Yuxarı

Növbə Bakıya çatacaq

Növbə Bakıya çatacaq

Böyük Şəhər Bələdiyyəsi yaradıla bilərZahid Oruc: “Burada idarəçilik o qədər də asan deyil”Hafiz Həsənov: “Yerli özünüidarəetmədə islahatlar aparılmasa,  Bakının statusundan danışmaq olmaz”Azərbaycan Avropa Şurasının üzv ölkələri arasında yeganə ölkədir ki, paytaxtının statusu yoxdur. İllərdir ki, Bakının statusu məsələsi həllini tapmır. Azərbaycan Avropa Şurası qarşısında bununla bağlı öhdəlik götürsə də, buna əməl etmir. Qonşu ölkələrdə bütün yerli idarəetmə orqanları seçki yolu ilə həyata keçirilir. Ən azı paytaxt Bakı və iri şəhərlərin özünün meri olmalıdır. Bu məsələ parlamentdə bir neçə dəfə gündəliyə çıxarılsa da məsələnin həlli reallaşmayıb.Yerli özünüidarə haqqında Avropa Xartiyasının 4.3-cü maddəsinin tələbinə görə, hazırda təyinat əsasında formalaşan və öz sakinləri qarşısında hər hansı şəkildə hesabatlı olmayan Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri demokratik seçkilər əsasında formalaşan mer institutuna ötürülməlidir. Bu tələb Avropa Şurasının ölkə hökumətinə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” 21 may 2003-cü il tarixli tövsiyyəsində öz əksini tapıb. Sənədin 8.2.6-cı bəndində deyilir: “Hazırda Bakı şəhərini dövlətin icra orqanları idarə edir. Nəzərə almaq lazımdır ki, paytaxt bir sıra hallarda yerli maraq çərçivəsini aşan məsələləri də çözməlidir. Həmin maraqlar naminə idarəetmədə qənaət və effektivliyin təmin olunması üçün bütün şəhər miqyasını əhatələyən demokratik şura seçilməlidir.Bu prinsip kiçik ərazilərdə bələdiyyələrin yaradılması ideyası ilə ziddiyyət törətmir, sadəcə, onların fəaliyyəti bütün şəhəri təmsil edən bələdiyyənin yaradılması ilə tamamlanmalıdır”. Bu sənəddə Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi göstərilir, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsi, Bakıda seçkili mer institutunun yaradılmasının  vacibliyi  xüsusi qeyd olunur. Avropa Şurasına üzv olan ölkələr sırasında Azərbaycan yeganə ölkədir ki, mer seçkiləri keçirilmir. Bu vəziyyəti aradan  qaldırmaq  üçün bələdiyyələrlə bağlı ciddi islahatlara ehtiyac var. İlk növbədə yerli özünüidarə ilə bağlı qanunverici baza təkmilləşdirilməli, həm bələdiyyələrin, həm də digər dövlət orqanlarının  səlahiyyət dairəsi dəqiqləşməlidir. Əsasən bir sıra qurumların səlahiyyətilə bələdiyyələrə verilməli,  iri şəhər bələdiyyələri yaradılmalı və  iri şəhər bələdiyyə sədrləri də  xalq tərəfindən seçilməlidir.Xatırladaq ki, 1999-cu ildən Azərbaycanda yerli özünüidarə orqanları -Bələdiyyələr formalaşmağa başlayıb. Hər  beş ildən bir  yerli özünüidarə orqanları seçki yolu ilə yenidən formalaşır. Milli Məclis 2001-ci ildə  Yerli  Özünüidarəetməyə  dair Avropa Xartiyasını ratifikasiya edib. Amma çox təəssüflər olsun ki, Azərbaycanda bələdiyyələr Xartiyanın tələblərinə uyğunlaşdırılmamış, digər Avropa ölkələrində olduğu kimi real hakimiyyətə malik, səmərəli və eyni zamanda vətəndaşlara daha yaxın olan idarəetmə orqanına çevrilə bilməyib. Bələdiyyələr faktiki olaraq yerli icra hakimiyyətinin tabeliyində olan səlahiyyətsiz, maliyyə imkanları çox zəif və fəaliyyətsiz bir quruma çevrilib.“Şəhər İcra Hakimiyyəti meriyaya çevrilməlidir”Məsələ ilə bağlı millət vəkili Zahid Oruc “Cümhuriyət” qəzetinə bildirib ki, Bakının statusu ilə bağlı məsələ parlamentdə bir neçə dəfə qaldırılıb: “Beynəlxalq təcrübədə paytaxt şəhərlərinin xüsusi statusu var. Bununla bağlı idarəetmə sistemində qeyd edilən seçki modeli uzun illərdir ki, tətbiq olunur və başlıca səbəb odur ki, iri meqapolislərin idarəçiliyi qeyri-mürəkkəbdir. Burada qabaqcıl innovasiyalar, xaricdən gələn investisiya mühiti və digər məsələlər xüsusi yanaşma tələb edir.Azərbaycanda şifahi dildə Bakı meriyası adlandırsaq da, əsl həqiqətdə Azərbaycanın rəsmi orqanları siyahısında Bakı Şəhər İcra Hakimiyyəti adını seçmişik. Təyinatlı bir orqan kimi də Bakı Şəhər İcra Hakimiyətinin başçısı seçilib. Məsələ ilə bağlı keçmişdə qanun layihəsi hazırlanmış və müəyyən müzakirələr aparılmışdı. Lakin sonrakı dövrdə qeyd etdiyimiz təcrübəyə o qədər də üstünlük verilmədi. Bunun da bəlli səbəbləri vardı. Bakı şəhəri yalnız bölgələrdən gələn əhalinin təmərküzləşdiyi, həmçinin Xəzər dənizinin akvatoriyasında bir paytaxt deyil. Eləcə də, yüz minlərlə köçkünün, qaçqının məskunlaşdığı bir yerdir. Burada idarəçilik o qədər də asan deyil. Bakı şəhərinə aid olan rayonların da icra hakimiyyətləri arasındakı münasibətləri qurmaq üçün həssaslıq tələb olunur. Qeyd etdiyimiz seçkiyə getmək nə qədər bizim üçün əlverişlidir. Onu təmin etmək o qədər də asan deyil. Ona görə də hakimiyyətin getdiyi yol daha doğru yanaşmadır ki, müəyyən bir zaman keçməlidir. Mən məcburi köçkünlərin və qaçqınların burada yaşamasını əsas məsələ kimi göstərmirəm. Sovet dövründə Bakı şəhərinin götürdüyü infrastruktur kütləsi indikindən qat-qat az idi. Burada müxtəlif qurumlar müəyyən qədər də müstəqilləşiblər. Mavi qaz, su sistemləri, enerji təminatı və digərləri hamısı müstəqil qurumlardır. Onların Bakı Şəhər İcra Hakimiyyətinə aidiyyəti də yoxdur. Belə olan təqdirdə statusun müəyyənləşməsi elə də asan deyil”.Deputatın qənaətinə görə, gələcəkdə bu məsələ özünün həllini tapmalıdır: “Bakı şəhəri İcra Hakimiyyəti meriyaya çevrilməlidir. Yalnız ondan sonra ölkə rəhbəri tərəfindən meriya üçün də seçkilər keçiriləcək. Müxtəlif Avropa ölkələrində olan zaman müşahidə etmişik ki, həqiqətən də paytaxt şəhərlərinin idarəçiliyi sayəsində onların bir tərəfdən ölkədən asılılığı aradan qaldırılır, özlərinin kifayət qədər böyük imkanları formalaşır. Həmçinin, dünya üçün turizm, tranzit və digər məsələlər üçün önəmli paytaxt rolu daşıyır. Bu gün Paris, Brüssel, Berlinin təkcə büdcəsi 100 milyard, 50 milyard dollar civarındadır. Zənn edirəm ki, bu məsələ zaman etibarilə qeyd etdiyimiz istiqamətdə həllini tapacaq”.