Yuxarı

Oliqarxların toy biznesi çökdü

Oliqarxların toy biznesi çökdü

“Pullular sərmayəni istehsal sahələrinə qoymalıdırlar”Elçin Bayramlı: “Getdikcə dəbdəbəli toyların sayı azalacaq”Son zamanlar paytaxtda satışa çıxarılan şadlıq saraylarının sayı artır. Toy biznesi ilə məşğul olan şəbəkə üzvlərinin sıradan çıxdığı müşahidə edilir. Hətta onların bəziləri artıq bu fəaliyyətlə məşğul olmaqdan imtina etməyə başlayıblar. Səbəbi məlum olmasa da, buna iqtisadi böhranın təsir etdiyi söylənilir. Artıq iqtisadi böhran toy biznesini çökdürməyə başlayıb. Araşdırmalara görə Bakının 2 məşhur şadlıq sarayı satışa çıxarılıb. Söhbət Yasamal rayonunda yerləşən "Filiz" Şadlıq Sarayı və 8-ci kilometrdəki "Şərq Saray"ından gedir.Məlumata əsasən, ümumi sahəsi 18 sot olan "Filiz" şadlıq sarayı "Quzu" restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan "Filiz" sahibinə ayda 25 min manat gəlir gətirir. "Şərq Saray" ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə daha artıqdır, yəni 12 milyon manatdır. Nəzərə alsaq ki, son vaxtlar toy sifarişlərinin də sayı xeyli aşağı düşüb. Bu mənada toy mafiyasının iflasa uğramasını rahatlıqla söyləmək mümkündür. İnsanlar iqtisadi çətinlik səbəbindən təmtəraqlı toy tədarüklərinin öhdəsindən gələ bilmədikləri üçün müvəqqəti, yaxud da birdəfəlik olmaqla toyları təxirə salıblar.“Xidmət sektoru risksiz və gəlirlidir”“Altay” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələnin həm iqtisadi, həm də sosial tərəfi var: “İqtisadi tərəf aydındır. Son vaxtlar əyləncə, çal-çağır xarakterli tədbirlərin sayı azalıb. Çünki həddən artıq təmtəraqlı tədbirlərin sayı çoxdur. Uşaq anadan oldu, məktəbə getdi, ad günü-filanla bağlı həddən ziyadə mərasimlər təşkil olunur. Azərbaycanda şadlıq evlərinin, restoranlarının sayı həddən artıq çoxdur. Təsəvvür edin ki, bu şəbəkə şəhəri tamamilə bürüyüb. O dərəcədə buna ehtiyac yoxdur. Təbii ki, bu gec-tez belə azalmalı idi. Son vaxtlar sahibkarlar daha çox bu sahəyə üstünlük verirlər. Bunun da fərqli səbəbləri var. Vəsaitləri istehsal sahələrinə qoymaq bəzən effekt vermir. Amma xidmət sektoru elədir ki, orada az sərfiyyatla, risksiz gəlir əldə etmək mümkündür. Məsələn, restoran işlədənlər hər il istehsalla məşğul olmur, əkin əkmir, sadəcə, xidmət göstərərək pul qazanırlar. Bir müddət bu xidmət sektoruna həddən artıq maraq oyandı və şəbəkə böyüdü. Hazırda bir çox toylar təxirə salınıb. Bundan əlavə imkansızlıqdan toyu çadırlarda edənlər də var. Bütün bu məsələlər toy biznesinə öz təsirini göstərir. İqtisadi tərəflərinə nəzər salanda, bazarda gəlirlər, pul və tələbat azaldığından, tək şadlıq evləri deyil, artıq evlərini, avtomobillərini satışa çıxaranlar da var. Bunu da alan olmayacaq. Çünki tələb o qədər deyil. Üstəlik, hazırkı restoranların, şadlıq evlərinin göstərdikləri xidmətlər əhalinin imkanları səviyyəsində deyil. Adam restoran açıb, xərc çəkib, təbii ki, xərcini çıxarmaq üçün qiymətləri yüksək qoymalıdır. Bu da disbalans yaradır. Toy etmək istəyənlərin çoxu bununla razılaşmır. Rəqabət belə getdikcə, başqası daha sərfəli və uyğun qiymətlər təklifi ilə çıxış edir. Qiymətlər artıq o səviyyədədir ki, bunlar rentabelli olmur. Maya dəyərini bir kənara qoyaq. Təsəvvür edin ki, bir günlük toy üçün şadlıq evində ən azı 1000 manatlıq elektrik enerjisi sərf olunur. Başqa vergilər, sosial xərclər-filan da bura daxildir ki, ödəmək çətindir. Ona görə də təkliflərin sayı artacaq, amma alan olmayacaq”.Çadır toylarının sayı artacaqEkspert qeyd edib ki, satışa çıxarılan şadlıq evlərini başqa obyektlərə çevirmək olar: “Daha səmərəli və istehsalçı obyekt kimi fəaliyyət göstərə bilər. Bütün şəhər restoran, şadlıq evi olmalı deyil. Qaldı sosial vəziyyətin ağırlaşmasına, bunun təsiri var və getdikcə gurultulu, dəbdəbəli toyların sayı azalacaq. İmkan daxilində, xüsusilə, kənd yerlərində yaşayanlar həyət toylarına üstünlük verəcəklər. Şəhər yerində edənlər isə çox kiçik zalları götürərək azxərcli formaya keçəcəklər. Böyük vəsait qoyub həddindən artıq restoran tikənlərin müştəriləri azalacaq. Onlar isə o obyektləri satmağa məcbur olacaqlar. Satanda isə bunu heç kim almayacaq. Adam var ki, şadlıq evinin tikintisinə 1 milyon xərc çəkib. Alan heç vaxt onu 1 milyon manata almayacaq. Çünki bilir ki, o qədər vəsaiti oradan qazanmayacaq. Əslində qəribə tendensiya gedir. Həm sosial-iqtisadi böhran gedir, həm də insanlar artıq xərclərini azaltmağa başlayır. Hər iki faktor bu sahəni sıradan çıxarır. Bu sahə rentabelli olmayacaq. Ona görə də ölkədə istehsal obyektlərinə maya və investisiya qoymaq lazımdır. Yaxşı olar ki, iş adamları həmin obyektləri başqa təyinatlarda istifadə etsinlər. Ölkənin iqtisadiyyatı təkcə xidmət sektoru ilə formalaşa bilməz. Ortada əmtəə yaranmalıdır. Ölkə istehsalyönümünə diqqət yetirməlidir”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları