Yuxarı

Hicab məktəblərə “ayaq açıb”

Hicab  məktəblərə  “ayaq açıb”

  Tural İrfan: “Azyaşlıların bu yola məcbur edilməsi yolverilməzdir” Elnur Rüstəmov: “Hicab məsələsində məcburiyyət gələcəkdə təhlükəli məqamlara yol aça bilər” Son zamanlar azyaşlı qızların hicab bağlaması halları çoxalıb. Daha çox dindar ailələrin öz qızlarını iradələrindən asılı olaraq hicaba bürümələri müşahidə edilir. Azərbaycan cəmiyyətində azyaşlıların hicaba məcbur edilməsi birmənalı  qarşılanmır. Çoxluq əsasən orta ümumtəhsil məktəblərində qızların hicabdan istifadə etməsinin əleyhinədir. Ekspertlərin fikrincə, istənilən yaşda olan qız hicabı könüllü olaraq bağlamalıdır. Məcburi baş örtüyünə cəlb edilmə düzgün deyil. Hətta uşaqların məcburi hicaba bürünmələri ciddi fəsadlara yol aça bilər. “Qurani Kərim”də “Nur” surəsinin 31-ci ayəsində qeyd edilib ki, qızların orqanizmindən asılı olaraq, həddi buluğa çatdığı andan etibarən hicab taxması məcburidir. “Məktəblinin öz geyim forması var” İlahiyyatçı Tural İrfan “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, azyaşlıların bu yola məcbur edilməsi yolverilməzdir: “Qadınlarımızın hicab bağlaması şəriətdə vacib buyurulur. Son dövrlərdə biz görürük ki, qadınların əksəriyyəti niqaba bürünür, üzlərini bağlayırlar. Bu isə cəmiyyətdə psixoloji cəhətdən mənfi aura yaradır. Bu formada deyil, sadəcə qadının məhrəm yerlərinin örtülməsi İslamda vacib buyurulub. Onların naməhrəmdən örtünmələri vacibdir, məhrəmdən deyil... Yəni, qardaşı, atası, əmisi, dayısından deyil, başqalarından örtünməlidirlər. O dövrdə, xüsusilə də Ərəbistanda vəhşilik hökm sürürdü, qadınlara heyvan kimi yanaşırdılar, hücum edirdilər. Bu baxımdan qadınların örtünmələri Allah tərəfindən məsləhət görülüb. Son zamanlar hicab bağlama geniş vüsət alıb. Həddi-buluğa çatmamış, ərə getmək yaşına çatmamış qız uşağının hicaba bürünməsi vacib deyil. Azərbaycanda da məlum məsələdir ki, ərə getmək yaşı aşağı gəlsək 17-18 yaşından götürülür. Həmin yaş dövrünə qədər qızların hicab bağlaması, bizim mühitimizə uyğun olaraq vacib deyil. Sadəcə bəzi nadan şəxslər, dini düzgün təbliq etməyənlər Azərbaycanı Ərəbistanla bərabər tuturlar. Ərəbistan isti ölkə olduğu üçün qadın tez həddi-buluğa çatır. Orada 9 yaşından qızlar hicab bağlayır. Xüsusən, tərəfdarı deyiləm ki, hicabla dərsə gəlsinlər. Məktəblinin öz forması var və dövlət tərəfindən qəbul olunmuş standart qanundur. Baxırsan ki, üçüncü sinif şagirdi hicabla məktəbə gəlir. Bu doğru addım deyil. Digər tərəfdən Allah əgər hicabı vacib buyurursa, əlavə olaraq yaşadığın ölkənin qanunlarına tabe olmaq da vacibdir. Demirəm ki, açıq-saçıqlıq da olar. Təbii ki, hər kəs yaşına uyğun olaraq normal geyimdə görünməlidir”. Məqsədli şəxslərin hicab siyasəti... Ekspertin sözlərinə görə yaşı az olan qızların məcburi hicab bağlamaları müəyyən problemlər yara bilər: “Məlum məsələdir ki, onlar o yaşda tam anlaqsız vəziyyətdədirlər. Yəni, onlar şəriətin hökmünü də o səviyyədə qavramır. Sadəcə olaraq valideynin əmrinə tabe olurlar. 