Yuxarı

Şəhid ailəsi diqqətsizlikdən şikayətçidir

Şəhid ailəsi  diqqətsizlikdən  şikayətçidir

 Anası Bəhruzə xanım: “Vətən uğrunda şücaət göstərən  oğullara layiqli qiymət verilməlidir”“Oğlumun şəhid olmaq xəbəri gələndə o an dünyam məhv oldu, həyatım söndü... Fəryadımdan göy silkələndi, yer ayrıldı, amma Toğrul qayıtmadı...” Bu bir şəhid anasının çağırışı, nisgilidir. İndi onun təsəllisi oğlu ilə bağlı xatirələri, çərçivələnmiş fotoları, bir də balaca Toğruldur... Sizə Milli Ordunun Xüsusi Təyinatlı qüvvələrinin hərbi qulluqçusu, şəhid gizir, Toğrul Habil oğlu Fərəczadədən danışacağam. Hansı ki, Milli Qəhrəman adına layiq görülməmiş bu vətən oğlu ailəsinə, elinə, millətinə sadiqlik nümayiş etdirdi. Obamıza hayan durdu, qeyrət simvoluna çevrildi. Onun ömür tarixi şanlı səhifələrdə hələ çox vərəqlənəcək...Toğrul 1993-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya göz açıb. Evin tək oğul övladı olan Toğrul haqq-ədalət tərəfdarı olub. Elə uşaq yaşlarından vətənə olan sevgisini izhar edib. Hər dəfə böyük həvəslə vətənə layiqli xidmət edəcəyini arzu edib. Bunun üçün tələsib. Nəhayət ki, o gün yetişir və Toğrul həqiqi hərbi xidmətə yollanır...Şəhid Toğrul Fərəczadə 2012-ci ilin oktyabrında Ağsu rayonundan hərbi xidmətə yola salınıb və sonradan hərbçi kimi fəaliyyətini davam etdirib. O, cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Ermənistan-Azərbaycan cəhhə xəttində, döyüş meydanında qalan Toğrul Fərəczadənin nəşi aprelin 8-də Azərbaycan tərəfə təhvil verilib. Ayın 9-da isə Toğrul Fəraczadənin nəşi Ağsu rayonunun Bico kəndindəki məzarlıqda torpağa tapşırılıb.Meyiti neytral zonadaymış...“Son dəfə oğlumun üzünü Novruz bayramı günü gördüm. Bir günlük gəlmişdi. Martın 21-i gəldi, 22-si isə xidmətə döndü. Elə o gedən getdi...” deyir Habil ata... Danışa bilmir, qəhərlənir, kişi qüruru atanın göz yaşlarını ifadə etməyə imkan vermir. Hər kəlməsində özünü toplayaraq “tək balamsız yaşamaq çox ağırdır, dözülməzdir “ deyə kədərlənir. Habil Cəbiyevin sözlərinə görə ailəsi Toğrulu 2012-ci ildə hərbi xidmətə yola salıb: “6 ay qulluq etdikdən sonra xüsusi təyinatlı qüvvələrin kursunu keçib, Azərbaycanın Silahlı Qüvvələrində gizir kimi fəaliyyətə başlayıb. 3 il yarım idi ki, vətənə xidmət edirdi. Bu illər ərzində aprel döyüşləri onun birinci tapşırığı deyildi. Ayda bir dəfə tapşırıqlara gedirdi. Həmişə də uğurla qayıdırdı. Uğursuz əməliyyatı olmayıb... Son tapşırığı isə aprel döyüşləri oldu. Eşitdim ki, martın 28-də hansısa döyüş tapşırığını yerinə yetirməyə gedib. Hərbi xidmətdə olan bütün əsgərlərə dualar edirdik. Toğrulla son danışığımız aprelin 1-də oldu. Ayın 3-ü hər yerə zəng etdim, amma oğlumla əlaqə saxlaya bilmədim. Ayın 4-ü isə onun döyüşdə həlak olduğunu eşitdim, amma inanmadım. Qardaşımla döyüş bölgələrinə getdik. Hər yeri, bütün bölgələri axtardıq, gördüm deyən olmadı... Ayın 8-də oğlumun meyitini neytral zonadan götürüblər...”.Anası intihara cəhd etdi, zorla qarşısını aldım...Ata deyir ki, hər ayın 9-u oğlunun məzarı üstə gedir. Onu döğulduğu Ağsu rayonunun Bico kəndində dəfn ediblər: “Bu gün də onu ziyarət edəcəm. Yeganə təsəlli tapdığım, pənah gətirdiyim yer oğlumun məzarıdır. İki yol arasında qalmışam. Gah Sumqayıta qızıma və nəvəmə baş çəkməyə gəlirik, gah da oğlumun olduğu torpağa qayıdırıq. Məzarını ziyarət etməyəndə darıxıram. Bir ata üçün bu sözləri demək nə qədər çətindir, bir bilsəniz... Onun iş yoldaşları tez-tez evimizə gəlir, dərdimizə şərik olurlar. Onlar deyirlər ki, Toğrul elə-belə oğul deyildi. O, ən azı 100 erməni qırandan sonra şəhid oldu. Toğrulgil 7 nəfər xüsusi təyinatlı erməni dəstəsinin oturduğu iki postu məhv edəndən sonra üçüncü posta 20 metr qalmış minaya düşüblər. Onlar elə-belə ölmədilər. Təbii ki, o bu ailənin, bu vətənin qürur mənbəyidir. Amma onun yoxluğu ilə barışa bilmirəm, gözümün işığı idi. Bir övladı, tək oğulu itirmək asan bir iş deyil. Bu uşaqları seçib bilə-bilə ölümə göndərdilər. Oğlum elə-belə postda dayanmamışdı ki, ona erməni gülləsi dəysin. O, birbaşa erməninin düz içinə girən oğul olub. Ötən il televiziyada Toğrulun haradasa keçirdiyi əməliyyatını yayımlamışdılar. Erməninin neçə cür texnikasını, canlı qüvvəsini məhv etmişdi. O, özü mina quraşdıran idi. Yəni, Toğrul və onunla gedən oğullar boş yerə şəhid olmadılar...”Habil Cəbiyev deyib ki, Toğrulun anası oğlunun yoxluğuna dözə bilmədiyindən iki dəfə intihara cəhd edib: “Qızımla mən intiharın qarşısını aldıq. Onun həyatını zorla xilas etdim. Oğlumdan sonra ikinci dərdi çəkə bilməzdim”.Toğrulun üçü günü balaca Toğrul dünyaya gəldi...“Bacı ilə qardaş bir-birinə həsrət qaldılar. Qızımın dünyaya gələcək övladını səbrsizliklə gözləyirdi Toğrul dayı olacaqdı.  Amma qismət olmadı. Arzusu ürəyində getdi... Oğlumun üçü günü balaca Toğrul dünyaya gəldi. İndi az da olsa, təsəllimiz bu balaca varlıqdır... Bu gün o balaca Toğrula görə sürünürük, yaşamaq deyil əslində... Toğrul qəlbimdə elə bir iz buraxıb ki, ölənə qədər o yaddan çıxmayacaq. O, elə bil ki, 60-70 yaşında kişi idi, ağsaqqal kimi biz ondan məsləhət alırdıq. Hər şeyin yerini-yöndəmini bilirdi. Hələ də gözüm yoldadır. Elə bilirəm ki, işdədir, nə vaxtsa qapını açıb içəri girəcək...Toğrul haradasa əməliyyatdadır. Ümidlərimizi qırmırıq, qırsaq, bu an üçün yaşaya bilmərik...”