“Azərbaycan öhdəlik götürüb”“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə qeyd edib ki, Bakının statusu məsələsi idarəetmə strukturlarında islahatlarla bağlı məsələdir: “Bakı bələdiyyəsi kimi Bakının statusuna gərək qanunvericilik imkan versin. “Yerli özünüidarəetmə“ haqqında qanunvericilik buna hüquqi əsas yaratmır. Ona görə də qanunvericilikdə zəruri dəyişikliklərin aparılması vacibdir. İkinci bir məsələ odur ki, bu status yaranandan sonra artıq Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Böyük Bələdiyyəsinin hansı formada olacağı məsələsi gündəmə gələcək. Sadəcə, bələdiyyələrin statusu ilə bağlı onların dövlət orqanı kimi tanınması statusu kimi məsələ ortaya qoyulmalıdır. Əgər buna uyğun maliyyə vəsaiti olmasa, yerli özünüidarəetmədə islahatlar aparılmasa, bu gün Bakının statusundan danışmaq olmaz. Bu bir kompleks-hüquqi, maliyyə və iqtisadi məsələdir.  Yəqin ki, bu prosesin aparılması ilk növbədə Azərbaycanın yerli idarəetmə sistemində islahatların hansı səviyyədə aparılacağından asılıdır. Bu olmayacaqsa, Bakının statusundan danışmağa dəyməz. Sadəcə bu məsələni gündəmdə saxlamaq lazımdır ki, növbəti mərhələdə dövlət orqanları Prezident Administrasiyası, parlament, Nazirlər Kabineti tərəfindən konkret siyasət irəli sürsünlər. Biz isə bu işin həllinə yardım edə bilərik”.Hafiz Həsənov qeyd edib ki, hazırda Azərbaycanın idarəetmə orqanlarında, xüsusilə də mərkəzi hakimiyyət orqanlarında, nazirliklərdə müəyyən struktur dəyişiklikləri aparılır: “Mümkündür ki, bu siyasət icra hakimiyyətləri səviyyəsində də həyata keçirilsin. O zaman artıq bələdiyyələr yerli icra orqanları ilə münasibətləri tənzimləyəndə, konkret olaraq Bakı Şəhər İcra Hakimiyyəti, yaxud Böyük Şəhər Bələdiyyəsi məsələləri gündəmə gələcək. Onlar paralel mövcud olacaq, yoxsa demokratik ölkələr kimi iri şəhər bələdiyyələrinin əsası qoyulacaq, bu o zaman bəlli olacaq”.Ekspert əlavə edib ki, təbii ki, Azərbaycan Bakının statusu ilə bağlı Avropa Şurası qarşısında öhdəlik götürüb: “Ölkə Yerliözünüidarəetməyə dair Avropa Konqresində də iştirak edir. Onun Azərbaycanla bağlı sənədlərində böyüş şəhər bələdiyyələrinin yaradılması ciddi bir məsələ kimi əks olunub.Güman edirəm ki, növbəti mərhələdə bu məsələ öz həllini tapacaq. Azərbaycan bu gün buna getməsə də, Avropa Şurasının üzvüdür, ora inteqrasiya edir, götürdüyü öhdəliklərin tələblərinə uyğun olaraq bu proses zamanla həll olunmalıdır. Hər halda gec-tez Azərbaycan buna getməlidir. Böyük şəhər bələdiyyəsi yaradılarsa, indiki haldan fərqli olaraq bu orqan daha yaxşı fəaliyyət göstərər. Böyük Şəhər Bələdiyyəsi daha səmərəli və effektiv olar. Xalq o idarəetmə formasında daha yaxşı iştirak edər, problemlərini daha yaxından bilər. Bir növ ictimai iştirakçılıq özünüidarə təşkilatının inkişafına gətirib çıxara bilər. Həyata keçirilən layihə və problemlərin həlli daha səmərəli təşkil olunar”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları