Yuxarı

Sabiq nazirin qardaşından etiraf

Sabiq nazirin qardaşından etiraf

Ziya Məmmədovun şəxsi təyyarəsi alınıb?

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şəxsi təyyarəsinin müsadirə edilməsi xəbərinə qardaşı münasibət bildirib. "Cümhuriyət” qəzeti xəbər verir ki, keçmiş nəqliyyat nazirinin millət vəkili olan qardaşı mətbuatda yayılan məlumatlara ikibaşlı cavab verib: "Sizin şəxsi əmlakınızı kimsə əlinizdən ala bilərmi? Əlbəttə, yox. Qurtardı getdi də! Mən sizdən xahiş edirəm əlavə nəsə soruşmayın.Görürsüz ki, mən də sizə qarışılıqlı sual verdim.Bu məsələyə münasibət bildirmirəm, ya da bildirmək istəmirəm.Bu qədər”.

Qeyd edək ki, 1 ay əvvəl bir qrup amerikalı senator prezident Donald Trampın şirkətinin Azərbaycanda korrupsiya pozuntusunda şübhəli bilinən və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)ilə bağlılığı olan fəaliyyətinin araşdırılması üçün Birləşmiş Ştatların Baş Prokurorluğuna, Maliyyə Nazirliyinə, Federal Təhqiqatlar Bürosuna müraciəti olub. Həmin müraciət əsasında Ziya Məmmədovun şəxsi təyyarəsinin müsadirə olunduğu bildirilib.Qeyd olunub ki, keçmiş nazirin "Gulf Stream” markalı şəxsi təyyarə aldığı Azərbaycan ictimaiyyətinə 2012-ci ilin yayından bəlli olmuşdu.Z.Məmmədovdan şəxsi təyyarəsini müzakirəsiz tələb olunub və tələb yerinə yetirilib.

Məmur maaşına 1 milyonluq təyyarəni necə almaq olar?

Ziya Məmmədovun özündən şəxsən irəli sürülmüş iddiaya təkzib gəlməsə də qardaşı mətbuata açıqlamasında onun şəxsi təyyarəsinin olduğunu etiraf edib.Əlbəttə, hələ nəqliyyat naziri işləyərkən rüşvət almaq, vəzifəsindən sui-istifadə etməklə dövlətə məxsus maddi vəsaitləri mənimsəmək ittihamıyla manevr imkanları tamamilə məhdudlaşdırılan Z.Məmmədovun bu faktın gün işığına çıxmasıyla ətrafındakı halqanının tamamilə daralacağına şübhə yoxdur.Lakin müzakirə mövzusu, korrupsiya yoluyla dövlət vəsaitləri mənimsəmək ittihamıyla keçmiş nəqliyyat nazirinin həbs ediləcəyi ehtimalı deyil, onun bu təhlükəni nəzərə almamaqla, rahat şəkildə cinayət əməlləri törətməsidir. Əlbəttə, aylıq gəliri 3-5 min manat olan Ziya Məmmədovun nazir işlədiyi vaxtlarda qiyməti ən az 1 milyon dollardan çox olan şəxsi təyyarəyə necə sahib olduğunu hər kəs bilir. İşin içində milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi və rüşvət var. Elə keçmiş rabitə naziri Əli Abbasov da bu yolla özünə tikintisi 10 ildən çox davam edən nəhəng malikanə tikdirmişdi, 3 min manat maaş aldığı halda hər ay 300 min manat xərcləyirdi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq başçısı Eldar Mahmudovun taktikası isə Məmmədov və Abbasovdan fərqlənirdi. O, şantaj, təhdid və qorxuducu vasitələrlə qurbanlarını və dövlət müəssisələrini talan edirdi. 

Keçmiş nazirlərin mənimsəmə yoluyla əldə etdikləri milyardlar və qurduqları nəhəng səltənət hələ Azərbaycan daxilində üzə çıxarılmış cinayət faktlarıdır.Müəyyən siyasi kanallar və bir sıra banklarla ölkə xaricinə - offşor zonalara, London və Panamaya yönəldilən "çirkli pullar” bura daxil deyil. Təsadüfi deyil ki, keçən il ABŞ tərəfindən 2004-2014-cü illər aralığında Azərbaycandan 90 milyard dolların çıxarıldığı faktı açıqlanmışdı. Həmin pullarda keçmiş və indiki nazirlərin, oliqarx məmurların pay sahibi olduqlarına da şübhə yoxdur.

Sonradan oliqarxlaşmışlar

Dövlət adamları üzərlərində heç bir təzyiq hiss etmədən, heç bir təhlükədən qorxmadan və bir gün bu cinayət əməllərinə görə həbs ediləcəkləri ehtimalını nəzərə almadan vəzifələrini öz qaydalarına uyğun icra edirlər, qanunvericilikdən irəli gələn tələblərlə yox. Şübhəsiz ki, həmin şəxslərə qol-qanad verən bu cinayət tərkibli əməllərinin cəzasız qalmasıdır.Belə bir etinasızlıq hələ də öz postlarında qalan məmurlar üçün mənfi presedent yaradır.Keçmiş korrupsionerlər cəzasız qaldıqca, vəzifədə olanlar istədikləri oyunu oynayırlar. Ziya Məmmədov və mövcud siyasi komandanın "əxlaqlı siması” hesab olunan Əli Abbasova dair açıqlanmış faktlar o təsəvvürü yaradır ki, hələ hakimiyyətin ən zəif adamları hesab olunan şəxslərin də bu böyüklükdə sərvəti varsa, digərləri nələrə sahibdirlər. Şübhəsiz ki, mövcud hakimiyyətin sıralarında təmsil olunan oliqarxlar sonradan Ziya Məmmədov, Əli Abbasov, Eldar Mahmudov kimi oğurladıqları dövlət pulları hesabına oliqarxlaşmış adamlardır.Artıq son nümunələrdən sonra dəqiqdir ki, hər nazir, hər məmur, hər dövlət adamı başçısı olduğu sahənin reketidir.Siyasi sistem bərbad gündədir.Korrupsiya və rüşvətləşmiş sistem oğurluq hesabına öz yerində ağırlaşdıqca güclənir və onu yerindən tərpətmək mümkünsüz hala çevrilir.

Mənsur





Həftənin ən çox oxunanları