70-80 faiz azyaşlı qızlar hicabı nə üçün bağladıqlarının fərqində deyillər. Əksinə, narahat olurlar ki, məktəbdə o formada görünürlər. Şahidi də olmuşuq ki, belə uşaqlara başqaları tərəfindən qeyri-adi baxılır. Belə xoşagəlməz hallar baş verir. Həmiş yaşda uşaq hicabın mahiyyətini anlamır. Hətta uşağın özünə də hicab sıxıcı gəlir. Qız uşağı anlaqlı vəziyyətdən sonra hicaba dəvət edilməlidir. Müəyyən həddi-buluğa çatan qız hicabı özü istəməlidir. Həddi-buluğ məsələsi şəriətin xüsusi bir hökmüdür. Sual ortaya çıxır ki, məgər üçüncü sinif şagirdi, 9 yaşında qız ərə getmək yaşındadımı ki, onu biz naməhrəmdən qoruyub, hicab bağlayırıq. Hesab edirəm ki, bu ənənə bəzi ruhanilərin, din adamlarının Azərbaycanda yalnış moizələr verməsi nəticəsində genişlənir. Bu cür din adamları başqa ölkələrin öz ab-havasını, siyasi-islami təfəkkürünü gətirib ölkəmizdə aşılayırlar. Bunun təsirinə düşən valideynlər isə başlayırlar həmin ənənəni övladlarına tətbiq etməyə...Həmin ölkələr heç öz ailələrinə, övladlarına bu ənənəni tətbiq etmirlər. Müəyyən müctəhidlər, xarici alimlər var ki, Azərbaycanda özlərinin şəriət adı altında təsir rıçaqlarını yaradırlar. Məqsəd isə dövlətə, millətə təsir etməklə siyasi addımlar atmaqdır. Hesab etmirəm ki, Azərbaycandakı din adamları, şəriəti bilənlər azyaşlıların hicab bağlanmasına qarşı göstəriş versinlər, Qazilər Şurası hansısa bir fətva versin. Kökünü araşdırsaq, məlum olar ki, bu hardasa İrandan, Turandan, Ərəbistandan, hansısa “müsəlman ölkələrindən birindən” gəlmiş və şəriət donu geydirilmiş “qanunlardır””. Ciddi fəsadlara yol açan hicab... “Psixologiya və Konsultasiya Mərkəzi”nin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə isə azyaşlıların məcbur edilərək hicab bağlamaları gələcəkdə ciddi fəsadlara yol aça bilər: “3 yaşından 10 yaşına qədər hicab bağlamaq daha çox valideynlərin iradəsi ilə baş verir. Həmin uşaqlar da nə üçün hicab bağladıqlarının fərqində deyillər. Yəni, hicabın fəlsəfəsini anlamırlar və buna həyat tərzi kimi baxırlar. Yeniyetməlik dövründə isə hicab bağlamaq başqa səbəblərdən ola bilər. Məsələ burasındadı ki, biz dünyəvi ölkədə yaşayırıq. Hər bir valideyn övladı ilə münasibətdə sərbəstdir. Biz desək ki, hicab bağlamaq düzgün deyil, valideynin işinə qarışmış olarıq. Amma mütəxəssis kimi məsləhət edə bilərik ki, sizin baxış tərziniz var və bunu uşaqlarınıza yansıtmayın. Bəlli, bir yaş dövründən sonra ümumiyyətlə, dindən imtina edir və tamamilə fərqli bir həyat tərzini üstün tutur. Bu diqqətdən kənarda qalmamalıdır. Bütün hallarda yaxşı olardı ki, valideyn uşağı hicaba dəvət etmək əvəzinə, İslamın tələb etdiyini özü öz həyatında və ailəsi ilə münasibətində yaşasın. Narahat olmasınlar, bəlli bir dövrdən sonra uşaqlar özləri hicab bağlayarlar. Bunu deməyə də ehtiyac yoxdur. Bəzən biz görürük ki, onların etdiyi əməllər üst-üstə düşmür. Uşaq da bəlli bir yaşdan sonra bunu görür və xəyal qırıqlığına uğrayır. Onları dedikləri bir şeydir, etdikləri başqa bir şey... Təbii ki, bunu hamıya şamil etmirik. İslamda da deyilir ki, hər şey niyyətə bağlıdır”. Psixoloqun dediyinə görə hicab məsələsində məcburiyyət gələcəkdə təhlükəli məqamlara yol aça bilər: “Onların gələcəkdə həyati baxışına, insanlara münasibətinə birbaşa təsir göstərə bilər. Çünki Azərbaycan reallığından söhbət gedirsə, hətta hicab taxan qızları təhsildən uzaqlaşdırmaq prosesini də müşahidə edirik. Bu artıq faciədir. Biz hansı əsrdə yaşayırıq. Birbaşa olaraq valideynin diktəsi, qorxusu altında uşaq böyütmək prosesi ilə qarşılaşırıq. Bu məqamda diqqətli olmaq lazımdır. Elə dövlətlər var ki, orada hicab bağlamaq qayda halındadır. Biz dünyəvi dövlət olduğumuzdan Azərbaycanda belə yanaşma yoxdur. Hesab edirəm ki, Azərbaycanda hicab kimi məsələlər hansısa marağa xidmət məqsədi daşıyır”. Alçina Amilqızı





Həftənin ən çox oxunanları