Yuxarı

Ailə cinayətinin arxasından dini sekta çıxdı

Ailə cinayətinin arxasından dini sekta çıxdı

Mehriban Zeynalova: ”Arvadını döyəndən sonra  ”bıçağı gətirim, başını kəsim, qan içmək istəyirəm, çoxdandır qan içmirəm” kimi ifadələr səsləndirib” 

Elşad Miri: ”Qan içmək” kimi anormal halları təbliğ edən sektanın mövcudluğundanməlumatsızam”

Tural İrfan: ”Bu cür vəhşiliklər satanizm və masonlarda var”

Şirvanda həyat yoldaşı tərəfindən döyülərək övladını itirən qadının gəlin olduğu ailə ilə bağlı şok təfərrüatlar üzə çıxıb.Məlum olub ki, Şirvan sakini Ülviyyə Kərimovanı döyən Elşad Mədətovun ailəsi hansısa dini sektanın üzvüdür.Hətta bu ailənin satanistlərə xidmət etdiyi ilə bağlı ehtimallar var.

Həyat yoldaşına işgəncə verən kimlərə xidmət edir? 

Bu günlərdə ”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova əri tərəfindən döyülən qadınla görüşüb və onu sığınacağa dəvət edib. Bu barədə ”Cümhuriyət” qəzetinə danışan QHT rəhbəri deyib ki, qadın ailə qurandan sonra onun həyatı cəhənnəmə dönüb: ”Ümumiyyətlə, evlilikdən sonra qadın əri tərəfindən mütəmadi döyülüb. Əri hamilə vaxtı tez-tez onun qarnına təpik vururmuş.Hətta qayınanası tərəfindən də zorakılığa məruz qalıb.Qayınanası tez-tez onun başına zərbələr vurur, digər zorakı hərəkətlər edirmiş.Qadın danışdı ki, toydan sonra məcburi başını bağlatdırıblar.Ailəsi ilə görüş, gediş-gəliş və telefon danışıqları məhdudlaşdırılıb.Həmin gün hadisənin mahiyyəti belə olub ki, qayınanası fen istəyib, gəlin eşitməyib. Gecə əri başlayıb qadını döyməyə...

Daha çox qarın nahiyəsinə və başına zərbələr yetirilib ki, uşaq sağ qalmasın. Döyəndən sonra isə  ”bıçağı gətirim, başını kəsim, qan içmək istəyirəm, çoxdandır qan içmirəm” kimi ifadələr səsləndirib. Döyüləndən sonra qadının sancıları tutub, hardasa 15-16 saat ağrıdan əziyyət çəkib.Buna baxmayaraq tibbi xidmətə istiqamətlənməyib.Sadəcə, anasına zəng ediblər ki, gəlib qızını aparsın.Onu isə qapının ağzında oturdublar, içəri buraxmayıblar.Ana qızını evə aparandan sonra görüb ki, vəziyyəti yaxşı deyil.Həkimə çatdırılan zaman qadının doğuş prosesi başlayıb və uşaq sağ qalmayıb.Baş həkimin sözlərinə görə, doğuşdan sonra uşağın qabırğa hissəsində göyərmə var idi.Ana bətnində döyüldüyünə görə izi qalmışdı.Qızın bədənində göyərti yoxdur, sadəcə, qolunda və dizində göyərmə izləri var. Əri sonra xəstəxanada dava salıb ki, arvadı ilə görüşmək istəyir.

Hətta deyib ki, arvadı onu bağışlayacaq.Qız həddən artıq qorxu içindədir.Ona deyiblər ki, uşağı doğandan sonra onu əlindən alacağıq və səni də dördüncü mərtəbədən atacağıq.Elə biləcəklər ki, özün-özünü öldürmüsən.Bu cür cəhənnəmin içinə yenidən qayıtmağı heç cür ağlına gətirmir.Hamiləliyin bütün dövrünü sarsıntı içində keçirib.Qızın anası da çox həyəcan içindədir.Çünki evlilikdən sonra onların görüşünə, əlaqəsinə imkan verilməyib.Biz onu sığınacağa dəvət etdik ki, həm psixoloji yardım alsın, həm də ümumi cinayət işinin gedişi ilə bağlı məsələni nəzarətə götürək.Amma hələ hüquq-mühafizə orqanları araşdırma aparır”.

Qadın sarsıntı içində...

Hüquq müdafiəçisinin sözlərinə görə qızın qohumları ehtimal edirlər ki, ər tərəfin hansısa dini sektaya bağlılığı var: ”Qayınanası da başıbağlıdır və hər gün harasa gedirmiş. Bu onların dediyidir.Yəni, mən oğlan tərəflə danışmamışam.Hazırda qız sarsıntı içindədir və ailəyə qayıtmaq istəmir.Baş həkim bu məsələdə çox diqqətlidir.Hələ ki ekspertizanın rəyini gözləyirik.Bir şəxsin sağlamlığında problem varsa, vaxtında həkimə çatdırılmırsa və ölümlə nəticələnə biləcək fakt varsa, bi cinayət məsuliyyətidir. Qıza deyiblər ki, ”çıx, get”. O, isə pulunun olmadığını və yolu tanımadığını deyib. Sonra baxın, belə işgəncələrə məruz qalıb.Mətbuatda bu məsələ ”mentalitet” kimi qələmə verilib.Bu mentalitet deyil, vəhşilik və cinayətdir”. Xatırladaq ki, Şirvan sakini, 1988-ci il təvəllüdlü Mədətov Elşad Nazim oğlu 7 aylıq hamilə olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib. Ü. Kərimova Şirvan doğum evinə çatdırılıb. Vaxtından qabaq və xəsarətlərlə doğulan uşaq 10 dəqiqə sonra ölüb.Uşağın meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə müayinə olunmaq üçün təhvil verilib.Ü.Kərimovanın yaxın qohumlarının bildirdiyinə görə, o, əri tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qalıb.Elşad Mədətov baş verənlər barədə polisə ifadə verib.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Olayda qeyd olunan dini sekta məsələsi müzakirə obyekti olub.Maraqlıdır, Azərbaycanda qana susamış və bu cür vəhşiliklərə xidmət edən dini sekta fəaliyyət göstərirmi?

Dini ekspert Elşad Miri ”Cümhuriyət” qəzetinə açıqlamasında ”qan içmək” kimi anormal halları təbliğ edən sektanın mövcudluğundan məlumatsız olduğunu deyib.Hətta ”Üzümlük” adlı sektanın adını ilk dəfə eşitdiyini deyib.

Satanist və masonlar insan qanı içir...

Digər dini ekspert Tural İrfanın sözlərinə görə isə əslində belə vəhşiliklər satanizm və masonlarda mövcuddur: ”Yəni, bu cür təriqətlərdə qan içmək kimi hallar var. Sadəcə, o təriqətlərin Azərbaycanda mövcudluğuna bir qədər şübhə ilə yanaşıram. Onun Amerika, Avropa ölkələrində olması ilə bağlı vaxtilə mütəmadi məlumatlar verilirdi. Bu cür sektalar xristian təmayüllü təriqətlərdir.Məsələn, satanistlərdə müəyyən əlamətdar günlər var ki, həmin gündə şeytana, iblisə bir insan qurban verməlidirlər.Xüsusən də körpələri qurban verirlər və bu ayinləri gizli keçirirlər.Qaniçmə mərasimi isə onların özlərinin məxfi ayinlərinin tərkib hissəsidir.Ola bilsin ki, bu təriqətlərin üzvləri Azərbaycana da müəyyən qədər sızıb. Bu məsələ yalnız bununla əlaqəli ola bilər. İnanmıram ki, həmin şəxs İslam cərəyanının üzvü olsun”.

Ekspert vurğulayıb ki, hər halda sözügedən ailənin hansı sekta ilə bağlılığının olub-olmamasını hüquq-mühafizə orqanları araşdırmalıdır. Çünki bu çox təhlükəli məsələdir:

”Ola bilsin ki, hansısa olay baş verir və əsl məqsədindən yanıltmaq üçün bunu dini nələrləsə əlaqələndirirlər. Bəlkə ruhi xəstədir və ya kimsə onu bu vəhşiliyə vadar edib. Yəni, ”ola bilsinlər” çoxdur bu məsələdə...

Sadəcə təsdiq edə bilərəm k, bu cür təriqətlər dünyada var. Bütün hallarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı monitorinq keçirməlidir ki, bu cür təriqətlərin qeydiyyatdan keçmədən xaricdən, hardansa məxfi surətdə gətirib Azərbaycanda yaratmasının qarşısı alınsın. Xüsusən, hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparmalıdır. Amma din insanları elə hallardan çəkindirmək üçündür. Yəni, bütün mənfiliklərdən, o cür vəhşiliklərdən, nəinki insanın qanını içməkdən bütün pisliklərdən uzaq olsunlar.Yeganə satanizmdir ki, şeytana qulluq edir.Anton Lavey tərəfindən yaradılmış bu cərəyanın 100 ildən çox tarixi var. Bu cərəyan bu gün Amerikada daha geniş yayılıb.Qaniçmə ayinini yalnız onlar həyata keçirir”.

”Üzümlük”, ”Yəhova şahidləri”, ”Vəhabilik” də maskalanmışlar...

”Üzümlük” sektasının Azərbaycanda fəaliyyətinə gəlincə, Tural İrfan vurğulayıb ki, bu cür qeyri-ənənəvi sektaların məqsədi əslində siyasi məqsəd daşıyır. Onlar din pərdəsi altında hansısa siyasi maraqlara xidmət edirlər: ”Bu tarixi, siyasi, məkrli məqsədləri olan qüvvələrin ortaya atdığı maraqlardır. Məsələn, vəhabiliyin özü siyasi bir təriqətdir ki, İslamın içində çaxnaşma salır.İslam dinini məhv eləmək üçün hansısa siyasi qüvvələr tərəfindən din donu geydirilmiş bir məsələdir.Zahirdən biz elə bilirik ki, vəhabilik dini təriqətdir.Orada dindən söhbət getmir, sadəcə, dinlə maskalanıblar.Ola bilsin ki, qeyd olunan sektaları da hansısa məqsədlər üçün gətirib yayırlar.Bundan əlavə ”Yəhova şahidləri” deyilən bir təriqət var. Bu xristian dininin bir təriqətidir.Onlar fikir aşılayırlar ki, heç kimi qətlə yetirmək olmaz.Əsgərlər düşmənə güllə atmamalıdır.Azərbaycanda bu qadağan olunmalıdır.Ona görə ki, biz bu gün müharibə şəraitində yaşayırıq.Səhər bizim ordumuz düşmənin üstünə yeriyə bilər.Bu təriqət Azərbaycan kimi ölkə üçün xarakterik deyil.Ümumiyyətlə, qeyri-ənənəvi təriqətlərin Azərbaycanda yayılmasının qarşısı alınmalıdır”.Xatırladaq ki, bir müddət əvvəl ”pis ruhları çıxartmaq” üçün ananın 5 yaşlı oğlunu boğaraq qətlə yetirməsi xəbəri cəmiyyətdə rezonansa səbəb olmuşdu.Belə ki, ananın öz uşağını belə vəhşiliklə qətlə yetirməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilirdi.Hadisəni törədən 33 yaşlı Nazilə Qulubəyovanın ”Yəhova şahidləri” sektasının üzvü olduğu, satanistlərə xidmət etdiyi ilə bağlı fikirlər yayılmışdı.İddialardan biri isə onun ”İsa peyğəmbər və üzümçülərin sektası” adlı dini təriqətin üzvü olmasıyla bağlıdır.Bildirilirdi ki, o, prokurorluqda ifadəsində bu təriqətin üzvü olduğunu təsdiqləyib.Bu dini sektanın isə ”Yahova şahidləri”nə heç bir aidiyyətinin olmadığı, yeni sekta olduğu və üzvlərinin ianələri hesabına fəaliyyət göstərdiyi bildirilir. Sonra adıçəkilən sekta ilə bağlı kiçik araşdırma aparıldı və məlum oldu ki, sektanın adı mətbuatda yazıldığı kimi ”İsa peyğəmbər və üzümçülərin sektası” deyil, ”Üzümlük”dür. Postsovet məkanında 20 ildən artıqdır ki, fəaliyyət göstərən sektanın mərkəzi Ukraynada yerləşir və onlar özlərini ”Yevangeliya” kilsəsinə aid edirlər.Ekspertlər belə qeyri-ənənəvi sektaların Azərbaycanda fəaliyyəti ilə bağlı həyəcan təbili çalırlar.

Alçina Amilqızı
Cebhe.inf





Həftənin ən çox oxunanları