Yuxarı

Hökumət işsizlərin sayını gizlədir

Hökumət işsizlərin sayını gizlədir

Akif Nəsirli: “Azərbaycanda əhalinin yarıdan çoxu işsizdir”\\Dövlət Statistika Komitəsindən “Cümhuriyət” qəzetinə verilən məlumata görə, 2016-cı il dekabrın 1-nə Azərbaycanda məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə işsiz statusu verilmiş şəxslərin sayı 33 min 421 nəfər və işsizlik müavinəti alanların sayı isə 2 min 935 nəfərdir. Bakı şəhəri üzrə 14 min 963 nəfər işsiz, 954 nəfər isə işsizliyə görə müavinət alan var.\\Abşeron iqtisadi rayonu üzrə 1 571 nəfər işsiz var və bu statusa görə müavinət alanlar 562 nəfərdir. Statistika Komitəsi işsizlərə verilən müavinətlərin məbləğindən xəbərsiz olduğunu da deyib.\\Müstəqil ekspertlərin qənaətincə, hökumət məşğulluqla bağlı siyasi spekulyasiya edərək, işsizlik səviyyəsinin 5 faiz olduğunu bəyan edir. Təqdim olunan hesabata əsasən, Azərbaycanda işsizlərin sayı Avropadan da azdı. Halbuki işsizlik Qərbdə iqtisadi fəallığın göstəricilərindən biri olaraq aylıq aralıqda açıqlanır və iş dünyası, fond birjaları üçün çox əhəmiyyətlidir.\\Ekspertlər bildirir ki, bəzi ölkələrdə işsizlərə təyin olunan müavinət 6 aylıq orta əməkhaqqı həcmində verilir. Azərbaycanda isə bu müavinət qanunla tənzimlənir. Təyin olunan məbləğ əhalinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsini gücləndirmək baxımından dövlət büdcəsindən ödənilən müavinət, maaş və pensiyaların artım tendensiyası sarıdan da əlverişli hədd sayılmır. Ona görə ki, yaşayış minimumu göstəricisi əhalinin sosial müdafiəsi daha yaxşı təşkil etmək baxımından büdcədən həyata keçirilən artım siyasəti ilə vahid mexanizm təşkil etməlidir.\\Digər bir məqam isə ondan ibarətdir ki, minimum istehlak səbətinin dəyəri dinamik olaraq dəyişir. Ölkədə əhalinin rifahını yaxşılaşdırmaq, sosial müdafiəsini gücləndirmək baxımından dövlət büdcəsindən artımlar həyata keçirildikcə istehlak bazarında alış-veriş genişlənir ki, bu da qiymətləri yüksəldir. Yaxınlarda Finlandiyada qəribə eksperiment start götürüb. Həmin eksperiment çərçivəsində işsizlərə aylıq 560 avro maaş veriləcək. Bu maaş zəmanətlidir, yəni, heç bir halda azaldıla, yaxud kəsilə bilməz. Hələlik müavinət təsadüfi seçilmiş 2000 nəfərə verilir.\\İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda bu münasibətlər məşğulluq haqqında qanun və Nazirlər Kabinetinin 2002-ci il yanvarın 22-də təsdiqlədiyi işsizlik müavinətlərinin hesablanması və verilməsi qaydaları ilə tənzimlənir: “Bu qanunda istehlak səbəti və yaxud insanların yaşamını təmin edəcək hədəfin olması qeydə alınmır. Varsa da ola bilsin ki, qanunun alt fəlsəfəsində nəsə nəzərdə tutulub. Amma bu qanunda konkret olaraq nə istehlak səbətindən, nə minimum yaşayış həddini təmin edən məbləğdən söhbət getmir.\\Bir var ölkədəki işsiz əhalinin sayı, bir də var ki, işsizlik statusu alan insanlar. Bunlar fərqli-fərqli şeylərdir. Azərbaycanda əhalinin yarıdan çoxu işsizdir. Amma həmin insanların hamısı işsiz statusu almayıb. Qanunun tələbinə əsasən vətəndaş 26 həftə ərzində işsizlik üçün müraciət etməlidir. Qaydalara uyğun olaraq vətəndaş işini itirdiyi vaxta qədər son 12 ayda aldığı əməkhaqqının arayışı tələb olunur. Həmin əməkhaqqının əsasında 70 faizi həcmində vətəndaşa işsizlik müavinəti müəyyən edilir. Əgər vətəndaşın himayəsində 18 yaşına çatmamış uşaq varsa, hər bir uşağa görə müəyyən olunan müavinətə 10 faiz məbləğ əlavə olunur. Bu da bir şərtlə edilir ki, uşağa görə olan əlavələr təyin edilən müavinətin 50 faizini aşmasın. Yəni, təyin edilən müavinət 200 manatdırsa, ona əlavə etmək limiti yalnız 3 manatdır. Bunu 300 manat həcminə qədər qaldıra bilərlər.\\Tutaq ki, 26 həftə də keçib, həmin şəxs uzun müddət işsiz qalıb, amma məşğulluq xidmətinə müraciət etməyib. Bu halda o, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd, yaşayış yerindən arayış, vergi ödəyicisi kimi qeydiyyatda olması barədə arayış, torpağının olmaması haqda arayış toplayıb məşğulluğa təqdim edir. Bir il müddət işsiz olan insanlara 57 manat həcmində müavinət müəyyən edilir. Həmin şəxsə eyni iş olmamamq şərtilə iki dəfə iş təklif edirlər. Vətəndaş bundan imtina edərsə, ona verilən işsizlik müavinəti kəsilir. Əlbəttə, bu, inkişaf etmiş ölkələr səviyyəsində işsizliyə qarşı mübarizə layihəsi sayıla bilməz. \\Ümumiyyətlə, Azərbaycanın iqtisadi imkanları da buna çatmır ki, Avropadakı kimi vətəndaşı təmin edə biləcək işsizlik müavinəti vermək mümkün olsun”. Məlumdur ki, Azərbaycanda işsizlik statusu uzun müddət davam edə bilməz. Məşğulluq xidmətləri tərəfindən işsiz şəxsə iki dəfə iş təklif olunur. Yəni, işsizlik statusu işsizin təklif olunan işə iki dəfə etiraz etməsi ilə sonlanır. Ölkənin iqtisadi vəziyyəti haqda da uzun-uzadı danışmağa dəyməz. İnflyasiyanın faizi artır, neft ucuzlaşır, manat dəyərini itirir, kommunal xərclər artırılır və.s. Belə olan halda işsizlərə verilən müvəqqəti müavinətlərin həcminin artırılmasına yenidən baxmaq olarmı?\\Akif Nəsirli bildirib ki, bu, sosial ədalət prinsipi baxımından düzgün addım sayıla bilər: “Amma nəyin hesabına artırılsın? Azərbaycan dövlət büdcəsinin 2017-ci ildə doldurulması kimi problemlərlə üzləşəcək. Əlbəttə, qiymətlər artırsa, ölkədə bütün müavinətlərə, ödəmələrə yenidən baxılmalıdır. Həmin şəxslər sosial müdafiəyə ehtiyacı olan əhali qrupu sayılır. Qiymətlər artırsa, məntiqlə bu məsələyə yenidən baxılmalıdır. Bu gün hökumətin elə bir potensial imkanı yoxdur ki, ondan istifadə edilsin”.\\Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları