Yuxarı

Rüşvətxor məmurlara “qapı göründü”

Rüşvətxor məmurlara  “qapı göründü”

 Elçin Mirzəbəyli: “Post-neft dönəmi daha çevik yanaşma tələb edir”Tural Abbaslı: “Qanun pozuntularına yol vermiş məmurlar cəzalandırılmalıdır”Rövşən Dəmirli: “Fəaliyyətlərini korrupsiya üzərində quran məmurları sistemdən kənarlaşdırmaq lazımdır”Azərbaycan prezidenti İlham Əliyev yanvarın 30-da keçirdiyi müşavirədə  rüşvətxorluqla məşğul olan, o cümlədən korrupsiya hallarına yol verən məmurlara ciddi xəbərdarlıq edib. Dövlət başçısı hesab edir ki, məmurlar rüşvətxorluq və soyğunçuluqla məşğul olmamalıdırlar: “Bundan nəticə çıxarmayanlar cəzalandırılacaq. Məmur özünə və ailə üzvlərinə nümunə olmalıdır. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”.Prezidentin hakimiyyətdə ciddi struktur və idarəetmə islahatlarına gedəcəyi gözləntisinin olduğu vaxt bu xəbərdarlığı etməsi təsadüf hesab olunmur. Nəzərə alsaq ki, islahatların tərkib hissəsi kimi bir sıra nazir və məmurlar tutduqları postları itirəcəklər, bu baxımdan dövlət başçısının xəbərdarlığı öz postları üçün təhlükə hiss edənlərin nəzərlərindən keçiriləcək.“Ciddi islahatlara hazırlıq gedir”Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə bildirib ki, dövlət başçısının məmurlarla bağlı çıxışında bir neçə amil nəzərə çarpdı. BAXCP yetkilisi hesab edir ki, məsələni təkcə proseslərə təsir imkanları kimi prezidentin göstərişi formasında qoymaq doğru deyil:“Bu, təkcə göstəriş deyil, ortada müvafiq qanunvericilik aktları və “yol xəritələri” də var.  Azərbaycanda ciddi islahat prosesinə hazırlıq gedir. Bunun da müəyyən mərhələsi aparılıb, sonrakı mərhələnin daha ciddi aparılması gözlənilir. Buna böyük ehtiyac var, Azərbaycan prezidentinin göstərişini bu aspektdən də dəyərləndirmək lazımdır. Çünki post-neft dönəmi daha çevik yanaşma tələb edir. Əgər çevik fəaliyyət olmayacaqsa, bu da iqtisadiyyat və digər sektorların inkişafına mənfi təsir edəcək. Korrupsiyaya qarşı mübarizədə Azərbaycanda bir sıra addımlar atılıb. ASAN Xidmətlə bağlı keçirilən tədbirlər bunu sübut edir”. E.Mirzəbəylinin sözlərinə görə, bir sıra fundamental problemlər var ki, bunların da aradan qaldırılmasına ehtiyac var: “İndiki şəraitdə həmçinin sahibkarlıq sektoru ilə bağlı problemlər həll edilməli və rəqabətli biznes mühiti formalaşdırılmalıdır. Prezidentin xəbərdarlığı həmçinin cəmiyyət və mediaya da yönəlib. Azərbaycan cəmiyyəti bu məsələlərin həllində aktiv formada iştirak etməlidir. İslahatlar təkcə siyasi hakimiyyət tərəfindən aparıla bilməz. “Aşağlılar” bu prosesdə fəal iştirak etməsə, cəmiyyətdə baş verən mənfi halları müvafiq dairələrə çatdırmasa, bu mənfi halların aradan qaldırılması istiqamətində hüquqi müstəvidə mübarizə aparmasa, irəliyə doğru addım atmaq çətin olacaq. Bu baxımdan cənab prezidentin məmurlarla bağlı səsləndirdiyi fikirləri bu yöndən şərh etməyi düzgün hesab edirəm. Hesab edirəm ki, media da bu məsələyə həssaslıqla yanaşmalıdır”.“Komandada mərkəzdənqaçma meylləri baş qaldırıb”Ağ Partiyanın sədri Tural Abbaslı “Cümhuriyət” qəzetinə korrupsioner məmurların öz vəzifələrindən kənarlaşdırılacağına inanmadığını deyib. T.Abbaslı hesab edir ki, korrupsiyaya qarşı daha real addımlar atılacağı halda, bu problemi həll etmək mümkün olacaq. T.Abbaslının sözlərinə görə, bu hadisələr ona görə baş verir ki, artıq hakim komanda daxilində mərkəzdənqaçma meylləri baş qaldırıb: “İnanmıram ki, sistemdən korrupsiya halları yığışdırılacaq. Bu gün də oliqarx məmurların övladları Bakı küçələrində bahalı avtomobillərlə “avtoşluq” edirlər. Nəzəri addımlar atmaqdansa, ən azı korrupsiya hallarına yol vermiş orta səviyyəli məmurları öz postlarından uzaqlaşdırmaq daha yaxşı olardı. Bu göstərişlərin perspektivdə əməl olunacağına inanmıram. Problemlərin həlli üçün ilk növbədə qanun pozuntularına yol vermiş məmurlar cəzalandırılmalıdır”.“Məsələ xəbərdarlıqlarla həll edilməli deyil”Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli “Cümhuriyət” qəzetinə deyib ki, prezident bundan əvvəl dəfələrlə korrupsiya hallarına yol vermiş məmurlara xəbərdarlıqlar edib. R.Dəmirli vurğulayıb ki, bu xəbərdarlıqlar öz məntiqi nəticəsini tapmadığı üçün dövlət başçısı bunu yenidən təkrarlamaq məcburiyyətində qalır:“Məsələ xəbərdarlıqlarla həll edilməli deyil. İlk növbədə fəaliyyətlərini korrupsiya üzərində quran məmurları sistemdən kənarlaşdırmaq lazımdır. Həmin məmurların yerlərinə iqtsiadiyyat və siyasəti daha dərindən bilən mütəxəssislər cəlb olunmalıdırlar. Əgər bu baş versə, korrupsiyaya qarşı lazımi səviyyədə mübarizə aparmaq mümkün olacaq. Amma bu adamların hamısı uzun illərdir kreslolarda oturub, öz xeyirlərinə olan işlərlə məşğuldurlar”.Mənsur 





Həftənin ən çox oxunanları