Yuxarı

Nazirliklər azaldılır, nazirlər kreslonu itirir

Nazirliklər azaldılır, nazirlər kreslonu itirir

Azərbaycan hökuməti ciddi struktur islahatlarına start verib. Fevralın 13-də Nəqliyyat Nazirliyinin ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi də bundan xəbər verir. Hökumətin yeni “Yol xəritəsi”nə uyğun olaraq islahatlar mərhələli şəkildə davam etdiriləcək. Gələn məlumatlara görə, kiçik və effektli hökumət modelinə üstünlük verən hakimiyyət bir sıra nazirlik və dövlət komitələrinin sayını azaltmaq barədə qərar qəbul edib. İdarəetmənin təkmilləşdirilməsi yönündə atılacaq addımların iqtisadiyyatın inkişafına da kömək olacağını nəzərə alan hökumət bir-birilərinə paralel hesab olunan strukturları birləşdirmək barədə düşünür. “Yol xəritəsi”ndə nə var?Hökumətin “Yol xəritəsi”nin tərkib hissəsi olaraq Nazirlər Kabinetində böyük ölçüdə dəyişiklik etmək barədə qərar verdiyi də ehtimallar arasındadır. O da ehtimal olunur ki, islahatların tərkib hissəsi kimi baş nazir Artur Rasizadə əvəzlənəcək və ilk növbədə baş nazirin müavinlərinin sayı azaldılacaq.Hal-hazırda baş nazirin 6 müavini var ki, islahatlarla 4 müavin öz postunu itirə bilər. Digər ölkələrin təcrübələri nəzərə alınaraq baş nazir üçün nəzərdə tutulacaq 2 müavin postu da nazirlərdən seçiləcəyi gözlənilir.İslahatların ən əhəmiyyətli hissəsinin Nazirlər Kabinetinin strukturlarının sayının azaldılmasıyla bağlıdır ki, hökumətin bu mərhələdə bir sıra qurumları birləşdirəcəyi gözlənilir. Ehtimal var ki, Diasporla İş üzrə Dövlət Komitəsi Xarici İşlər Nazirliyinə, Müdafiə Sənayesi Nazirliyi, Səfərbərlikvə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi Maliyyə Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi halda Energetik Nazirliyinin ləğvi gündəmdədir. İslahatların davamı olaraq ayrı-ayrı vaxtlarda İdman və Gənclər Nazirliyinin Mədəniyyət və Turizm Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv olunaraq yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə birləşdiriləcəyi gözlənilir. Beləliklə, ayrı-ayrı vaxtlar üçün mərhələli şəkildə nəzərdə tutulmuş islahatların ilkin mərhələlərində 28 struktur saxlanılmaqla qalanların ya alternativ qurumlara birləşdiriləcəyi, ya da birdəfəlik ləğv olunacağı ehtimal olunur.İslahatlar nə vəd edir?İqtisadçılar hesab edirlər ki, Azərbaycanda kənarda maliyyə daxilolmalarının azaldığını və maliyyə böhranının daha da kəskinləşəcəyini nəzərə alaraq, qənaət rejiminə keçid məqsədiylə dövlət büdcəsindən maliyyələşən nazirlik, dövlət komitələri və idarələrin sayı yarıbayarı azaldılmalıdır. Hesab olunur ki, 44 nazirlik və komitə var ki, Azərbaycan kimi kiçik bir dövlət üçün bu, böyük rəqəmdir.Təklif olunur ki, əgər hökumət idarəetmə sistemində ciddi islahatlar barədə düşünürsə, kiçik və effektli hökumət modeli yaradılmalı, bunun üçün də ilk növbədə nazirlik və komitələrin sayı azaldılmalıdır. İdarəetmənin təkmilləşdirilməsi yönündə atılacaq addımlar iqtisadiyyatın inkişafına da kömək ola bilər. Yəni, iqtisadi inkişafın yolu idarəetmədəki ciddi problemlərin həllindən keçir. Bu baxımdan da bir-birilərinin təkrarı olan bir sıra nazirlik, yaxud komitələrin birləşdirilməsi, o cümlədən, ləğv olunması məsələsi aktualdır. İqtisadçılara görə bu, idarəetmənin keyfiyyətini artırardı və inzibati problemləri həll edərdi, biznes üçün münbit şəraitin yaranmasına səbəb olardı.Mənsur





Həftənin ən çox oxunanları