Yuxarı

Məmurları ixtisar gözləyir

Məmurları  ixtisar gözləyir

 Zahid Oruc: “Bir-birinə yaxın olan sahələri birləşdirmək və məmurların sayını azaltmaq lazımdır”Böhran dövründə əsas diqqət, adətən, büdcənin kəsirsiz formalaşdırılmasına yönəldilir. Dövlət üzərinə düşən əlavə yükdən azad olmağa çalışır. Bunun ən başlıca yolu isə islahatlardan keçir. Bu gün ölkədə bir-birini təkrarlayan bir çox lüzumsuz dövlət qurumları var ki, hər biri üçün büdcədən külli miqdarda vəsait ayrılır. Ekspertlər deyirlər ki, dövlətin əlavə xərclərdən azad olması üçün idarəetmənin sadələşdirilməsi vacibdir.“Cümhuriyət” qəzetinə danışan Milli Məclisin üzvü Zahid Oruc deyib ki, islahatlar daha intensiv şəkildə aparılmalı və dövlət əlavə xərclərdən azad olunmalıdır: “Hökumətlə birgə hesabat yığıncaqlarında, büdcə müzakirələri zamanı bu məsələlərə geniş şəkildə yer verməyə çalışmışıq. Qeyd olunan məsələ konkret bir nazirlikdən və ya onun fəaliyyətinin təftişindən, hansısa komitəyə, dövlət şirkətinə kiminsə qərəzindən irəli gəlmir. Dünya ölkələrində əhali sayına görə idarəetmədə müəyyən normativlər var. Biz bu məsələni açanda bir tərəfdən şişmiş aparat, böyük kadr ordusu və buna adekvat olaraq da dövlət xərclərinin böyüməsinin şahidi oluruq. Bu da bürokratik zirehlər yaradır. Bunun içərisində sahibkar da, vətəndaş da narazı qalır, incik düşür və fəaliyyəti çərçivə altında qalır. Digər tərəfdən şəffaflığı təmin etmək də mümkünsüz olur. Dövlətin rolunun azaldılması, əvəzində ictimai sektorun hərəkətə gətirilməsi lazımdır. Bu həm də vətəndaş cəmiyyətinin formalaşmasına müsbət təsirini göstərəcək. Sovet təcrübəsinə qaytısaq, Ali Sovetdə yüzlərlə aparat işçiləri vardı, deputatlar da simvolik məna ifadə edirdilər. 5-6 ayda bir dəfə toplaşıb hansısa direktora səs verirdilər. İndi də nazirliklərin tərkibində çalışanlar minlərlədir. Ötən il təhsil sistemində birləşmələrin şahidi olduq. Bəzi qurumlar gerçəkdən də ləğv edildi. Bir sıra qurumların səlahiyyətləri ASAN Xidmətə verildi. Bunun fonunda həmin qurumların fəaliyyətini gerçəkdən ləğv etmək mümkündür”.Neft bumu dövrüylə indiki vəziyyətin tamamilə fərqli olduğunu diqqətə çatdıran Z.Oruc qeyd edir ki, bir sıra qurumlar ləğv olunmalıdır, bir çoxu isə özəlləşdirilməlidir: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ətrafında baş verən cinayət əməllərinin məhkəmə araşdırmalarıyla bağlı əldə olunan faktlara nəzər salaq. Bu istiqamətdə aparılan araşdırmalarda əsas xətt dövlət vəsaitlərinin tenderdənkənar xərclənməsidir. Burada söhbət investisya xərclərindən gedir. Kimsə öz səviyyəsində şəxsi qurum yaradıb və qanunsuz tenderlər vasitəsilə ya əvvəldən, ya da sonradan dövlət vəsaitinin 35 faizi yeyintiyə gedib. Əslində isə dövlət vəsaitləri az olan yerdə şəffaflıq başlayır.Çünki, özəl qurumun vəsaitlərini şişirtməyə ehtiyac yoxdur. Bu halda özəl qurum daha çox vergi ödəmiş olacaq. Ümumiyyətlə, dünya praktikasında özəl sektordan kənarda fəaliyyət yoxdur. Britaniyada hansısa bir dövlət müəssisəsi anlayışı eşitməyəcəksiz. Azərbaycanın bütün kəndlərində dövlətin iradəsi altında tibb məntəqələrinin saxlanılmasına nə ehtiyac var? Kəndlərdə uşaq bağçalarının necə işlədiyini görürsünüz? Dövlət bu gün 325 müxtəlif sahəli müəssisəni özəlləşdirməyə çıxarıb. İndiki gerçəklikdə qurumların menecmentlik qabiliyyəti, bazarların tapılması, yeni investisyaların cəlbi, peşəkar idarəçilərin gəlməsi tələb olunur. Artıq burada böyük vəsaitlərə sərəncam vermək önəmli deyil. İndi dövlət idarəetmələrində islahatları davam etdirmək, paralel qurumları ləğv etmək, bir-birinə yaxın olan sahələri birləşdirmək və məmurların sayını azaltmaq lazımdır. Bu baş verərsə, mən əminəm ki, dövlətin yükdən azad olmasıyla yanaşı, həm də rəqabət mühiti dərinləşəcək. Bu halda cəmiyyət qarşısında hesabatlılıq imkanları da artacaq və bir xammaldan, bir estakadadan, bir lokomotivdən asılı qalmayacağıq. Biz deyirik ki, neft kəmərləri dezinfeksiya olunmalıdır, amma eyni zamanda iqtisadiyyat da dezinfeksiya olunmalıdır. İlk növbədə iqtisadiyyatdan başlamaq lazımdır. Bunun da əsasında dövlət xərcləri azalmış olacaq. Bu düsturdan istifadə etmək vacibdir”.Vilayət Muxtar





Həftənin ən çox oxunanları