.Habil ata dövlətin şəhid ailəsinə diqqətsizliyindən də gileylənib. O, deyib ki, bu gün dövlət bir şəhid ailəsinə 110 manat pul ayırır:“Mən və həyat yoldaşım işsizik. Ailənin yeganə qazanc, çörək gətirəni Toğrul idi. Oğlum öləndən sonra anası yataq xəstəliyi tapdı. Ağsu rayon İcra Hakimiyyəti Toğrulun dəfn mərasimini təşkil etdi, məzar daşını qoydu. Bu işləri gördülər. Amma bir şəhid ailəsi kimi biz də yaşamalıyıq. Bu gün yıxılıb o şəhidlə birgə ölmədik. Oğlum ayda 2000 manata yaxın maaş alırdı. Sən onu 110 manat salmaqla şəhidin valideynlərini bir də öldürmüş olursan. O zaman dövlət, icra tanımırdım. Oğlum isə vətənə xidmət edirdi, qanının bahasına isə aldığı pulla dolanırdıq. Bir neçə ay əvvəl oğlumun 23 yaşını qeyd etdik... ”.“Cəhənnəmin içində yanıram...”Ata ilə danışa-danışa Toğrulun anası Bəhruzə xanımın için-için ağlamağını duyurduq. Qadın sanki təsəlli ocağı tapmış kimi bizimlə danışmağa can atırdı... Nəhayət sözə başladı: “Sağ olun ki, Toğrulu bugünkü gündə yad edirsiz. Nə deyim, Toğruldan bir ömür boyu danışsam, bitməz. Toğrula o qədər deyiləsi sözlərim qaldı ki... Oğlumla bağlı arzularım qaldı. 22 il yaşadı, amma elə bil Toğrul 100 il yaşadı. Elə bir ağıllı, dərrakəli, tərbiyəli, vicdanlı oğul böyütmüşdüm ki. Evə gələndə kəndimizdə bayram olardı. Dostu, tanışı, el-oba hamısı Toğrulun görüşünə gələrdi, başına yığışardı. Deyən, gülən, şən əhval-ruhiyyəli oğul idi. İndi neyləyim, tək qalmışam. Toğrulsuz elə bil cəhhənnəmin içində yanıram... Toğrulla gedənlərin çoxusu tək oğul idi. Mən onun telefon zənglərinin geçikməyinə dözə bilməzdim. Amma 9 aydır ki, yoxluğuna dözürəm, onsuz nəfəs alıram, onsuz yaşayıram... Yaşamaq deyil bu, sürünməkdir. Sonuncu danışığımızda məni əmin etdi ki, hər şey yaxşıdır. Mənə çox bağlı övlad idi. Bir saniyə səsimi eşitməyəndə dəli olurdu. Şəhid xəbəri gələndə havalandım, “ola bilməz” dedim. Ayın 9-u cənazəsini evə gətiriblər. Mənim xəbərim olmayıb halsızlıqdan, mənə iynə vurmuşdular. O gündən həyatım söndü, dünyam məhv oldu... Oğlumun ölümündən üç gün sonra qızımın övladı dünyaya gəldi. O övlada görə yaşamaq istəyirik. Biz çox yaşlı da deyilik ki, o dərdə dözə bilim. Hələ 40 yaşım var. Bu yaşda 22 yaşda oğul itirmək nə deməkdir? Heç bir anaya arzu eləmirəm. Bilmirdim balamın axırı belə olacaq. Hər ayın 9-u biz Toğrulun dəfn gününü qeyd edirik. Amma heç bir mənası yoxdur. Onun bircə dəfə “ana” çağırmağına həsrət qalmışam. Hər şeyimi qurban verərdim o çağırışa...”Bəhruzə Cəbiyeva deyir ki, oğlu ölümündən əvvəl də, sonra da müxtəlif mükafatlarla təltif edilib: “Amma bu mükafatlar oğlunu itirmiş bir ana üçün təsəlli deyil. Mən istərdim ki, Toğrula, o cümlədən, oğlumla birgə ölümə gedən oğullara layiqli adlar verilsin. Heç olmasa, qəlbimə iynə ucu qədər işıq sancılsın ki, mən Milli Qəhrəman Toğrul Fərəczadənin anasıyam. Ona o adı vermədilər. Vətənin keşiyində mərdlik, şücaət göstərən belə oğullara layiqli ad verilməlidir ki, gələcək nəslə də bir nümunə olsun”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları