Yuxarı

Milli Qəhrəmanı qapı arxasında qoyan rektor

Milli Qəhrəmanı qapı arxasında qoyan rektor

Məhəmməd Həsənovu BSU-ya niyə buraxmadılar?\\Namiq Hacıheydərli: “O, valideyn statusundan çıxış edərək narazılıq edirsə, burada onun haqlı olduğu məqam var”\\Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun məzunu olduğu Bakı Slavyan Universitetinə buraxılmaması məsələsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.\\\\Qeyd edək ki, bu barədə Milli Qəhrəman özü məlumat verib. Bildirib ki, universitet rəhbərliyinin göstərişi ilə onu içəri buraxmayıblar:\\“"Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim. Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar”.\\Bakı Slavyan Universiteti Milli Qəhrəman Məhəmməd Həsənovun universitetə buraxılmamasına münasibət bildirib. Bildirilib ki, rəhbərliyin bu məsələdən xəbəri yoxdur, çünki Məhəmməd Həsənov onunla görüşə gəlməyib: "Mühafizəçi Məhəmməd Həsənovdan vəsiqə tələb edib, o isə vəsiqəni verməyib. Belə olan halda mühafizəçi prorektor Əbülfəz Nağıyevlə əlaqə saxlayıb. Məhəmməd Həsənova təklif edilib ki, universitetdən tanıdığı biri varsa, onunla bir yerdə universiteti gəzə bilər. Əgər yoxdursa, biz ona bir nəfər verə bilərik. Məhəmməd Həsənov isə bu təkliflərdən imtina edib və özü universiteti tək gəzmək istədiyini bildirərək oradan uzaqlaşıb".\\“Milli Qəhrəman qanunlardan yuxarı dayanmır”\\Ümumiyyətlə, tək məzunlar deyil, vətəndaş olaraq universitetlərə kimlər girə bilər? Qadağalar hansı əsaslarla tətbiq olunmalıdır?\\\\Təhsil eksperti Namiq Hacıheydərli “Cümhuriyət” qəzetinə açıqlamasında məsələ barədə məlumatlı olduğunu deyib. O, məsələni faciəyə çevirməyi düzgün saymayıb: “Əgər Milli Qəhrəmanımız vətəndaş  və ya valideyn statusundan çıxış edərək narazılıq edirsə, burada  haqlı olduğu məqam var. Hər bir vətəndaş, xüsusilə, övladı həmin universitetdə oxuyan valideyn müraciət edərək müəssisəyə daxil ola və təhsil müəssisəsinin fəaliyyəti ilə tanış ola bilər. Yox, əgər Milli Qəhrəman statusundan çıxış edərək iddia edirsə ki, onu sorğu-sual olmadan, sənəd istənmədən  içəri buraxmalı idilər,  əlbəttə bu, doğru düşüncə deyil. Heç kəs, o cümlədən, Milli Qəhrəman qanunlardan yuxarıda dayanmır.\\Dövlətin Milli Qəhrəman üçün müəyyən etdiyi imtiyazlar və güzəştlər var. Bu imtiyaz və güzəştlərdən hər bir Milli Qəhrəmanın yararlanmaq hüququ var və yararlanır. Lakin bu heç də o demək deyil ki, qanunlarımız kimlərəsə ayrıcalıq tanıyır, yaxud kimlərinsə cəmiyyətdə özəl üstünlükləri var. Hər bir müəssisənin daxili nizam-intizam qaydaları var. Ola bilsin ki, Bakı Slavyan Universitetində də qəbula gələn hər bir vətəndaşdan daxili nizam-intizam qaydalarına uyğun olaraq sənəd və ya buraxılış vərəqəsi tələb olunur.\\Haqqında söhbət gedən Milli Qəhrəman da qəbula gələn hər bir vətəndaş kimi müəssisənin daxili nizam-intizam qaydalarına sayğıyla yanaşmaq zorundadır. Əgər məsələ belə deyilsə, yəni, ətrafında olan hər kəsə sayğıyla yanaşılıb, məhz onu içəri buraxmayıblarsa, bu zaman müəssisə qınaq obyektinə çevrilməlidir. Ümumiyyətlə, bir zaman yurdumuzun ərazi bütövlüyü uğrunda savaşan və Milli Qəhrəman məqamına yüksələn bir döyüşçümüzün belə xırda məsələni ictimailəşdirməsi və adının az qala qalmaqal hesab edilə biləcək məsələlərdə hallandırılmasına şərait yaratmasını doğru hesab etmirəm”.\\Yeganə Oqtayqızı\\Cebhe.info





Həftənin ən çox oxunanları