirdi. Getmədim, polis çağırdım. O isə polislərin gözü qarşısında məni Xırdalandakı Dəyirman körpüsündən atmaq istəyirdi. Polislər mane oldular”. Ər bir neçə ayıdır ki, Cinayət Məcəlləsinin 157-ci maddəsi (mənzil toxunulmazlığını pozma) ilə axtarışdadır. Arvadı isə deyir ki, əgər əri onun sığınacaqda olduğunu bilsə, ora da hücum edər.\\Artıq təkcə doğmalar yox, yadlar da öldürür\\Mehriban Zeynalova “Cümhuriyət”ə bildirib ki, Azərbaycanda qadın qətlləri həmişə olub. Ancaq ötən il dəhşətli və vəhşiliklə törədilən qadın qətlləri çoxluq təşkil edib. Bundan başqa qadınların təkcə ailə üzvləri (ata, qardaşı, ər) tərəfindən yox, tamamilə yad insanlar tərəfindən də öldürülməsinə dair faktlar artıb. Məsələn, yanvarın 15-də Quba rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərindən birində üzərində xəsarətlər olan 35-40 yaşlarında qadın meyiti aşkarlanıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, dərhal hadisə yerinə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib.\\Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova olması müəyyən edilib. Cinayətin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Məlum olub, aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.\\Qadınları buna görə öldürürlər\\M.Zeynalova qadın qətllərinin səbəblərini aşağıdakı kimi sıralayıb:\1. Qız uşaqlarına qarşı qeyri-insanı münasibət.\2. Köhnə stereotiplərin kəskinləşməsi.\3. Müraciət edən şəxslərə qarşı məmurların kifayət qədər həssas yanaşmaması.\4. Qadınların iqtisadi asılılığı.\5. Qadınların qərar qəbul etmədə iştirakına yol verilməməsi.\6. Sosial iş institutunun fəaliyyətsizliyi.\7. Aqressorlar üçün məcburi psixoloji reabilitasiya proqramlarının olmaması.\8. Erkən nikahlar.\9. Tələsik evliliklər.\\Faciə “gəlirəm” deyir, amma...\\Ekspert deyir ki, bütün bu səbəblər ailədə zorakılığa, qətllərəy yol açır: “Təəssüf ki, bəzən ailələr faciənin yaxınlaşdığını hiss etmir. Bəzən qadın qətlləri ilə bağlı məsələnin köklü araşdırılmaması problemi də özünü göstərir. Qəbələdə əri tərəfindən öldürülən Səbinə Verdiyevanın valideynləri təşkilata müraciət edib. Onlar qızlarının qətlinin düzgün araşdırılmadığını iddia edirdilər. Verdiyeva Səbinənin atası Məzahir Cabbarov bildirib ki, qızı xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib. Ata qızının bədənindəki kəsilmiş-deşilmiş yaraların olduğunu deyib. Atanın sözlərinə görə, son bir il ərzində qızı həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb.\\Onu ata evinə qaytarıblar, lakin hamilə olduğu və 3 uşağı nəzərə alınaraq yenidən ər evinə göndərilib. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə ailəsi Səbinə Verdiyeva əri evinə qayıtmasına razılıq verib və qadın elə həmin gün öldürülüb. Ancaq təəssüf ki, biz ailəyə pulsuz xidmət göstərəcək vəkil tapa bilmədik. Ailə isə vəkilə ödəniş edəcək durumda deyil. Hər gün zorakılıqla üzləşən qadınlar daha böyük risk altındadır, ancaq təəssüf ki, bu risk düzgün qiymətləndirilmir. Sumqayıtda ər arvadına işgəncə verərək hətta saçlarını dibindən qırxıb, qadın birtəhər qaçaraq canını qurtarıb, sığınacağa yerləşdirilib. Belə hallarda növbəti addımın qətl ola biləcəyi istisna edilmir. Buna görə də xüsusilə ailələrin, ətrafın daha diqqətli olması vacibdir”.