Yuxarı

Bakı metrosunda maliyyə böhranı

Bakı metrosunda  maliyyə böhranı

 Hafiz Babalı: “Orada böyük xərclər var ki, düzgün yönləndirilmir”Bakı Metropoliteni  maliyyə çətinliyi ilə üz-üzə qalıb. Qurum hökumət qarşısında maliyyə çətinliyi çəkdiklərini açıq bəyan etməyə başlayıb. Belə ki, Bakı Metropoliteni universal frezer və torna dəzgahlarının satın alınmasına dair müqaviləni ləğv edib. Bu Metropolitenin tender komissiyasının yaydığı məlumatda deyilir. Həmin məlumatda qeyd olunur ki, eskalatorların təmirindən ötrü lazım olan dəzgahların alınmasından maliyyə imkanlarının məhdud olması səbəbindən imtina olunur.Tender Komissiyasının üzvü Rauf Yusifovun sözlərinə görə, yerli şirkətlərdən biri ilə müqavilə ötən ilin dekabrında imzalanmışdı. R.Yusifov, hələlik, müqavilə tərəfinin onlara dəyən ziyana görə məhkəmə qaydasında iddia qaldırmadığını bildirib. O, deyib ki, müqavilənin qiyməti 106 min manatdır. Tender 2016-cı ilin sentyabrında elan edilib.Qeyd edək ki, 2017-ci ildə hökumət Bakı Metropoliteninə dövlət büdcəsindən ayrılan subsidiyanı 8 milyon manat azaldıb. Bu il subsidiya həcmi cəmi 30 milyon manat olacaq. Bu o deməkdir ki, Bakı Metropoliteninin iqtisadi durumu daha da çətinləşəcək. Ekspertlər hesab edirlər ki, adıçəkilən qurum maliyyə çətinliyi ilə üz-üzə qalarsa, publik şəxsə çevrilə bilər. Publik şəxsə çevrilən qurumun isə gediş haqlarına artım edəcəyi şübhəsiz olacaq.Metropoliten izafi xərclərə yol verir...İqtisadçı-ekspert Hafiz Babalı “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələdə Metropoliten son dövrlərdə həddən artıq izafi xərclərə yol verir: “Nizami” metrostansiyasında təmir işləri gedir. “28 May” metrostansiyasında vestibül yenidən dəyişdirildi. Ondan sonra “Elmlər Akademiyası”nda vestibül və platforma yenidən quruldu. Milyonlarla vəsait sərf olundu. Metropolitendə bu tipli xərclərə ehtiyac varmı? Metropoliten sərnişin daşımaq üçündür, bu hansısa teatr, insanların zövq alacağı yer deyil. Sərnişin ona görə metroya düşür ki, təhlükəsiz halda bir məntəqədən digər məntəqəyə getsin. Amma indi söhbət müəyyən dəzgahlardan gedir ki, onlar eskalatorların təmiri üçün alınmalıdır. Vətəndaşlar da görürlər ki, bu gün eskalatorlar mütəmadi olaraq təmirə bağlanılır. Bu günün 18 saatını vətəndaşlara xidmət edir. Təbii ki, bu texnikadır, sıradan çıxa bilər, nasazlıq aradan qaldırılmalıdır. Hiss olunur ki, Metropoliten öz vəsaitlərinin ilin əvvəlində və sonunda planlaşdırılması ilə bağlı problem yaşayır. Birbaşa təhlükəsizlik və cari istismarla bağlı olan məsələlər ilk növbədə görülməli olan işlərdir. Bu vəsait təmin olunmalıdır, ondan sonra əgər vəsait qalarsa, onu gözəllik və yaraşıq üçün istifadə etmək olar. “Elmlər Akademiyası” metrostansiyasındakı sütunları mərmər üzlüklərlə yenilədilər. Yəni bir vətəndaş kimi bu, məni narahat edir. O vəsaitləri biz daha yaxşı, səmərəli sahəyə istifadə edə bilərik. O yerdə istifadə edə bilərik ki, o zəruruidir. Xüsusilə indiki halda ki, dövlət büdcəsində maliyyə resurslarında böyük problemlər yaranıb. O problemləri biz bu gün qabartsaq ki, Metropoliten maliyyə çətinliyi yaşayır. Xeyr, Metropolitenin heç bir maliyyə problemi yoxdur. Sadəcə olaraq, bu qurumda maliyyə resurslarının düzgün idarəetmə problemi var”.“Ciddi maliyyə nəzarəti olmalıdır”Ekspert xatırladıb ki, Metropolitenin dotasiyası kəsilib. Çünki orada böyük xərclər var ki, düzgün yönləndirilmir: “Hesab edirəm ki, büdcə təsdiq olunarkən iri dövlət şirkətlərində investisiya təmir yönümlü xərclərlə bağlı prezidentin xüsusi tapşırığı olsun. Məhz bu xərclər öncədən planlaşdırılsın, növbəlilik və önəmlilik prinsipi nəzərə alınsın. Yəni, bu kimlərinsə istəyi və zövqü məsələsi olmasın. Biz hamımız istəyirik ki, hər şey gözəl görünsün. Əcnəbilər bizim metroya düşürlər. Məsələn “Nizami” metrostansiyasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş illüstrasiyaların rəngi solubsa, onlara rəng qatmaq olar. Amma mərmərləri dağıdıb yeniləri ilə əvəz etmək nə dərəcədə düzgündür? Bizim üçün önəmli olan metroya düşüb, gedəcəyimiz yerə çatmaqdır. O metropolitenin problemidir ki, o əlavə xərclər çəkir və xərcləri şişirdir. Nəticədə yüksək amortizasiya xərcləri ortaya çıxır. Beləliklə də, Metropoliten maliyyə zərərinə uğrayır”.Hafiz Babalının fikrincə, Metropolitenin ciddi maliyyə nəzarəti olmalıdır: “O problem əvvəl də var idi. Necə ki, biz gördük ki, Tağı Əhmədov özünün dediyi kimi, illərdən bəri yığdığı vəsaitləri, kimlərəsə qeyri-qanuni yollarla verirdi. Bilmirəm, bu proses indi də baş verir, ya yox? Amma maliyyə problemlərinin olduğunu biz görürük. Ona görə də burada ciddi dövlət nəzarəti olmalıdır. Bilmirəm, Hesablama Palatası, yoxsa Maliyyə Nazirliyi bu məsələ ilə məşğul olmalıdır. Amma kimsə bu işlə məşğul olmalıdır. Deyək ki, bu gün Metropolitenin malliyə vəziyyəti çətindir və sabah gediş haqlarının qiymətini qaldırmaq üçün bu hüquqi, mənəvi əsas verir, tam yalnış yanaşmadır.  Metropolitenin problemləri tam başqadır və o həll olunmalıdır. Çünki biz vətəndaşlar metronun xidmətlərini yetərincə ödəyirik. Necə ki, sərnişin avtobuslarında 20 qəpik gediş haqqını ödəyirik, onlar da mənfəətlə çalışırlar, Metropolitendə də həmçinin... Mənfəətlə çalışmasaydılar yeni avtobuslar alınmazdı. İnsanlar maaşsız qalmazdı və heç bir dotasiya da almırlar. Metropoliten dövriyyəsinin yarısına qədər dotasiya alır və bununla belə maliyyə çatışmazlığından şikayətlənir. Bu bir nöz hökumətə nümayişkaranə bir jestdir. Yəni, bizim maliyyəmizi 8 milyon kəsdilər, baxın nəyisə ala bilmirik, bu zəruridir”.Ekspert qeyd edib ki, prezidentin Metropolitendə gediş haqqının artırılmaması haqda tapşırığı var: “Yəni metroda qiymət artımından söhbət gedə bilməz. Bu, əslində hökumətin xalqa qarşı amansız addımı ola bilər. İnsanlar metropolitendən gün ərzində istifadə edirlər. Bu qurum bir çox səviyyələrdə vətəndaşlara xidmət göstərir. Amma bu xidmətin haqqı indiki qiymətə adekvatdır. Ondan artıq qiymət biz Londonun, Parisin, Vaşinqtonun metropolitenləri haqda danışa bilərik. Burada qiymətlər yüksəkdir. Amma nəzərə almaq lazımdır ki, orada əsas vəsaitlərin özü də yenidir. Eyni zamanda həyat şəraiti və əhalinin gəlirləri də bizdəkindən qat-qat artıqdır.  Bizim ödədiyimiz məbləğ əmək haqqılarımıza və gəlirlərimizə cavab verir. Daha artıq yüksək qiymət haqsızlıq olardı”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları