Yuxarı

Mahmudovu qoruyan “qalxan”

Mahmudovu  qoruyan  “qalxan”

 \\İlham İsmayıl: “Kənardan baxanda da görürük ki, onların əməllərində kifayət qədər cinayət tərkibi var”\\Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN), Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri (RYTN) ətrafında cərəyan edən hadisələr bitmək bilmir. Vaxtaşırı olaraq həm MTN, həm də RTYN-nin yüksək vəzifəli şəxsləriylə bağlı  məhkəmə proseslərində ortaya çıxan faktlar vəziyyəti bir qədər də çətinləşdirir və izləri daha başqa isitqamətlərə yönəldir.\\Sözügedən qurumların keçmiş rəhbərləri  - Eldar Mahmudov (MTN) və Əli Abbasova (RYTN) qarşı irəli sürülən cinayət ittihamları hüquqi müstəvidə əksini tapmır. Əli Abbasov nazir olarkən hər ay paket şəklində rüşvət aldığını istintaqa ifadəsində özü etiraf etdiyi halda, Eldar Mahmudova qarşı bu ittihamı RYTN-nın keçmiş başçısı və “METAK” MMC-nin rəhbəri Alik Kərimov irəli sürüb. RYTN-nın həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov da istintaqa ifadəsində açıq formada özünün və nazirliyin digər əməkdaşlarının Əli Abbasovun göstərişi əsasında rüşvət aldıqlarını, korrupsiya hallarına yol verdiklərini deyib.\\Keçmiş nazirlər niyə təqsirli şəxs qismində tanınmır?\\İstər şahid, istər keçmiş nazirlərin qurbanları olmuş zərərçəkənlərin ifadələri, eləcə də media araşdırmaları Əli Abbasov və Eldar Mahmudovu həbsə aparmaq üçün yetərli ola bilərdi. Ekspertlər də hesab edirlər ki, ortada olan ciddi ittihamlar, yüksək vəzifəli şəxslərin istintaqa ifadələri əsas tutularaq, hər iki sabiq nazir məsuliyyətə cəlb olunmalı, barələrində müəyyən müddətlik həbs qətimkan tədbiri seçilməliydi. Lakin gözləntilər hələlik özünü doğrultmur. Bu da məsələnin məcrasını dəyişir və ortaya yeni-yeni iddiaların atılmasına rəvac verir. Artıq RYTN və MTN ətrafında baş verənlərin əndazəni aşdığı görünür. Prosesin siyasi məcraya sürüklənməsinə xidmət edə biləcək qüvvələrin də varlığı istisna edilmir. Bu isə Eldar Mahmudov və Əli Abbasovun niyə təqsirləndirilən şəxs qismində tanınmaması sualına daha geniş müzakirələr açır.\\Məsələ hansı müstəvidədir\\MTN-nin keçmiş əməkdaşı, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Cümhuriyət”ə açıqlamasında MTN işinin hüquq müstəvisində olmadığını bildirib. İ.İsmayıl hesab edir ki, həm E.Mahmudov, həm də Ə.Abbasovun həbs olunmamaları təsadüf deyil: “Məsələ hüquq müstəvisində olsaydı, Eldar Mahmudov və Əli Abbasova qarşı irəli sürülən ittihamlara hüquqi qiymət verilərdi. Biz hələ məsələyə kənardan baxıb qiymət veririk. Kənardan baxanda da görürük ki, onların əməllərində kifayət qədər cinayət tərkibi var. Deməli, məsələ hüquq yox, tamam başqa müstəvidədir. Bu hansı müstəvidir, buna hansı prinsiplərlə, hansı münasibətlərlə yanaşırlar, dövlət niyə ittiham etmir? Burada artıq müxtəlif fikirlər var. Bu fikirlərin yüz faiz həqiqət olduğunu da iddia etmirik. Bu ya siyasi münasibətlərdən, ya da şantaj münasibətlərindən yaranır. Məsələnin tamamilə işığa çıxarılmamasında bu ehtimalların hamısı ola bilər. Amma bunu dəqiq bilirəm ki, məsələlər hüquq müstəvisində deyil”.\\Mahmudovu qoruyan nədir?\\Zaman-zaman mətbuatın gündəminə bu iddia da çıxır ki, bu iki şəxs, əsasən də Eldar Mahmudov müxtəlif çeşidli informasiya daşıyıcısıdır. Həmçinin hakimiyyətin içindən də hər iki şəxsin yüksək səviyyədə dəstəkçilərinin olması da müzakirə mövzusudur. Bütün bu imkanlarını da özlərini həbsdən sığortalamaq yönündə səfərbər ediblər. Bu iddianın hansı dərəcədə məntiqli olması da prosesi şaxələndirir. İlham İsmayılın sözlərinə görə, həmin çeşidli informasiyalara sahib olmaq o deməkdir ki, bunun vasitəsilə özlərinin qorunmasını təmin edə bilirlər: “Bunlar o informasiyalardır ki, həmin şəxslərin yüksək səviyyədə müdafiəsini təşkil edir. Yüksək rütbəli məmurlar, yaxud məmur tərəfindən qorunmaları da bu variantlardan biridir. İddia etmirəm ki, keçmiş nazirlər bunlara görə həbs olunmurlar. Biz sadəcə kənardan baxıb, müəyyən ehtimallar irəli sürürük”.\\Əfqan Ədilov





Həftənin ən çox oxunanları