Yuxarı

Enerji sektoru bir əldə cəmləşir

Enerji sektoru  bir əldə cəmləşir

  İslahatlar Naxçıvandan başladı İlham Şaban: “Avropa Komissiyasının Azərbaycana verdiyi təşəbbüs idi” Ramil Hüseynov: “Hökumətin islahatdan başqa yolu yoxdur” Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılıb. Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb. Xidmət elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyətinə Naxçıvan Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Naxçıvan Dövlət Energetika Xidmətinin strukturuna Xidmətin  aparatı (şöbələr və sektorlar), Xidmətinin strukturuna daxil olan qurumlar - Yüksəkgərginlikli Elektrik Şəbəkəsi və şəhər (rayon) elektrik şəbəkələri daxildir. Naxçıvan Dövlət Energetika Xidməti aparatının işçilərinin say həddi 28 ştat vahidi müəyyən edilib. Ekspertlərdən təklif Ekspertlər ölkənin energetika sahəsində bir-birini təkrarlayan və mahiyyət etibarilə eyni olan çoxlu sayda qurumların olduğunu nəzərə alaraq, bu təşəbbüsün bütün Azərbaycana şamil olunmasını təklif edirlər. Təklif olunur ki, dövlət büdcəsindən maliyyələşən bu qurumların vahid mərkəzdə birləşdirilməsi, yaxud sahənin mərkəzləşdirilməsi əlavə maliyyə itkilərinin qarşısını alacaq. Məsələn, bu baxımdan eyni xətt üzrə işləyən Energetika Nazirliyi, “Azərenerji” və “Azərişıq”ı yaradılması təklif olunan Azərbaycan Dövlət Energetika Xidmətində birləşdirmək mümkündür. Bu təşəbbüsün həyata keçirilməsi həm insanlarda yaranmış çaşqınlığı aradan qaldıracaq, həm dövlətin valyuta ehtiyatlarından qənaətlə istifadə etmək imkanı yaranacaq, həm strukturların çeviklik və mobilliyi artacaq, həm də bu sahədəki pərakəndəlik aradan qalxacaq. Məsələn, Energetika Nazirliyinin hansı prinsip üzərində işləməsi, yaxud bu dövlət qurumunun nə üçün lazım olması birmənalı deyil. Əgər energetika sahəsinə nəzarəti həyata keçirən ARDNŞ, “Azərenerji”, yaxud “Azərişıq” kimi eyni mahiyyət kəsb edirlərsə, sahənin ayrı-ayrı bölmələrini əhatə edə bilirlərsə, belə bir quruma nə ehtiyac var? Əgər nazirliyin olması hökumət üçün vacibdirsə, o zaman təkrarlanan qurumları Energetika Nazirliyində birləşdirmək mümkün haldır. Valyuta ehtiyatlarının kəskin şəkildə azaldığı və müasir dünyanın mobil və çevik hökumət modelinə üstünlük verdiyi vaxt, bu kimi qurumların bir komitədə birləşdirilməsi daha məqsədəuyğun olardı. “Bu, Avropa Komissiyasının təşəbbüsü idi” Energetika sahəsi üzrə mütəxəssis İlham Şaban “Cümhuriyət” qəzetinə belə bir qurumun yaradılmasına ehtiyacın olmadığını deyib. İ.Şaban hesab edir ki, Energetika Nazirliyi bu sahədə olan dövlət siyasətini tənzimləyə bilir: “Naxçıvanda Energetika Nazirliyi yox idi, yəqin ki, xidmət bu məqsədlə yaradılıb. Bunu bütöv Azərbaycana şamil etməyə ehtiyac yoxdur. Energetika Nazirliyi bu sahəyə nəzarət edir, buna görə də digər qurumun yaradılmasına ehtiyac yoxdur. Nazirlik energetika sahəsində dövlət siyasətini tənzimləyir, lazım olan tədbirləri həyata keçirir. Energetika Nazirliyi 2001-ci ildə ona görə yaradılıb ki, dövlətin enerji siyasətini bir qurum halında tənzimləsin. Bu, Azərbaycanın yox, Avropa Komissiyasının Azərbaycana verdiyi təşəbbüs idi”. “İslahatlardan başqa yol yoxdur” Vətəndaş və İnkişaf Partiyası İcra Aparatının rəhbəri Ramil Hüseynov “Cümhuriyət”ə bildirib ki, Azərbaycanda ciddi struktur islahatlarının keçirilməsinə ehtiyac var. R.Hüseynov indiki böhran şəraitində hökumətin islahatdan başqa çıxış yolunun olmadığını diqqətə çatdırıb: “Müəyyən sahələrdə islahatlar aparılsa da bunun effektli nəticəsini görməmişik. Çünki islahatların tərkib hissəsi kimi peşəkar kadrlara yer verilmir. Beləliklə də heç bir nəticə olmur. Naxçıvanda müəyyən işlər görülür, bu istiqamətdə addımlar atılır. Amma Vasif Talıbovun bu təşəbbüsünün bütöv Azərbaycan üzrə tətbiq edilməsinin uğurlu olub-olmayacağını demək çətindir”. Mənsur





Həftənin ən çox oxunanları