Yuxarı

Azərbaycana qaçqın axını azalıb

Azərbaycana  qaçqın axını azalıb

 \\Azərbaycan güneylilərə sahib çıxmır\\Babək Muğanlı: “Müraciətimizə Azərbaycan dövlətinin cavabı müsbət olmadı”\\“Bu il qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır". Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev belə söyləyib.\\“Axın azalıb”\\Azərbaycanda qaçqınlıq statusu almaq üçün hansı şərtlər rəhbər tutulur? Qaçqınlıq statusu ölkəmizdə qorunurmu?\\Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Cebhe.info-ya açıqlamasında Azərbaycanda qaçqın statusunun vəziyyəti haqda danışıb. O qeyd edib ki, daha çox münaqişə, hücumlar olan ölkələrin vətəndaşları Azərbaycana müraciət edib: “Müxtəlif münaqişələr, hərbi hücumlardan qaçmaq məcburiyyətində qalan əcnəbilər digər ölkələrlə yanaşı Azərbaycana da müraciət edirlər. Lakin son illər bu axın azalıb”. Həmsöhbətimiz qeyd edib ki, Azərbaycan da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına üzvdür. Beynəlxalq qanunvericilik aktları da imkan verir ki, Azərbaycanda qaçqınların statusu qorunsun. Qaçqınlıq statusunun verilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət edilir. Qaçqınlıq statusunun pozulması ilə əlaqədar olaraq da Dövlət Miqrasiya Xidmətinə müraciət edilməlidir. Ölkəsindəki siyasi vəziyyətdən narazı olan, hücumlara məruz qalan şəxslərin qaçqınlıq statusunun alınması ilə əlaqədar olaraq vəsatət qaldırılır, onlarla müsahibələr təşkil edilir. Bununla yanaşı şəxsin  ölkəsini tərk edərək Azərbaycana müraciət etməsinin səbəbləri araşdırılır. Ölkədə bir qism şəxslər var ki, onlar da sığınacaq almaq istəyirlər. Bu şəxslərə qaçqınlıq statusu verilmirsə, onlara sığınacaq ərazisi verilir.  BMT-nin Ali Komissarlığı zəruri himayədarlıq edərək belə şəxslərin Azərbaycan ərazisində qalmasına şərait yaradır.\\A.Allahverənovun sözlərinə görə Azərbaycandakı qaçqınların sayı 1400 nəfərə yaxındır. Ekspert qeyd edib ki, Azərbaycanda olan qaçqınların yarısı Əfqanıstandan olanlardır. Daha sonrakı yerlərdə Çeçenistan, İran və Pakistandan gələnlər dayanır. 2000-ci illə müqayisədə isə Azərbaycana edilən müraciətlər azalıb. Təxminən 15-17 il öncə Azərbaycanda sığınacaq axtaran əcnəbilərin sayı 15 minə yaxın olub.  Müəyyən müddət keçdikdən sonra onların böyük qismi ölkələrinə geri dönüb. Ekspert qeyd edib ki, qaçqın statusu alan şəxslər sığınacaqla, işlə, səhiyyə xidməti ilə də təmin olunmaq hüququna malikdirlər: “Son  illər onlara verilən ianələrin sayı azaldılıb. Artıq onlara əmək fəaliyyətlərini özəlləşdirmək imkanı verilir”.\\Əslən Güney Azərbaycandan olan, Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü, Güney Azərbaycan Nümayəndə Heyətinin rəhbəri Babək Muğanlının qaçqınlıq statusu olsa da heç nə ilə təmin olunmur. İlk dəfə 1995-ci ildə gələn, daha sonra istəyi ilə geri dönən B.Muğanlı ikinci dəfə 2006-cı ildə Azərbaycana qayıdıb. Artıq 11 ildir ki, Azərbaycanda yaşayır. Lakin vəziyyətindən gileylidir, nə evlə, nə də ki maaşla təmin olunur. Mühəndis kimi çalışaraq öz-özünü dolandırır: “Bizi heç nə ilə təmin etmirlər. O vaxtı bir xəstəxanamız var idi, onu da dağıtdılar. Deyirlər ki, dava-dərmanı da özümüz almalıyıq, hansısa qurum göndərməməlidir. Burada qaçqınlıq statusumuz tanınmır. Ötən ilin Novruz bayramı və Yeni İl öncəsi BMT-nin Bakıdakı nümayəndəsi ilə görüşdük. Görüşlər heç bir nəticə vermədi. Nəinki mənim, ümumiyyətlə, cənublu qaçqınların Azərbaycanda heç bir təminatı yoxdur”.\\İran mollla rejiminin aramsız təqiblərinə məruz qalan B.Muğanlı sonuncu dəfə həbs olunduqdan sonra, 2006-cı ildə oranı tərk edib: “Cənubi Azərbaycan vətənin bir parçası olsa da orada baş verən siyasi olaylar ürəkaçan deyil. Baş verən siyasi hadisələr, olaylar kontekstində həbslər, təqiblər oldu. Cənubi Azərbaycanda bu cür olayların qarşısını almaq mümkünsüzdür. 37 ildir ki, Cənubi Azərbaycanda İranın molla rejimi tərəfindən təqiblərə məruz qalmışam. 1979-1980, 1982, 1984-cü illərdə həbsdə yatmışam. Bundan sonra da dəfələrlə həftəlik, bir neçə günlük dustaq olmuşam. Xalq mücahidi adlandırılmışam. 1983-1984-cü illərdə Cənubi Azərbaycan radiosunda  müxtəlif yazılar işıqlandırılırdı. Bu səbəbdən bizi pantürkist adlandırmağa başladılar. Sonuncu dəfə 2006-cı ildə həbs olunmuşam”.\\B.Muğanlı aramsız təqiblərin, siyasi arenada baş verən hadisələrin ürəkaçan olmadığını deyib. Mübarizənin Şimali Azərbayacanda davam etdirilməsinin vacib olduğunu düşünərək bura müraciət edib: “1980-cı illərdə baş verən hadisələrlə əlaqədar Azərbaycana müraciət etdim. Bura vətəndir, hər şeyi burdan başlamaq lazımdır. Bununla əlaqədar olaraq bizə hər hansı dəvətnamə yollamayıblar, özümüz gəlmişik. Müraciətimizə Azərbaycan dövlətinin cavabı müsbət olmadı. Müraciətimiz rədd edildi. BMT nümayəndəliyi tərəfindən isə müraciətimiz qəbul edildi”. Dövlət Miqrasiya Xidmətinə təqdim olunan sənədlərə görə onlara vətəndaşlıq verilmir: “Güneydən gələn azərbaycanlıları Dövlət Miqrasiya Xidməti qəbul edərək vəsiqə verib. Dövlət Miqrasiya Xidmətinin vəsiqələri çox yerdə keçərli deyil. Lakin  BMT tərəfindən bizim statusumuzu təsdiqləyən kağız təqdim edilib, qeyd olunub ki, biz bu ölkədə təmin olunmalıyıq”.\\Nigar Məhərrəm





Həftənin ən çox oxunanları