\\Rəqəmlər biri -birini təkzib edir\\Ötən il nə qədər qadının qətlə yetirilməsi ilə bağlı statistik məlumatlar hələ açıqlanmayıb. Dövlət Statistika Komitəsindən verilən məlmata görə, ötən ilin ilk 6 ayında Azərbaycanda qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara qarşı 422 cinayət faktı qeydə alınıb. Nəticədə 361 qadının sağlamlığına yüngül zərər dəyib, 8 qadın isə öldürülüb. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25 qadının sağlamlığına isə az ağır zərər vurulub.\\Cari ilin ilk altı ayında 2 qadın intihar həddinə çatdırılmış, 6 qadını isə öldürməyə cəhd ediblər. Komitədən verilən məlumata görə, 4 qadına müxtəlif üsullarla işgəncə verilib, 12 qadın isə başqa zorakılıq vasitələrinə məruz qalıb.Ancaq mətbuatda qadın qətlləri ilə bağlı məlumatların ümumiləşdirlməsi göstərir ki, təkcə ötən ilin apreldə Bakıda 5 qadın qətlə yetirilib. Onlardan 3-ü Suraxanı rayonunda qeydə alınıb. May ayında 3 qadın öldürülüb ki, hadisələr Sumqayıt,Gəncə və Xaçmazda törədilib.\\İyunda öldürülən qadın sayının 8 olduğu deyilir: Quba, Qazax, Tovuz, Bərdə, Samux, Gədəbəy 1, Bakı 2 hadisə. İyulda 5 qadın (Bakı 2, Sabirabad, Xırdalan, Xaçmaz 1) öldürülüb. Avqustda 3 qadın qətlə yetirilib, onlardan biri azyaşlı olub. Hadisə Xırdalanda qeydə alınıb. Azyaşlı qız anası vəanasının sevgilisi tərəfindən qətlə yetirilib. Sentyabrda Bakıda 1 qadın qətlə yetirilib. Oktyabrda öldürülən qadın sayı 2 olub- Bakı və Qəbələdə. Qatillər arasında keçmiş ərlər, keçmiş sevgililər, keçmiş qayınatalar, indiki ərlər, qardaşlar, qonşular var.\\Söz “içəridəki”lərindir\\Deputat Elmira Axundova isə qadın qatillərinə qarşı cəzaların sərtləşdirilməsini istəyib. “KİV-lərdə yazılan cinayətlərin təfərrüatlarını oxuyanda insan dəhşət və nifrətdən sarsılır. Yəqin ki, bu sadistləri 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Onların ikisi də hələ gəncdirlər, deməli, 40 yaşında azadlığa çıxa bilərlər və digər qadınlar, hətta öz uşaqları da onların qurbanlarına çevrilə bilər. Çünki bu şəxslər təbiətcə qatildirlər. Buna görə birincisi, hesab edirəm ki, onlar daha uzun müddətli cəzaya layiqdirlər. Bizdə isə bu, ömürlük azadlıqdan məhrumetmədir. Cinayət Məcəlləsinin bir sıra maddələrinə yenidən baxmağın və istisna hal kimi xüsusilə ağır cinayətlər, arvadının başını kəsən, azyaşlıları zorlayıb öldürənlərə qarşı ölüm hökmünü bərpa etməyin vaxtıdır”, - deyə xanım deputat çıxışında bildirib. Ancaq edam hökmünün bərpası Azərbaycanda gündəmdə deyil.\\Xüsusi amansızlıqla qətllərə görə ömürlük həbs cəzası ilə bağlı qanunvericiliyə dəyişikliyi isə hamı razılıqla qarşılayar. Qadın təşkilatları bu vasitə ilə qadın qətllərinin qarşısının müəyyən qədər alınacağını düşünür. Üstəlik həbsxanalardan da qadını amansızlıqla qətlə yetirib “namus cinayəti” adlandıranlara qarşı da münasibətin dəyişməsinin vəziyyətə təsiri istisna edilmir. Burda isə söz təbii ki, “içəridəki”lərdədir. Qadınları amansızlıqla öldürüb adını “namus cinayəti” qoyanlara qarşı mübarizə təkcə azadlıqdakıların işi deyil.\\Sevil Ağazadə





Həftənin ən çox oxunanları