Yuxarı

"DəmirBank" Çovdarovun güdazına gedir


Zərərlə işləyən bankı kimlər qoruyur?

Ölkədə baş verən iqtisadi böhran bankların maliyyə hesabatlarına da ciddi şəkildə təsir etdi. Bu gün fəaliyyətini davam etdirən bankların əksəriyyəti 2016-ci ilin yekunlarını ciddi maliyyə itkisi ilə (zərərlə) başa vurub. Hesabatlarını təqdim edən bankların özlərinin verdiyi məlumatlardan bunu açıq şəkildə görmək mümkündür. Ən çox problemlərlə gündəmə gələn bank isə "DəmirBank" ASC-dir. Xatıradaq ki, bir müddət öncə "DəmirBank"da ard-arda baş verən 2 oğurluq hadisəsi ilə gündəmə gəlmişdi.

Qeyd edək ki, xakerlər "DəmirBank"da 2 dəfə vətəndaşların əmanətlərinin yerləşdirildiyi hesablardan külli miqdarda vəsait oğurlamışdılar. Ancaq bank ekspertləri bu məsələdə qaranlıq məqamların olduğunu və oğurluq hadisəsindən bankın vəzifəli şəxslərinin də xəbərdar olduğunu xüsusilə vurğulayırdılar. Son olaraq isə "DəmirBank" 2017-ci ilin ilk rübünü 7, 258 milyon manat zərərlə başa vurduğunu açıqlayıb. Məlumatlarda göstərilir ki, cari ilin ilk rübünə olan məlumata əsasən, bankın faiz gəlirləri 260 milyon 67 min manat, qeyri faiz zərəri isə 2 milyon 504 min təşkil edib. Bank ilk rübdə məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarında 3 milyon 419 min manat itirib.

Buna rəğmən bankın xalis əməliyyat mənfəəti 9,8 milyon manat ətrafında formalaşıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artım deməkdir.  Lakin daha böyük məbləğdə vəsait 16,8 milyon manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə xüsusi ehtiyatlar şəklində ayrılmışdır. Beləliklə bank ilin ilk rübünü 7, 258 milyon manat zərərlə başa vurub.

Nəzərə almaq lazımdır ki, bu rəqəmlər cari ilin ilk ayının nəticələridir. İlin bitməsinə isə hələ uzun zaman qalıb və "DəmirBank"ın 2017-ci ili daha çox zərərlə başa vuracağı gözlənilir. Bu isə bankın gələcək dövrlərdə fəaliyyətini dayandıracağı anlamına gəlir.

Ekspertlər də hesab edir ki, bağlanma ehtimalı ən yüksək olan bankların biri "DəmirBank" ASC-dir. Belə ki, bu bank ölkədə baş verən iqtisadi böhrandan sonra bir müddət bazarda öz varlığını qoruya bilsə də ehtimal olunur ki, yaxın günlərdə bu bank öz fəaliyyətini dayandıracaq. Bir müddət öncə "DəmirBank"da baş verən 3 milyon manatlıq oğurluq hadisəsi bankın imici qədər, vəziyyətinə də mənfi təsir göstərən amil kimi qiymətləndirilir. Ötən ilin sonlarında isə "DəmirBank"ın 3 filialının öz fəaliyyətini dayandırması, bankın maliyyə vəziyyətinin yaxşı olmadığını göstərən əsas amillərdən biridir. Filialların bağlanması səbəbləri haqqında "DəmirBank"dan verilən məlumata görə, filialların bağlanmasına səbəb filialların ləğv edilərək portfelin digər filiallara ötürülməsi, yeni biznes dövrünə keçid və xərclərin optimallaşdırılmasıdır.

"Dəmirbank"ın kredit portfeli böhran dövrünə qədər digər banklardan daha yüksək idi və məhz buna görə də  bu bankda problemlərin həcmi digərlərinə nisbətən daha çoxdur. Problemli kreditlərin həcminin yüksək olması isə bankın aktivlərinin (oxu: nəğd pul həcminin) azalması anlamına gəlir. Bu isə onu deməyə əsas verir ki, artıq bankın fəaliyyəti üçün lazımlı qədər maliyyə resursları qalmayıb. Bu isə praktik qaydada bankın lisenziyasının ləğvinə gətirib çıxarır. Bu gün bank sektorunda acınacaqlı durumda olan tək bank "DəmirBank" olmasa da, əsas namizədlərdən biridir.

Bir müddət öncə "DəmirBank" ASC-də yaranan vəziyyəti "Cümhuriyət" qəzetinə şərh edən bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirmişdi ki, bankda baş verən oğurluqda bir sıra şübhəli məqamlar var. Ə.Həsənov həmçinin oğurluğun bankın daxilindən edilməsinin daha güclü ehtimal olduğunu vurğulamışdı.

"DəmirBank"da baş verən olaylar, bankın zərərlə işləməsi və bütün bunlara rəğmən hələ də fəaliyyətini davam etdirməsi onu deməyə əsas verir ki, bu bankı qoruyan "əl" kifayət qədər güclüdür. Qeyd edək ki, "DəmirBank"ın sabiq deputatlardan birinə məxsus olduğu bildirilir. Bir müddət öncə isə yayılan məlumatlarda bu bankın Milli Təhlükəsizlik Nazirliyinin  sabiq generalı Akif Çovdarovla sıx əlaqələri olması gündəmə gəldi. Hər-halda "DəmirBank"la bağlı məsələyə tezliklə aydınlıq gətiriləcək. Ən güclü ehtimal isə bankın fəaliyyətinə xitam verilməsidir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları