Yuxarı

Alıcıları aldatmağın “rus yolu”

Alıcıları aldatmağın “rus yolu”

Bazarda “rus malı” adı ilə məhsullar satılır Eyyib Hüseynov: “Əsl kərə yağı kəsiləndə parçalanıb tökülməli,səlis kəsilməməlidir” Fazil Talıblı: “Əgər əmtəə nişanı varsa, qeydiyyatdan keçirsə, həmin o addan istifadə edə bilər” Marketlərdə Rusiya istehsalı olması təəssüratı yaradan yerli məhsular satılır.Zahiri görünüşünə görə bu malların Rusiyada istehsal edildiyi barədə təsəvvürlər oyanır.Hətta alıcılar həmin malları Rusiya istehsalı hesab edərək bu məhsullara daha çox üstünlük verirlər. Amma məhsulların üzərində cox kiçik hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda əslində onların Azərbaycan malı olduğu anlaşılır. Bu gün mağazalarda istənilən qiymətə kərə yağı tapmaq mümkündür.Ən ucuz kərə yağları 3 manata satılır.Bu yağların Rusiya istehsalı olduğu deyilsə də, mağazalarda bunu təsdiq edəcək heç bir sənəd və ya sertifikat yoxdur. Ucuz qiymətə satılan bu yağların tərkibinin əsas hissəsi trans, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətri alınır. Rus markası adı altında daha çox süd məhsullarının satışına rast gəlmək mümkündür. Ekspertlər hesab edir ki, ərzaq məhsullarının istehsalı ilə məşğul olan azərbaycanlı sahibkarlar məhz malların üzərində rus brendlərini həkk etdirməklə alıcıları bu məhsullara cəlb edirlər.Çünki Azərbaycanda Rusiya istehsalı olan ərzaq məhsullarına daha çox etibar var. Zənn olunur ki, ölkənin məhsulları daha keyfiyyətlidir.Kiçik firmalarda rus markası adı altında istehsal olunan belə ərzaq növlərinin əslində keyfiyyət, sanitar və standart baxımından normalara cavab vermədiyi bildirilir.Keyfiyyətin olmaması daha çox yağlardadır. Bəzi ekspertlərin fikrincə, yağların içinə balina yağı və heyvanların iç piyi qatılır. Təəssüfedici məqamlardan ən əsası isə ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizasının aparılmamasıdır. Əsl kərə yağı necə olmalıdır? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında əsl kərə yağını necə tanımağın yollarından danışıb. O deyib ki, əsl kərə yağının rəngi açıq sümük rəngində olmalıdır. Yəni, kərə yağı tünd sarı rəngdə olmamalıdır. Kərə yağını kəsəndə eyni rəngli qatlar görünməlidir: “Normal kərə yağı ilə qatqılı kərə yağını dükanda bu cür ayırd etmək olar. Mağazada yağ bölməsinə yaxınlaşsanız, görəcəksiniz ki, bütün yağlar eyni temperaturda qoyulub. Bu yağları sıxın, hansı yağ bərkdirsə, o təmiz kərə yağıdır. Hansı yağ eyni temperaturda olmasına baxmayaraq boşdursa, o təmiz kərə yağı deyil. Əsl kərə yağı kəsiləndə parçalanıb tökülməli, səlis kəsilməməlidir.Ona görə də kərə yağının donma temperaturu daha azdır, nəinki qatqılı yağlar.Kərə yağlarının qatqılı olub-olmamasını o cür yoxlamaq olar.Kərə yağını əritməklə, onun qoxusu ilə də bunu ayırd etmək olur.Amma dükandan alarkən yuxarıda sadaladığım formada yoxlaya bilərlər”. Ekspertin sözlərinə görə sanki Azərbaycanın biznes qurumları ölkə prezidentinin apardığı Azərbaycan brendinin təşviqi çağırışlarını boykot edirlər: “Azad İstehlakçılar Birliyi bu vəziyyətdən olduqca narahatdır. Dəfələrlə bu problemlərlə bağlı İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırmışıq.Lakin problem bu günə kimi həllini tapmayıb.İstehlakçının milli dildə informasiya almaq hüququ var. Demək birmənalı şəkildə istehlakçılar aldadılır. Ən narahatverici məqam odur ki, “İvonovka”nın bizim brend kimi tanınması məsələsidir. Bunun İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur.Yerli mal hər zaman üstün olur, bunu da daha çox yerli istehsalçılar tanıdır.İstehlakçıların aldadılması daha çox süd və süd məhsullarında özünü göstərir.Bu anormal haldır”. Birlik rəsmisi əlavə edib ki, bir çox ölkələrdə istehlakçılar üçün məlumat standartı deyilən bir standart var: “Azərbaycanda belə bir standart yoxdur. Bu problemə daha çox İqtisadiyyat Nazirliyi nəzarət etməlidir.Çünki istehlakçıların hüquqlarını qoruyan qurum o nazirliyin tərkibindədir.Onlar da yalnız biganəlik və seyrçi münasibət göstərirlər. Təsadüfi deyil ki, iki il öncə Rusiya prezidenti Vladimir Putin istehlakçı hüquqlarını qoruyan bütün təşkilatlarla görüş keçirib. Bu kimi məsələlər orada müzakirə olundu.Ölkə başçımız bu qədər sahibkarlarla görüşlər keçirir.Çox istərdim ki, bir dəfə də istehlakçı hüquqlarını qoruyanlarla görüş keçirsin”. Bu cür məhsullara necə sertifikat verilməsi məsələsi ilə bağlı Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qeyd edib ki, sertifikatlaşdırma ilə komitə məşğul olmur: “Sertifikatlaşdırma siyasəti, ümumiyyətlə, uyğunluğun qiymətləndirilməsi məsələləri səlahiyyətləri, indiki halda Azərbaycan Akkreditasiya Mərkəzi, akkreditasiya edən qurumlar həyata keçirir. Qaldı ki, ad məsələsinə, bu çox fərdli bir məsələdir. Əmtəə nişanından söhbət gedirsə, onun sertifikatlaşdırmaya heç bir dəxli yoxdur.Əmtəə nişanı da bir sahibkarın öz əmtəə və xidmətləri digərlərindən fərqləndirmək məqsədilə mühafizə hüququ sənədi aldıqdan sonra istifadə etdiyi nişandır. Əgər əmtəə nişanı varsa, qeydiyyatdan keçirsə həmin o addan istifadə edə bilər“. Alçina Amilqızı





Həftənin ən çox oxunanları