Yuxarı

Minlərlə məmur işsiz qalacaq

Minlərlə məmur işsiz qalacaq

Abbas Əliyev: "Mən bu sualı cavablandıra bilmirəm”

Vüqar Məcidli: "Bu sualı mətbuat xidməti cavablandırmalıdır”

Elman Babayev: "Əli müəllim bizim nazirliyin adını çəkməyib”

İdarəetmə sahəsində islahatlar məsələsi gündəmə gəlib. Belə ki, ölkədəki dövlət qurumlarının bir çoxunda ixtisarların olacağı gözlənilir. Struktur islahatı nəticəsində hətta bir neçə nazirlik və komitənin ləğv ediləcəyi də istisna olunmur. Xatırladaq ki, bir müddət əvvəl də deputatlar Mili Məclisdə komitələrin ləğvi məsələsini ortaya atmışdılar. Bu dəfə isə Baş nazirin müavini Əli Əhmədov idarəetmədə islahatlara ehtiyac olduğuna işarə edib. Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir. İdarəetmə sahəsində islahatların qaçılmaz, eyni zamanda həssas cəhəti optimallaşma ilə əlaqədardır. 

"Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir”, - deyə Ə.Əhmədov bildirib. Baş nazirin müavini Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq bildirib ki, 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb. Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunur. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub. O, qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”. Baş nazirin müavini konkret olaraq yaxın gələcəkdə dövlət məmurlarının xeyli tərkibinin ixtisara düşəcəyinə işarə edərək, nazirlik və komitələrdə lazımsız şöbələrin, kadrların ləğv ediləcəyini istisna etmir. Bəzi iddialara görə Dövlət Gömrük Komitəsi ləğv ediləcək, qurumun səlahiyyətlərinin bir qismi "ASAN xidmət”ə və Vergilər Nazirliyinə veriləcək. Kənd Təsərrüfatı Nazirliyinin də ləğv ediləcəyi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirlikləri arasında bölüşdürüləcəyi gözlənilir. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdən keçirilir.

Böyük ehtimalla Gənclər və İdman Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin başqa qurumlara verilməsi nəzərdə tutulur. Diasporla İş üzrə Dövlət Komitəsinin isə XİN-ə birləşdiriləcəyi gözlənilir. Bəzi ekspertlərin isə bu məsələdə maraqlı fikirləri var. Bildirilir ki, iqtisadi böhranda olan ölkənin idarəetməsində ixtisarların olması təbiidir. Ehtimal olunur ki, ilk növbədə Azərbaycan hökuməti ixtisarlar planında nazirlikləri birləşdirəcək. Daha sonra isə komitələri ixtisar etməlidir. 

İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, ümumiyyətlə, Azərbaycanın idarəetmə iyearxiyasında kifayət qədər təkrarçılıq var və lüzumsuz ştatlar mövcuddur, bunlara son qoymaq lazımdır:

"Düşünürəm ki, hökumət ilk növbədə aşağı pillələrdə ixtisarları reallaşdıracaq. Bu işin dinamikası belədir. Böhran dərinləşdikcə, pul vəsaiti azaldıqca, hökumət üçün xərclərin ödənilməsi problemə çevrildikcə bu ixtisarlar yuxarıya doğru hərəkət edir. Azərbaycanda da yüksək vəzifəli şəxslərin, hansısa komitənin ixtisarı problemə çevrilib. Bu proses hakimiyyət daxilində müəyyən problemlərə, pərdəarxası qarşıdurmaya səbəb olur. Hesab edirəm ki, bu qarşıdurmalardan yayınmaq məqsədi ilə ilk növbədə nazirlikləri birləşdirməklə ixtisar reallaşacaq”.

İqtisadçının sözlərinə görə, İqitsadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, o cümlədən, də SOCAR-da ixtisarlar olacaq ki, bu qurumlarda kifayət qədər ştat var ki, onlarda ixtisarların getməsinə ehtiyac var. Maraqlıdır, nazirliklər Əli Əhmədovun idarəetmə sahəsində islahatların apararılacağına dair açıqlaması haqda nə düşünürlər? 

İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev "Cümhuriyət” qəzetinə açıqlamasında baş nazirin müavininin dedikləri ilə bağlı məsələni cavablandırmaqdan imtina edib: "Mən bu sualı cavablandıra bilmirəm.” 

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevə ilboyu düşmək mümkün olmadığından bu dəfəki cəhdimiz də baş tutmadı. Bu səbəbdən qurumun digər şöbələri ilə əlaqə yaratmağa çalışdıq. İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli ilə əlaqəmiz baş tutsa da, o, quruma ünvanlanan sualları mətbuat katibinin cavablandırmalı olduğunu deyib: 

"Siz sualınızı mətbuat xidmətinə ünvanlayın. Mətbuat xidməti mətbuatın suallarına cavab verməlidir, elə şey olar? Biz sualları yalnız mətbuat xidməti vasitəsilə cavablandırırıq”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev isə cavabı maraqlı olub: 

"Əli müəllim bizim nazirliyin adını çəkməyib axı? Mən oxumuşam yazını...”

Hər halda idarəetmədə ixtisarlaşma prosesinin baş verəcəyini qarşıdakı günlərdə görəcəyik. Hər halda fəaliyyəti görünməyən, yalnız büdcə talayan daha bir neçə nazirlik və ya komitənin ləğvi istisna olunmur. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları