Yuxarı

Bakıda avtobusla ölümə yolçuluq

Bakıda avtobusla ölümə yolçuluq

Yenə marşrut qəzaları, narazı sərnişinlər...\\Elməddin Muradlı: “Elə avtobus şirkəti var ki, gələn qazancla mal-qara  ferması açır. İnsanlara xidmət qalır ikinci planda”\\Bakının ictimai nəqliyyatı acınacaqlı durumdadır. İllərdir ki, bu sistemdə mövcud olan problemlər aradan qaldırılmır. Əksinə, ictimai nəqliyyatda dərinləşən problemlərin sayı durmadan artır. Xüsusilə, Bakıətrafı qəsəbələrə hərəkət edən marşrut xətlərində xeyli sayda problemlər mövcuddur. İlk növbədə illərlə xətdə qalmış nasaz avtobusların xətdən kənarlaşdırılmaması, avtobuslar arasındakı interval probleminin yaradılması, ictimai nəqliyyat sürücülərinin  qeyri-peşəkarlığı, avtobusu necə gəldi idarəetmələri durumu daha da dramatikləşdirir.\\Zamanında ictimai nəqliyyatla bağlı məsələlərdə birbaşa cavabdeh olan Nəqliyyat Nazirliyi sadalanan problemlərin öhdəsindən gələ bilmədi. Sonradan bu cavabdehliyi Bakı Nəqliyyat Agentliyi öz üzərinə aldı. Amma faktiki olaraq bu qurumun fəaliyyətindən sonra da ictimai nəqliyyatın durumunda müsbətə doğru dəyişiklik baş vermədi. Son günlər avtobusların iştirakı ilə baş verən qəzaların sayı artıb. Yanvar ayı başlanandan, demək olar ki, hər iki gündən bir ictimai nəqliyyatda qəza hadisələrinin şahidi oluruq. Ümumilikdə, 12 gün ərzində 6 avtobus qəzası qeydə alınıb. Məsələn, bu günlərdə Nərimanov rayonu, Ziya Bünyadov prospektində 20 saylı avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Avtobusun idarəetməni itirərək yolun kənarındakı hasara çırpılması 3 ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilməsinə səbəb oldu. Hadisələrə 173 və 62 saylı marşrut avtobuslarının iki piyadanı vuraraq öldürməsi də daxildir. Bunun kimi çox sayda qəzaları sadalaya bilərik.\\Belə çıxır ki, Bakı Nəqliyyat Agentliyi də öz işinin öhdəsindən gələ bilmədi...\\Yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə bildirib ki, Bakı Nəqliyyat Agentliyi Nəqliyyat Nazirliyinin tör-töküntülərini hələ də yığışdıra bilmir: “Vaxtında Nəqliyyat Nazirliyi işi başdı-başına buraxdı. Kim necə bildi elə etdi. Biz deyirik ki, 10-15 ildir Nəqliyyat Nazirliyinin töküb dağıtdığı evi  Bakı Nəqliyyat Agentliyi bir il içərisində yığıb-yığışdırsın. Bu çətindir, mümkünsüz bir şeydir ki, bunu eləsin. Əlbəttə ki, Bakı Nəqliyyat Agentliyində də yanaşma tərzi normal səviyyədə deyil. Görünür, daha ciddi tədbirlərə əl atmaq lazımdır. Aylıq “görüm-baxım” etsinlər, nəsə “şirinlik” versinlər. Ona görə də bu nazirlik hər zaman  dəli, narkoman, sərnişinlərlə kobud rəftar edən adamlarla işləyiblər.  Yəni, nəzarət mexanizmi olmayıb. Bu gün elə avtobuslar var ki, tamamilə sıradan çıxıb. Bakı Nəqliyyat Agentliyi gedib araşdırır, çalışır ki, onları xətdən çıxarsın. Amma onu əvəz edən başqa avtobus yoxdur. Yaxud da Bakı Nəqliyyat Agentliyi nasaz avtobusların əvəzinə “Baku-Bus” avtobuslarına üz tutur. Gəlin, baxaq, Azərbaycanda hansısa bir daşıyıcı şirkət varmı ki, öz işini görsün, hələ bir başqa xətti də öhdəsinə götürsün. Şirkətlər var ki, öz marşrutu üzrə düzgün nizam-intizam yarada bilmir. Başqa xətti gedib necə yaradacaq?”\\“Sürücü tayfasını gərək döyə-döyə öyrədəsən”\\Ekspertin sözlərinə görə, avtobusların özünün istimar müddəti var: “Bu o demək deyil ki, avtobusu 15 il istismar edəsən. Sökülür, dağılır, avtobusun təkərinə baxırsan ki, əyilə-əyilə gedir. Salonuna girirsən, asfalt görünür, deşilib. Oturacaqlar bərbad haldadır. Bütün bunlar 10 ilin problemidir. 10 ilin problemini 1 il ərzində bitirmək mümkün deyil. Bunun üçün müəyyən vaxt lazımdır. Bu tör-töküntüləri müəyyən vaxtdan sonra yığışdırmaq mümkün olacaq.  Amma bunu yığışdırmaq üçün möhkəm bir sürücü bazası yaratmaq lazımdır. Yəni, avtobus sürücüləri ilə bağlı məsələlər həmin məlumat bazasında yer alacaq. Hansı avtobus sürücüsü daha çox qəza törədib, hansı qaydanı pozub və məsuliyyətə cəlb olunub, şirkətdən niyə qovulub, bunların hamısı baza şəklində formalaşacaq. Məsələn, hansısa sürücü daşıyıcı şirkətlərdən birinə işə qəbul üçün CV verib. Həmin daşıyıcı şirkət məlumat bazasına daxil olaraq sürücü barədə bütün informasiyalardan yararlana biləcək. Bu məlumat bazasının xeyri o olacaq ki, sürücülər barələrində töhmətin ora düşməməsi üçün yaxşı işləyəcəklər. Hələlik bu sistemi təklif ediblər. Hesab edirəm ki, sistem işə düşsə, çox problemlər aradan qalxacaq. Ən azı sürücülər qorxub, çəkinəcəklər ki, işsiz qala bilərlər. Təsəvvür edin ki, daşıyıcı şirkət avtobusu sürücüyə verir və axşam olan kimi müəyyənləşdirdiyi məbləği ondan tələb edir və bununla da işini bitmiş hesab edir. Mən inanmıram ki, hansısa daşıyıcı şirkətin rəhbəri sürücüyə tapşırsın ki, qəza törət, adam öldür. Heç kim istəməz ki, işçisi qəza törətsin, onun da şirkətinin adına söz gəlsin. Amma bunu da istəməyə-istəməyə intizamsız sürücüləri işdə saxlayırlar. Ona avtobus həvalə edirlər. İnsanların taleyini onların ixtiyarına buraxırlar. Bəzən qayda pozuntusu olsa belə onun tədbirini görmürlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Bir qədər sərt tədbirlər görmək lazımdır.  Görünür, Agentlik hələ ki sivil qaydalarla işini qurmağa çalışır. Bu isə keçmir”.\\Bakıətrafı və bölgə sərnişinlərinə ayrı-seçkilik...\\Elməddin Muradlı qeyd edib ki, sürücü tayfası insanı məcbur edir ki, onu döyə-döyə öyrədəsən: “Bütün avtobuslar kart vasitəsilə ödənişə keçməlidir. Müşahidələrə görə kart sisteminə keçən və kamera quraşdırılan avtobuslarda qəzaların sayı xeyli azalıb. Karta keçənlərin heç biri maşın qovmur. Ötmə əməliyyatı aparmır. Avtobus var ki, ayağını pilləyə qoyan kimi götürülür ki, tez o biri dayanacağa keçək. Qeyd etdiyim kimi sürücülərin məlumat bazası mütləq yaradılmalıdır. Eyni zamanda daşıyıcı şirkətlər üzərində nəzarət mexanizmi olmalıdır. Etikasız, mədəniyyətsiz, dəfələrlə qayda pozuntusu törədən sürücülər haqda tədbirlər görülməlidir. Bakıətrafı qəsəbələrə hərəkət edən marşrutların problemi bizi də narahat edir. Şəhərin mərkəzində yararsız hala düşən  və  istismar müddəti bitən avtobuslara ikinci dərəcəli məsələ kimi yanaşıb Bakı kəndlərinə ötürdülər. Əgər istismara yararsızdırsa, xətdən kənarlaşmalıdır. Nəinki belə nasaz avtobusları Bakı kəndlərinə, hətta bölgələrə də yönləndirirlər. Olmaz axı.\\Belə çıxır ki, Bakıdakı sərnişinlər yaxşıdır, qorunmalıdır, amma ətraf qəsəbələrdəki, bölgələrdəkilər pisdir? Bu məsələdə bir ayrıseçkilik yaranır. Burada problem ondan ibarətdir ki, daşıyıcı şirkətlər məsələyə sərnişinlərə xidmət göstərmək niyyətilə deyil, daha çox pul qazanmaq məqsədilə yanaşırlar. Avtobusu 5 il müddətinə alıb, 10 il çalışdırır ki, daha çox pul qazansın. Burada başqa bir yanaşma tərzi yoxdur. Bəlkə də çoxusu buna üçüncü dərəcəli məsələ kimi baxır. Çünki onun başqa yerlərdə də kifayət qədər biznesi var. Elə avtobus şirkəti var ki, avtobusdan gələn qazancla mal-qara  ferması açır. İnsanlara xidmət qalır ikinci planda... ”\\Alçina Amilqızı





Həftənin ən çox oxunanları