Yuxarı

Azərbaycanda boşanmalar azalacaq

Azərbaycanda boşanmalar azalacaq

  Sosial evlər yeni ailələrə verilsə… Azərbaycanda son zamanlar boşanmaya dair dəhşətli statistikası müzakirələr yaradıb. Az qala hər gün boşanmaların artması barədə məlumatlar yayılır, statistik göstəricilər bu məlumatların sübutu kimi təqdim edilir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub. Hər aya 1200-dən artıq boşanmanın olması təbii ki, dəhşətli rəqəmdir və vəziyyətin bu həddə çatmasının sosial-iqtisadi, psixoloji səbəbləri araşdırılmalıdır. Ancaq təəssüf ki, bu gün Azərbaycanda bu kimi məsələlərlə məşğul olan sosioloji mərkəzlər yox dərəcəsindədir. QHT-lər işini ancaq məhdud çərçivədə əsasən maarifləndirmə tədbirləri çərçivəsində qurur, dövlət qurumları isə əsasən statistik hesabatları toplayıb təqdim etməklə kifayətlənir. Dəyişən isə heç nə olmur-boşanmalar sürətlə artır. 21 ildir boşanmalar artır... Ümumiyyətlə, statistik məlumatlar son 21 il ərzində Azərbaycanda boşanmaların sayının artdığını söyləməyə imkan verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5 669, 2005-ci ildə 8 895, 2011-ci ildə 10 747, 2012-ci ildə 11 087, 2013-cü ildə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb. Əvvəllər boşanma hallarının yarısı uşağı olmayan ailələrdə qeydə alınırdı və əsas səbəb kimi məhz bu göstərilib. Lakin zamanla uşaqlı və uzunmüddətli ailələrdə də boşanmaların artması səbəblərinin dəyişməsi ilə əlaqələndirilir. 2015-ci ilin məlumatına görə, 2 976 halda iki və daha çox uşağı olan ailələr boşanıb. Statistika Komitəsinin açıqlamasına görə, ölkə üzrə olan bütün boşanmaların 4 253-ü Bakının, 820-si Abşeron iqtisadi rayonunun, 1 877-i Gəncə-Qazax, 636-ı Şəki-Zaqatala, 586-sı Lənkəran, 598-i Quba-Xaçmaz, 2 012-i Aran, 916-sı Yuxarı Qarabağ, 435-i Kəlbəcər-Laçın, 299-u Dağlıq Şirvan, 332-i Naxçıvan Muxtar Respublikasının payına düşüb. Rəsmi səbəb “xasiyyətləri tutmur”, qeyri-rəsmi səbəb 10-larla... Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi boşanmaların səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu"nun ilk yeri tutduğunu deyir. Ancaq bu təbii ki, boşanma ərizələrində göstərilən səbəbdir. Əksər hallarda kənar müdaxilə, iqtisadi problemlər, ailədaxili zorakılıq, seksual uyğunsuzluq boşanmaların əsas səbəbi olduğu halda bütün bunlar ərizələrdə “xasiyyətlərin uyğun olmaması” kimi göstərilir. Buna görə də boşanma səbəbləri ilə bağlı xüsusi arşadırmalara ehtiyac görülmür. İnsanların xasiyyətini hansısa vasitə ilə bir-birinə uyğunlaşdırmaq olmaz. Amma ailələri boşanmaya aparan iqtisadi, sosial, psixoloji səbəbləri aradan qaldırmaq olar. Təəssüf ki, buna cəhd edən dövlət qurumu yoxdur. Dövlət Komitəsinin statistikasna görə, ötən il Azərbaycanda xasiyyətləri uyğun gəlməyən 7300-dən çox cütlük boşanıb. Ailədaxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb. “Kişinin qazancı evdə, özü çöldə” təsəllisi köhnəlir... Son zamanlar boşanmaların səbəbləri arasında xəyanət tez-tez sıralanır. Qadın və ya kişi tərəfindən xəyanət ən yaxşı halda sonda boşanmaya, ən pis halda isə hətta qətlə gətirib çıxara bilər. Azərbaycanda rəsmən bu səbəblə boşanan cütlüklər ötən il 413 olub. Ancaq istər QHT təmsilçiləri, istərsə də psixoloq və ya sosioloqlar xəyanətə görə boşanma hallarının bu rəqəmdən dəfələrlə artıq olduğu qənaətindədir. Sadəcə, məsələ yenidən ərizədə göstərilən “xasiyyətin uyğunsuzluğu” səbəbi ilə ört-basdır edilir. Bu da təbiidir. Nə xəyanət edən, nə də xəyanətə məruz qalan tərəf bunu etiraf etmək istəyər. Əgər əvvəl xəyanətə görə ancaq kişilər boşanma qərarı verirdisə, indi ərinin xəyanəti ilə üzləşən qadınlar da ayrılmağı üstün tutur. Göründüyü kimi, “kişinin qazancı evdə, özü çöldə” təsəllisi artıq köhnəlir... Pulsuzluq ailələri dağıdır Ekspertlər ölkəmizdə boşanma səbəbləri sırasında iqtisadi çətinliklərin də ön sırada dayandığını bildirir. Ancaq yenidən sənədlərə müraciət etsək, rəsmən bu səbəblə boşanma hallarının cəmi 302 olduğunu görərik. Halbuki boşanan və ya bu həddə çatan cütlüklərin əksəriyyəti səbəb kimi məhz iqtisadi problemləri göstərir. Xüsusilə, son 2 ildə ölkədəki iqtisadi böhran, iş yerlərinin bağlanması, bahalaşma, evsizlik ailənin maddi təminatında ciddi problemlərə səbəb olub. Məsələn, 2 uşaq anası olan həmsöhbətimiz Sevda Quliyeva (ad, soyad şərtidir- müəllif) bildirib ki, ikinci devalvasiyadan sonra həyat yoldaşı işini itirib. Bu səbəbdən yaşadıqları mənzilin kirayəsini verə bilməyiblər və 3 ay borcdan sonra ev sahibi onları mənzildən çıxarıb: “Bundan sonra qayınatamgilə getdik. Orda da 2 baldızım və qaynımın ailəsi yaşayır. 2 otaqlı evdə 7 nəfər yaşayırlar. 4 nəfər də biz olduq. 11 nəfər 2 otağa sığışmaq mümkün deyildi. Evin pulunun da yarısını ikinci gəlinin atası verib. O da qızının onsuz da çətin yaşadığını görüb bizim də ora köçməyimizi qəbul etmədi. Məcbur qalıb 2-3 ay da mənim atamgildə yaşadıq. Ərim bu müddətdə işdən-gücdən tamamilə soyudu, heç axtarmırdı da. Mənim də ata evim Ağsu rayonundadır. Axırda məni rayondə qoyub guya iş axtarmaq üçün Bakıya getdi. 7 ayda cəmi 2 dəfə gəlib uşaqları gördü. Axırda da dedi ki, dostu onu işləmək üçün Belarusa çağırır, gedib orda kartof əkəcəklər. Gedəndən sonra mənə zəng etdi ki, təcili boşanmalıyıq. Çünki orda evlənmək istəyir ki, daha yaxşı maaş alsın, yaşamaq üçün icazə versinlər. Nə edə bilərdim? Gəldi ərizəni verdik, heç 3 ayı da gözləmədik, mən də razılıq ərizəsini imzaladım, boşandıq. İndi Belarusdadır. Uşaqlara kəsilən alimenti bir dəfə poçtla göndərib. 11 ayda bir dəfə 200 dollar  aliment göndərib. Bir-iki dəfə də qardaşı ərzaq alıb rayona gətirib. Bizə atam baxır. Atam məndən tez ölsə, nə olacağını bilmirəm”. Ağsaqqallar məsuliyyət götürmək istəmir Azərbaycanda boşanan ailələrin sayının rəsmi statistikadan bir neçə dəfə artıq olduğunu deyən (söhbət uzun illər dini nikahda yaşayıb daha sonra ayrılan cütlüklərdən gedir- red.) “Təmiz dünya” təşkilatının rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, ailə inistitutu məhv olur: “Əvvəllər də ailələrdə problemlər olurdu və onların həllinə əsasən nəslin böyükləri, ağsaqqalar müdaxilə edirdi. Ancaq indi bu müdaxilə kifayət qədər azalıb və təsirini itirib. Çünki insanlar barışdırdıqları ailənin sonrakı həyatı üçün cavabdehlik daşımaq istəmirlər. Xatırlayırsınızsa, gənc qadının əri öldürmüşdü və məlum olmuşdu ki, həmin qadınlar dəfələrlə boşanmaq üçün ailəsinin yanına gedib. Sonuncu dəfə kənd icra nümayəndəsi onu evinə qayıtmağa razı salıb. Elə evinə qayıtdığı gecə əri tərəfindən qətlə yetirilib. İnsanlar bu hadisələri oxuyur, görür və prosesin sonrakı inkişaf üçün cavabdeh olmaq istəmirlər. Bizim sığınacağa müraciət edən qadınların əsas şikayətləri ailədaxili zorakılıq və ya iqtisadi problemlər olur. Hətta bu zaman da ailə böyüklərini çağırıb onlarla söhbət etmək çətindir. Çünki belə ailələr adətən, dəfələrlə mübahisələrdən, ayrılıb-birləşmələrdən keçir, böyüklərin də onların əsas problemini, məsələn, işsizliyi həll etmək imkanı olmur. Sadəcə, araya girib barışdırmaqla, özlərinin həyatı barədə məsləhət verməklə, nümunə göstərməklə problemin həllinə çalışırlar. Problem isə həll edilməmiş qalır və qısa müddət sonra yenidən ortaya çıxır. Çünki səbəb aradan qaldırılmır”. “Bəzən qətldən qaçmağın  yeganə yolu boşanmaq olur” Hüquq müdafiəçisi deyir ki, digər tərəfdən hər gün yayılan qadın qətlləri xəbərləri ağsaqqal və ağbirçəkləri daha ehtiyatlı davranmağa vadar edib: “Onlar qızlarını evinə qaytardığı zaman belə bir aqibətlə üzləşməyəcəyindən əmin olmurlar. Bu baxımdan bəzi hallarda baş verə biləcək dəhşətdən qaçmaq üçün ayrılmağı yeganə yol hesab edirlər. Bu məqamda yeganə müsbət tərəf ailələrin övladlarına sahib çıxması cəhdidir. Biz müraciət daxil olduğu an onu araşdırmağa, tərəfləri bir araya gətirib problemi həll etməyə, barışdırmağa çalışırıq və buna müvəffəq olduğumuz zamanlar da az deyil. Amma bəzən elə köklü və həlli bizim tərəfimizdən də mümkün olmayan problemlərlə üzləşirik ki, boşanmaq insan həyatını xilas etməyin yeganə yolu olur. Amma təbii ki, bu, istisna hallar üçün belədir. Bir çox hallarda tamamilə boş bir səbəbdən ayrılmaq istəyən cütlüklər olur ki, orda sırf böyüklərin müdaxiləsinə ehtiyac var. Bəzən qadınlar oxuduqlarının, gördüklərinin təsirinə düşür, kişilər isə ailə məsuliyyətini yetəri qədər dərk etmədən evliliyə addım atırlar. Kənar müdaxilələr, xüsusilə, iqtisadi asılılıq da boşanmalarda mühüm rol oynayır. Valideynlər təmin etdikləri gənc ailədə söz sahibi olmaq istəyir və bu qəbul edilmədikdə boşanma tələbi qoyurlar. Bütün bunların kökündə isə gənclərin məsuliyyət və vəzifəsini tam anlamadan sadəcə, evlilik xatirinə nikaha daxil olması dayanır”. Sosial ev boşanmaları azaldacaq? Ekspert hesab edir ki, boşanma ilə bağlı vəziyyəti aradan qaldırmaq üçün sadəcə, statistik məlumatları açıqlamaq yox, həm də dövlət və QHT-lərin iştirakı ilə səbəblərlə bağlı geniş müzakirələr, araşdırmalar aparılmalıdır: “Səbəbləri gizlətməklə heç nəyə nail olmaq mümkün deyil. Rəqəmləri gizlətmək mümkün olmadığı kimi səbəbləri də açıqlamaq və onları aradan qaldırmağa çalışmaq lazımdır. Məsələn, gənc ailələrə dövlət dəstəyi istiqamətində hansısa layihələri həyata keçirmək olar. Belə layihələrdən biri sosial evlərlə bağlı ola bilər. Gənc ailələrin qazancının böyük hissəsi kirayəyə xərclənir, ən azından ailənin bu yükünü müəyyən qədər azaltmaq mümkündür. Beləliklə də iqtisadi problemlərlə bağlı boşanmaların sayında azalmaya nail olmaq mümkündür”. Tək deyilik: Bu ölkələrdə də pulsuzluğa görə boşanırlar Boşanmalar təkcə Azərbaycanın problemi deyil. Dünyanın əksər ölkələrində boşanma problemi var və günbəgün artır. Macarıstanda nikahların 67 faizi pozulur. Bu ölkədə hər on kişidən biri boşanıb. İsveçdə nikahların 47 faizi uğursuz olur. Çexiyada boşanmalar son 25 ildə 16 faizdən 66 faziə yüksəlib. Portuqaliyada hər gün 70 boşanma olur ki, bu da nikahların 68 faizi deməkdir. Ukrayna da keçmiş sovet məkanında boşanmaların çox olduğu ölkədir. Burda boşanma faizi artıq 42-yə çatıb. Amerikada ailələrin 53 faizi boşanır. Rusiya da boşanma faizi ilə “liderlər” arasındadır. Bu ölkədə uğursuz ailələr 51 faiz təşkil edir. Başqa bir keçmiş sovet respublikası olan Belarusda bu rəqəm 68 faizdir. Əksər ölkələrdə boşanma səbəbləri arasında maddi çətinlik, ər-arvadın cinsi uyğunsuzluğu, psixoloji problemlər ilk üçlükdə dayanır. Deməli, problem hər yerdə eynidir, sadəcə, bu problemə diqqət yetirmək və mümkün qədər aradan qaldırmağa çalışmaq laızmdır. Sevil Ağazadə





Həftənin ən çox oxunanları