Yuxarı

Mübarizəni sevməyən nəsil

Mübarizəni sevməyən nəsil

Quzanlıda bir məktəbin oyun meydançasında bədən tərbiyəsi dərsidir. Şagirdlər öz aralarında yarışırlar…\\Tənbəl-tənbəl səs-küy edir, qayğısız-qayğısız mübarizə edirlər. Əməllicə səpələniblər böyük meydançanın hər yanına. Necə deyim öz aralarında, öz tay-tuşlarına qarşı mübarizə aparmağı bacarmırlar. Bəlkə də mübarizənin, qalibiyyətin nə olduğunu anlamırlar. Anlamırlar ki, kiçik qalibiyyətlər, insanı böyük zəfərlərə aparan cığırdır…\\Uşaqlığımı xatırladım. Çadır sinif otağı, çadırlar arasında kiçik oyun meydançası (Voleybol meydanşasından da kiçik) və həmin meydançada iki fərqli sinifə eyni saatda keçirilən bədən tərbiyəsi dərsi. Siniflərdə keçirilən dərslərə mane olmamaq üçün maksimum səssiz olmalıydıq. Amma bu səssizliyin içərisində rəqiblərimizə qanlı baxışlarla baxırdıq. Necə olur olsun, yarışı bizim sinif qazanmalıdır amalı ilə “qanlı” mübarizənin start fitini gözləyirdik.\\Amma mübarizə zamanı özlüyümüzdə ehtiyat edəcəyimiz bəzi şeyləri diqqətimizdən çıxarmırdıq. Şərtlər necə olur olsun, rəqibin üst-başını batırmamalıyıq. Paltarından tutub dartmamalıyıq. Onun yıxılmasına səbəb olacaq heç bir hərəkətə yol verməməəliyik. Sadəcə, xətti yarıb bayrağı götürüb öz tərəfimizə keçməliyik, vəssalam!\\Maraqlıdır, eləmi? Amma əslində biz də, rəqibimiz də, eyni düşərgənin uşaqlarıydıq. Onların da bizim kimi əyinlərindəkindən başqa geyinəcək paltarları yoxuydu. Əgər paltarlar cırılarsa və ya bulaşarsa, həmin şagird sabah dərsdən qala bilərdi. Yıxa bilməzdik heç birini bizə qarşı mübarizə aparan rəqiblərin. Çünki onlarda bizimlə bərabər “yox”ların var olduğu bir düşərgədə həyat mübarizəsi aparırdılar. Yəni, ümumilikdə bir komanda olaraq fələyin amansız oyunlarında mübarizə aparıb qalib olmağa çalışırdıq. Aclığa, səfalətə, xəstəliyə, yad təbliğatlara qarşı bütün hava şərtlərində bir cəbhədə vuruşurduq…\\Biz o savaşdan qalib ayrıldıq.\\Hər bir ordunun bir zəfər nəğməsi var. Bizim zəfər nəğməmiz çadır şəhərciyinin xəstəliklərlə dolu, çovğunlu, şaxtalı, qar-boranlı amansız qışdan sonra çadır siniflərimizin təpəsini tappıldadan yaz yağışının damlaları idi. Biz direktorumuz Tünzalə Vəliməmmədovanın ana nəvazişi sayəsində özümüzdə güc tapırdıq qalibiyyətlərə. Bizi o qalibiyyətlərə aparan yoldan Şükür müəllimin qorxusundan dönə bilmirdik. İsrafil müəllimin xəritəsi idi bizə zəfər yolunu göstərən.\\Temir müəllimin, Qənimət müəllimin nəsihətləri sayəsində doğru ilə yanlışları ayırd edə bilirdik. Zəfərlərimizi öz dilimizdə doğru, dürüst anlatmaq üçün Məmməd müəllimin savadından bəhrələnərək gəlib çıxdıq bu günə…\\İndi hərəmiz bir peşənin sahibiyik. Hərbdə, tibbdə, təhsildə, ədliyyə, ticarət, iqtisadiyyat, media sahəsində çalışırıq. Ən əsası köçgün cəmiyyətinin qalib gənclərindənik. Bizi buraya əzimkarlığımız, mübarizliyimiz, vicdan və qürurumuz gətirib. Hələ heç nə bitməyib əsl gercək savaşın ayaq səsləri apreldə qulaqlarımıza gəldi. Əminəm ki biz yenə qalib olacağıq. Amma bizim arxamızca gələnlərin kiçik mübarizələri sevməmələri, adi sınaqlardan keçə bilməmələri, qalibiyyət sevincini yaşamaq istəməmələri, müqavimətsiz qalmaları nədənsə məni xəyal qırıqlığına sürükləyir.\\Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları