Yuxarı

Azərbaycanlı ataların “oğlan sevgisi”

Azərbaycanlı ataların “oğlan sevgisi”

Böhran abortların da sayını artırır?\\Bakıda atasının 4 aylıqda imtina etdiyi qız dünyaya gəlib. Hamilə qaldıqdan sonra tərk edilən qadın bu günlərdə ana olub.“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu haqda Cebhe.info-ya açıqlamasında deyib.\\“Universitetdə təhsil alarkən tanış olduğu, sevdiyi oğlanla qoşulub qaçan 22 yaşlı qadın artıq övladını dünyaya gətirib. 4 aylıq hamilə ikən uşağın atası tərəfindən tərk edilən qadının sözlərinə görə, dünyaya gətirəcəyi körpənin qız olması onların münasibətlərini sonlandırıb. Oğlanın ailə üzvləri, ata uşaqdan imtina ediblər. Bütün bunlara baxmayaraq ana sonadək mübarizə aparıb. Hazırda hər ikisinin vəziyyəti yaxşıdır”.\Bu, Azərbaycanda ilk hadisə deyil və yəqin ki, son da olmayacaq. Əvvəllər də dəfələrlə kişilərin övladları məhz qız olduğuna görə onlardan və həyat yoldaşından imtina edilməsi hallarına rast gəlinib.\\Oğlan bildikləri uşaq qız olunca küçəyə atıldı\\“Təmiz dünya” Birliyinin rəhbəri Mehriban Zeynalova “Cümhuriyət” qəzetinə bildirib ki, sığınacağa edilən müraciətlər arasında məhz qız övladına görə şiddətə məruz qalan qadınlar olub: “Elə müraciətlər var ki, onları dinləyəndə insanın qanı donur. Məsələn, müraciət edən bir qadın hamilə vaxtı bir neçə dəfə həkimə gedib və ona övladının oğlan olduğunu deyiblər. Amma doğuma az qalmış uşağın qız olacağını məlum olanda ağır günlər başlayıb. Övladını dünyaya gətirən qadın uşağın qırxı çıxmamış küçəyə atılıb. Əvvəl atası evinə sığınan gənc ana buradan da rədd cavabı alıb. Bir müddət küçələrdə qalan qadın sonra sığınacağa gəlib”.\\Hər 100 qıza 116 oğlan\\Azərbaycanda qızlara qarşı ayrı-seçkilyin olmadığı deyilsə də, əksini iddia etmək üçün də xeyli səbəb var. 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb. Bu isə problemin etirafı kimi qiymətləndirlib. Rəsmi məlumatlara görə, Azərbaycanda hər 100 doğulan qıza 116 oğlan uşağı düşür. Bu isə normadan artıqdır. Göstərici hər 100 qıza görə 105 oğlan olmalıdır. İndiki rəqəmlər isə illər sonra qızların sayında kəskin artımın qeydə alınacağı deməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkədə doğulanlar arasında cins nisbətinin pozulması narahatedici məqamlardan birinə çevrilib.\\“Diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 114 oğlan düşür. Halbuki bioloji norma göstəricisi 105-107 təşkil edir. Təbii ki, bu, ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Bu meylin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə və digər tədbirlərin davam etdirilməsinə ehtiyac var”.\\Qız uşaqlarına ölüm yolu\\Statistik məlumatlar göstərir ki, Azərbaycanda abortlar əsasən 23-34 yaş arası qadınlar tərəfindən aparılır. Abortlar xüsusilə, ikinci uşağın cinsiyyətinin müəyyən edilməsindən sonra gündəmə gəlir. Birinci uşağın abort edilməsi əsasən nikahdankənar münasibətlərdə qeydə alınır. 2015-ci ildə 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365,30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort əməliyyatı həyata keçirilib. Abortların səbəbi rəsmən göstərilməsə də, həkimlər cins məsələsinin bu məsələdə əhəmiyyətini vurğulayır. Azərbaycanda doğulan uşaqların cinsi nisbəti 54%-in 46 %-ədir.\\Yəni, hər 100 doğulan uşağın 54-ü oğlan, 46-sı isə qızdır. Hər il dünyada abort nəticəsində 70 mindən artıq qadın dünyasını dəyişir, abort edilən qız uşaqlarının sayını isə dəqiqləşdirmək təbii ki, mümkün olmur.\\Böhran abortarı artırıb?\\Azərbaycan qanunvericiliyi abortları qadağan etmir. Abortlar qanuni sayılır və onların 6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verilir. Qeyri- rəsmi statistikaya görə, 100 hamilə qadından 30-35-i abort etdirir. Abortların sayının artmasına ölkədəki iqtisadi durumum təsirsiz qalmadığı bildirilir. Ancaq həkimlər bununla bağlı rəsmi mövqe bildirməkdən çəkinirlər və bu anlaşılandır. Həmçinin söhbətləşdiyimiz həkimlər son zamanlar cinsiyyətə görə abortlaırn azaldığını bildirsələr də, rəqəm təqdim edilmir.\\Son 20 ildə qızlar azalıb\\Ümumiytətlə isə,Azərbaycanda valideynlərin bəzilərinin “oğul sevgisi” də hamiləliyin süni sonlandırılmasına şərait yaradır. Qeyd edək ki, ölkədə ötən əsrin 80-ci illərin sonlarından etibarən doğulan qız uşalarının sayında azalma qeydə alınmağa başlayıb. Statistik rəqəmlər də bunu göstərir: 1986-1990-cı illərdə doğulanlarda hər 1 000 kişiyə 1020 qadın, 1991-1995-ci illərdə doğulanlarda hər 1 000 kişiyə 978 qadın, 1996-2000-ci illərdə doğulanlarda hər 1 000 kişiyə 922 qadın, 2001-2005-ci illərdə doğulanlarda hər 1 000 kişiyə 880 qadın, 2006-2010-cu illərdə doğulanlarda hər 1 000 kişiyə 872 qadın, 2011-2014-cü illərdə doğulanlarda hər 1 000 kişiyə 859 qadın düşür. Bu isə statistika aparıldığı müddətdə qızların sayının 15 faiz azalması deməkdir. Əgər Azərbaycanda dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti 1980-ci illərə qədər gözlənilən bioloji səviyyədə (100-105 nisbəti) olmuşdusa, sonradan balans pozulub. 1990-cı ildə bu nisbət 107-yə, 2000-ci ildə 110-a, 2010-cu ildə 117-yə yüksəlib.\\Doğulmamış qızlarınının əxlaqını qoruyan “atalar”\\Mehriban Zeynalovanın sözlərinə görə, qız uşaqlarınınn istənməməsinin kökündə qadınlara qarşı formalaşmış əxlaqi- mənəvi deqradasiya xüsusi rol oynayır: “Kişilər doğulmamış qızlarını müxtəlif zorakı və ya mənəvi- əxlaqi dəyərlərin aşılanmasından qoruduqlarını iddia edərək ananı aborta məcbur edirlər. Çünki ailədə qız uşaqlarının doğulmasına qarşı çıxan və onlara soyuq münasibət bəsləyən daha çox kişilər olur. \\Nəslinin, soy-kökün davamçısı kimi oğlanı görürlər və ailədə qız uşağının doğulması kişilər üçün arzuolunmaz sayılır. Bu yanaşma əsasən birinci övlada şamil edilmir. İlk övlad qız olduqdan sonra ailələr ikinci övladın oğlan olacağına ümid bəsləyir və əsas problem də bu ümid doğrulmadığı zaman yaranır. Ailədə övlada qarşı ayrı-seçkilik cinsə görə uşaqlara fərq qoyulduğu andan başlayır.\\ Ən pisi də odur ki, qadınlar bunu normal qəbul edir. Hətta oğlan dünyaya gətirə bilmədiyinə görə özünü günahlandıran və ərinin hərəkətlərinə haqq qazandıran, üzərinə ərinin “evlənməsini” belə qəbul edən qadınlar var. Analardan nümunə götürən qızlar da bu davranışı, yəni, hüquqpozmaları norma kimi qəbul edirlər. Nəticədə gələcəkdə onlar da öz hüquqlarını müdaifə etməkdən çəkinirlər. Anaların qarşılaşdığı problemlərlə bu dəfə qızların qarşılaşması, reaksiyanın isə analardan fərqlənmədiyinin şahidi oluruq. Sanki bunu norma kimi qəbul edirlər. \\Nə qədər ki bu münasibət dəyişməyib və qadınlar qurduqlaır ailədə “yerlərini möhkəmlətməyin” mütləq dünyaya oğlan gətirməkdən keçdiyini düşünürlərsə və cəmiyyədə onların belə düşünməsini “təmin edən” kişilərə qarşı heç bir ciddi təpki olmursa, vəziyyətin yaxşılığa doğru dəyişəcəyini düşünmək olmaz”.\\Sevil Ağazadə





Həftənin ən çox oxunanları