Yuxarı

Parlamentdən siqaret qadağası

Parlamentdən  siqaret qadağası

  Deputat DTX-nı hərəkətə keçməyə çağırdı Aprelin 14-də Milli Məclisin plenar iclası keçirilib. “Cümhuriyət” qəzeti xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 39 məsələ təklif olunub. İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun 2016-cı il üzrə hesabatını təqdim edib. Hesabat müzakirələrdən sonra səsə qoyulub və qəbul edilib. “Camaat at, eşşək əti yeyir” Deputat Fazil Mustafa Hesablama Palatasının hesabatında nöqsan kimi xarakterizə olunan faktlara diqqət çəkib. O, deyib ki,  11,3 milyon manat 75 min və 17 min avro məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılmasından söhbət gedir. F.Mustafa qeyd edib ki, Beynəlxalq Bankda mənimsənilmiş böyük vəsaitlərin heç biri büdcəyə qaytarılmayıbsa, biz bu işlərlə qane ola bilmərik: “Sənəddə bu faktların sadəcə bir nöqsan olaraq göstərməyin nə mənası var? Bizi daha çox maraqlandıran nəticədir. Dövlət vəsaitlərinin büdcəyə qaytarılması üçün daha ciddi addımla atılmalıdır”. F.Mustafa qida təhlükəsizliyi məsələsində hökm sürən vəziyyətə də diqqət çəkib: “Son vaxtlar hər gün oxuyuruq ki, filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi. Kəsib lüləkabab şəklində restoranlarda vətəndaşlara yedirirlər. Bu, hansısa məmurun vəsaitlər qazanması müqabilində baş verir. Yaxud adi Xəzər dənizinin balığına da vətəndaş həsrət qalıb. Mal-heyvanı, nefti-qazı başa düşdük. Bu balığa ki, ot, yem verilmir. Elə qiymət qoyurlar ki... bu ökədə yaşayan vətəndaş da heç olmasa o kürüdən bir qaşıq yeyə bilməlidir axı.  Heç olmasa bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”. “O cəzanın nə əhəmiyyəti var” Deputat Siyavuş Novruzov bildirib ki, dövlət büdcəsindən mənimsənilən vəsaitlərin geri qaytarılması ən ali şərtlərdən biridir: “Dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzanın növündən asılı olmayaraq əgər dövlət vəsaiti geri qayıtmırsa, o cəzanın nə əhəmiyyəti var?”. Onun sözlərinə görə kimsə qohum-əqrabasının vasitəsilə külli miqdarda pulu ölkədən çıxarsa və o vəsaitlər qayıtmayacaqsa, o cəzanın nə əhəmiyyəti var?! Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək. S.Novruzov qeyd edib ki, Hesablama Palatasına əlavə səlahiyyətlər verilməlidir: “Əgər bir yerdən siqnal daxil olursa ki, orada pozuntular var, Palataya səlahiyyət vermək lazımdır ki, oranı dərhal yoxlasın və nöqsanların qarşısını vaxtında alsın. Yoxsa biz illərlə gözləyək ki, kimsə ora süpürgə çəksin, sonra biz axtaraq, görək o pullar necə oldu. Neçə illər banklara inam yaranmışdı, amma bəzilərinin nöqsanları nəticəsində bu gün bank sektorunda problemlər yarandı. Ona görə də bu nöqsanların qarşısı vaxtında alınmalıdır”. “Pensiya yaşı artırılmamalı idi” Deputat Əli Məsimli Hesablama Palatasının hesabatının müzakirəsi zamanı bildirib ki, hesabat daha çox faktaloji materiallara əsaslanır. Deputat deyib ki, bu hesabat əvvəlki dövrlərdəkindən fərqlənir, ona görə də sənədi müsbət qiymətləndirmək olar. Əli Məsimli bununla belə  bildirib ki, büdcə vəsaitlərinin artırılması üçün xırda xərcləri məhdudlaşdırmaq effektli deyil: “Pensiya yaşının artırılması, işığın, qazın qiymətinin qaldırılması ilə büdcəyə böyük vəsaitlər qazandıra bilməyəcəyik. Korrupsiya, inhisarın aradan qaldırılması büdcəyə kifayət qədər böyük məbləğlər qazandıra bilər. Hər halda biz kölgə iqtisadiyyatından daha çox faydalanmaqla yüz milyonlarla vəsaiti büdcəyə cəlb edə, daha ciddi uğurlara nail ola bilərik”. Deputat deyib ki, büdcəyə bərpa olunan vəsait dəryada damladır: “Amma zəruri tədbirlər görülsə, on milyonlarla vəsaiti büdcəyə bərpa etmək olar. Biz büdcənin vəsaitinin 10 faizinin xarici borcların ödənməsinə sərf etməyə başlamışıqsa, artıq bu, həyəcanlı məsələdir. Bir məktəbin tikilməsinə, yolun çəkilməsinə üç dəfə pul ayrılır, amma nə məktəb var, nə yol. Hesablama Palatasında bu kimi faktlar əksini tapmalıdır. Məmur sahibkarlığının qarşısını almasaq, Azərbaycan iqtisadiyyatının inkişafı mümkün olmayacaq”. “DTX saqqallıları araşdırmalıdır” Deputat Qüdrət Həsənquliyev Yasamalda məscidin sökülməsi zamanı polisə müqavimət göstərən saqqallıların Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırılmasını təklif edib: “Əminəm ki, onlar barəsində araşdırılma aparılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimz casus yuvasına çevrilsin. Bu, məsələ mütləq araşdırılmalıdır”. Q.Həsənquliyev xanım jurnalistlə Yasamal rayon İcra Hakimiyyətinin başçısı arasında yaşanan insidentlə bağlı da danışıb. Deputat bu məsələ ilə bağlı Mətbuat Şurasının monitorinq keçirməsini təklif edib. Siyavuş Novruzov isə bildiridi ki, Azərbaycanda 2500-ə yaxın məscid fəaliyyət göstərir. “Heydər Məcsidi təkcə Cənubi Qafqazda deyil, əksər müsəlman ölkələrində ən müasir, yüksək arxitekturaya malik məsciddir. Bu il İslam Həmrəyliyi ili elan olunub, ona görə də aranı qarışdırmaq istəyən qüvvələr var. Ona görə də biz ayıq-sayıq yanaşmalıyıq. Hörmətli jurnalistlərimiz də diqqətli olmalıdır. Ondan 50-100 metr aşağıda Təzə Pir məscidi var, get, orda namazını qıl. Yaxud bir az o tərəfdə İmam Hüseyn məscidi fəaliyyət göstərir” . Yeni işçi qrupu yaradıldı Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Qeyd edilib ki, işçi qrupunun yaradılması parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyır. İşçi qrupunun rəhbəri deputat Vüsal Hüseynov seçilib. “Siqaret çəkən qadınların sayı artıb” Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsindən danışıb. Deputat deyib ki, müzakirəyə təqdim olunan qanun layihəsi, cəmiyyəti çox ciddi düşündürən bir sosial problemə və bu sahədə hüquqi bazanın möhkəmləndilrilməsinə xidmət edir; “Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə bəşəriyyətin hər 4 kişisindən və hər 20 qadınından biri mütəmadi olaraq siqaret çəkir və tütün aludəçisidir. Hər il dünyada 5,4 milyon insan tütün istehlakından və onun törətdiyi xəstəliklərdən həyatını itirir. Hesablamalar bu rəqəmin 2030-cu ildə 10 milyon nəfərə çatacağını ehtimal edir. BMT-nin “Tütünə qarşı mübarizə haqqında” çərçivə konvensiyasına dünyanın 168 ölkəsilə yanaşı Azərbaycan da qoşulub və sənəd 1 noyabr 2005-ci ildə bizim parlamentdə ratifikasiya olunub”. Onun sözlərinə görə bütün bunlara baxmayaraq, Azərbaycanda da siqaretə aludəçiliyin dinamikası ilə bağlı rəqəmlər heç də ürək açan deyil”. O, tütün məmulatlarına qarşı mübarizənin gücləndirilməsini təklif edib. “Filtrsiz siqaretlər qadağan edilməldir” Deputat Rüfət Quliyev təklif edib ki, Azərbaycanda filtrsiz siqaretin istehsalı tam şəkildə qadağan edilməlidir. Deputat bildirib ki, filtrsiz siqaretin ziyanı filtrli siqaretdən 3-4 dəfə çoxdur. O, qeyd edib ki, Azərbaycana xaricdən gətirilən siqaretlərin keyfiyyəti ciddi şəkildə yoxlanılmalıdır: “Bunun üçün xüsusi laboratoriyalar var və həmin laboratoriyalarda xaricdən gətirilən siqaretin qutusunun üstündə yazılan məlumatlara uyğun olub-olmaması müəyyən edilməlidir”. Deputat Tahir Kərimli isə bildirib ki, qanunun icrasının həyata keçirilmə forması açıqlanmalıdır: “18 yaşına çatmayanların tütündən istifadə etməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu, ondan ibarətdir ki, tütün məmulatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”. Milli Məclisin sədri Oqtay Əsədov T.Kərimliyə cavab olaraq deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları