Yuxarı

Sərnişindaşımaya dövlət nəzarəti qayıdır

Sərnişindaşımaya  dövlət nəzarəti qayıdır

  Mais Ağayev: “Bakıətrafı kənd və qəsəbələrdə köhnə avtobuslar xəttdən çıxarılacaq” "Baku Bus” sərnişindaşıma şirkətinin yaradılmasından və Avropa Oyunları ərəfəsində paytaxta gətirilən müasir sərnişin avtobuslarının xəttə buraxılmasından sonra sərnişindaşımada uzun illərdir hökm sürən bərbad vəziyyətin aradan qaldırılmasına ümid yarandı. Hətta bildirildi ki, əsasən Bakıətrafı qəsəbələrdən şəhərə hərəkət edən köhnə avtobuslar “Baku Bus” avtobusları ilə əvəzlənəcək. Bununla da illərdir sərnişindaşımada olan acınacaqlı durumdan sərnişinlərin canı qurtaracaq. Amma bu baş vermədi. İllərdir ki, çox sayda “Baku Bus” avtobusları istifadə olunmadan şirkətin dayanacağında saxlanılır. Növbə ilə artan nöqsanlar... Bakı və ətraf qəsəbələrə hərəkət edən sərnişin avtobuslarındakı nöqsanlar bitib-tükənmək bilmir. Avtobusların istifadəyə yararsızlığı, nasazlığı nə natəmizliyi, onların dolanbac yollarla hərəkəti, dayanacaqdan kənar yerlərdə saxlaması, salonu normadan artıq sərnişinlə doldurması və bu kimi digər problemlərlə hər gün rastlaşırıq. Ən dəhşətlisi həddən artıq sıradan çıxmış, yararsız hala düşən avtobusların hələ də xəttə qalmasıdır. Əslində bu avtobusların hərəkəti həddindən artıq təhlükəlidir. Çünki bu marşrutların görünüşləri kimi daxili də nasazlıqlarla doludur. Bu vəziyyəti sürücülərin özləri də etiraf edir. Onlar avtobusların vəziyyətinin ürəkaçan olmadığını etiraf etsələr də, sərnişinlərdən fərqli olaraq bunun səbəbini yolda görürlər. Bildirirlər ki, yolların bərbad halda olması avtobusların sıradan çıxmasına səbəb olur. Analoji vəziyyət digər əksər marşrutlarda da müşahidə olunur. Məlum olduğu kimi sərnişindaşıma qaydalarına görə, ictimai nəqliyyat vasitələri sanitar-gigiyenik qaydalara cavab verməli, avtobusların salonu təmiz olmalıdır. Amma bu gün bu tələblər qorunmur. Hətta normal havalarda salon zibil içindədir. Bundan əlavə əksər marşrutların salonunda qəribəliklər müşahidə olunur. Daha çox sərnişin yığmaq üçün salonda olan oturacaqların bir neçəsi yerindən çıxarılıb. Maraqlıdır ki, sərnişindaşımada niyə reyd keçirilmir. Əgər reyd keçirilərsə və oturacaqların qaydasında olmadığı aşkarlanarsa, avtobus sürücüsü 50 manat cərimə oluna bilər. Əslində belə avtobuslar xəttə çıxa bilməz. Daha çox narahatlıq yaradan problem sürücülərin avtobusa normadan çox sərnişin yığmasıdır. Salonda rahat dayanmaq mümkün olmur. Hətta sıxlıq o səviyyədədir ki, iynə atsan yerə düşməz. Marşrutdakı basabasdan sinirləri gərilən sərnişinlər isə bundan çıxış yolunu tapa bilmirlər. Belə şikayətləri elə sərnişinlərin özləri deyib, özləri də eşidirlər. Dolanbac yollu avtobuslar... Bu günlərdə daha bir məsələ gündəmə gəlib. Belə ki, Bakı daxilində hərəkət edən əksər avtobuslar mənzil başına çatmaq üçün uzun yol qət edirlər. Yəni dolanbac yollarla gedəcəkləri ünvana çatırlar. Bu isə həmin marşrutlardan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olub. Məsələn, 46, 124, 96, 136, 171 nömrəli marşrutlar A məntəqəsindən B məntəqəsinə çatmaq üçün şəhərin bir neçə istiqamətlərini fırlanmalı olurlar. Bu isə artıq vaxt itkisi və sərnişinlərdə müəyyən əsəb və gərginlik yaradır. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, sərnişindaşımada elə bir tələb yoxdur ki, marşrut xəttinin A nöqtəsindən B nöqtəsinə olan məsafə tutaq ki, 30 km-dən artıq olmamalıdır: “Onunla belə marşrut xətləri çəkilərkən nəqliyyatla bağlı bir sıra məqamları var ki, onlar mütləq nəzərə alınmalıdır. Bu marşrut xəttinin keçdiyi ərazidə dayanacaqların sayı, eləcə də marşrut xəttinin keçdiyi sxem üzrə sərnişin axını nəzərə alınır. Marşrutun qısa getməsi üçün, yəni A nöqtəsindən B nöqtəsinə hərəkət etməsi üçün ekspress xətləri var. Bu xətlər hələlik bizdə Hava Limanı istiqamətinədir. Yəni 28 may-Koroğlu və ordan Heydər Əliyev adına hava limanı tərəfə istiqamətlənir. Qayıdanda da həmçinin o istiqamətlərə gedir. Başqa heç bir yerdə bu avtobuslar dayanmır. 124 nömrəli marşrutla bağlı onu deyə bilərəm ki, bu avtobus Lökbatan qəsəbəsindən çıxır “Binə” Ticarət Mərkəzindəki Nəqliyyatın Mübadilə Mərkəzinə daxil olur. Orada intervalına uyğun dayandıqdan sonra sərnişinləri götürüb geri qayıdanda üzü Lökbatan qəsəbəsinə hərəkət edir. Ancaq “Sədərəy”ə girmir. Təkcə 124 nömrəli avtobus deyil, hər hansı bir marşrut ona müəyyən olunmuş xəttdən kənara çıxarsa, ona qarşı ciddi tədbirlər görüləcək. Yoxsa ki, məcburi şəkildə belə bir hal yaşanarsa, biz ictimaiyyətə bununla bağlı məlumat veririk və ona görə marşrut xətti dəyişdirilir. Hansısa sürücünün istəyi ilə xətdən kənara çıxmaq olmaz. Qeyd edim ki, yaxın gələcəkdə bütün şəhərdəki nəqliyyat marşrut xətləri yenidən qurulacaq. Agentlik yaxın 6 ay ərzində Bakı şəhərində müvafiq analizlər aparacaq və marşrut xətlərini yenidən bölüşdürəcək. Çünki bir çox xətt üst-üstə düşür. Məsələn, A nöqtəsindən C nöqtəsinə avtobus gedirsə, arada 1 kilometr fərq olan B nöqtəsinə artıq başqa marşrut gedir. Bu, nəinki tıxaclara, eyni zamanda sərnişinlərin də narahatlığına səbəb olur. Biz çalışırıq bunların hamısını optimillaşdıraq. Məqsədimiz paytaxtın nəqliyyat sferasını bugünkü real tələbə uyğun formalaşdırmaqdır. Paytaxtda sərnişin nəqliyyatı ilə məşğul olmaq istəyən sahibkarlara, avtobuslara, qarajlara, sürücülərə, taksilərə və taksi sürücülərinə dair tələblər artıq formalaşıb və işlər yekunlaşıb. Bu tələbləri müvafiq dövlət qurumlarına da göndərmişik”. Sərnişinlərin ikiillik intizarı... Mais Ağayev Bakı və Bakıətrafı qəsəbələrdə hərəkət edən marşrut avtobuslarının yararsız halda olması məsələsinə də toxunub. O, deyib ki, həm şəhərı yaxın işləyən avtobusların, həm də Bakıətrafı qəsəbələrə hərəkət edən sərnişindaşımaların texniki baxımdan yararsız olması problemi mövcuddur: “Bu problemləri danmaq olmaz. Bakı Nəqliyyat Agentliyi bu kimi problemlərin həlli istiqamətində müxtəlif layihələr hazırlayıb. Həmin layihələr qəbul olunduqdan və icrasına başlanıldıqdan sonra mərhələli şəkildə Bakıətrafı kənd və qəsəbələrdə köhnə avtobuslar xəttdən çıxarılacaq. Bu proses əslində çox mürəkkəbdir. Amma maksimum dərəcədə çalışırıq ki, 1-2 ilə problemin həllinə nail olaq. Həqiqətən də Bakıətrafı qəsəbələrə işləyən avtobusların müəyyən göstəriciləri Bakı Nəqliyyat Agentliyinin qanunvericilikdən irəli gələn tələblərinə uyğun deyil”. Köhnə avtobusların “Baku Bus” avtobusları ilə əvəzlənməsi məsələsinə gəlincə, Agentlik rəsmisi vurğulayıb ki, sözügedən şirkət dövlətə məxsusdur: “Hər halda imkan daxilində baxacağıq. Mümkün olarsa onların nəqliyyat vasitələrindən istifadə olunacaq. Bakı Nəqliyyat Agentliyi düşünür ki, marşrut xətləri bundan sonra Nazirlər Kabinetinin 52 saylı qərarı ilə müsabiqə yolu ilə veriləcək. Müsabiqədə həm “Baku Bus”, həm də digər müasir daşıyıcılardan hansısa qalib gələrsə, tələblərə cavab verərsə həmin sərnişindaşımadan istifadə olunacaq”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları