Yuxarı

Azərbaycana təhlükə haradan gəlir?

Azərbaycana təhlükə haradan gəlir?

Əli Orucov: "Sistemləşdirilmiş siyasət yürütməli və ayıq-sayıq olmalıyıq”
Sərdar Cəlaloğlu: "Bu təhlükələr əsasən Avropa, ABŞ, Rusiya və Ermənistandan gəlir”

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev ölkəmizə qarşı kənar dövlətlərdən gələn təhdidlərdən danışıb. "Cümhuriyət” qəzeti xəbər verir ki, DTX rəisi Azərbaycanın bir çox dövlətlərin, siyasi maraq dairəsində olduğunu deyib və qeyd edib ki, kənardan ölkəmizə qarşı böyük təhdidlər var. Mədət Quliyev xəyanətkar şəbəkənin əsasının 1988-1990-cı illərdən qoyulduğunu, prezidentin tapşırığının düzgün icrasının nəticəsində onların deşifrə olunduğunu qeyd edib: 

"Kənardan da Azərbaycana qarşı hər cür təhdid var. Son günlər üzə çıxan təhlükəni Müdafiə Nazirliyinin özü aşkarlamışdı. Prezidentimiz tərəfindən baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu araşdırma aparır. Onlar bir günün, beş günün casusları deyil, bu xəyanətkar şəbəkə 1988-1990-cı illərdən ölkəmizdə kök atıb. Bu casusların ifşa olunması, Müdafiə Nazirliyinin rəhbərliyinin ölkə başçısının tapşırıqlarının düzgün icrasının nəticəsidir”. 

Qərb və Rusiya

SSRİ-nin dağılmasıyla müstəqilliyini əldə edən Azərbaycan ciddi problemlərlə üz-üzə qaldı. İlk illərdən müstəqillik bizə baha başa gəlməyə başladı. Əvvəlcə Ermənitsan vasitəsilə Dağlıq Qarabağ və digər rayonları işğal edən Rusiya bundan sonra vəziyyətin Azərbaycan üçün heç də ürəkaçan olmayacağını nümayiş etdirdi. 1990-cı ildə Bakıda, 1992-ci ildə isə Xocalıda baş verən soyqırımlar da göstərdi ki, Rusiya 71 il işğalda saxladığı Azərbaycanı rahat buraxmayacaq. Hazırda da "Qarabağ kartı” Kremlin Azərbaycana qarşı istifadə etdiyi əsas "silah”dır. Həmin "silah”la "Şimal ayısı” zaman-zaman üzünü Qərbə çevirməyə cəhd edən Azərbaycanı "vurmaq” üçün istifadə edir. Qərbin də Azərbaycandan gözləntiləri var. Avropa və ABŞ maraqlıdır ki, ölkəmiz Rusiyadan üz çevirib, Qərbə, yaxud NATO-ya inteqrasiya xəttini seçsin. Zaman-zaman bununla bağlı təzyiqlər edilir. Siyasi mövqe seçimi məsələsində hər iki tərəf - Qərb və Rusiya eyni anda Azərbaycana təzyiqlər edir. Lakin iki tərəfdən birini seçmək o biri təhlükənin təhdidlərini almağı sığortalamaq deməkdir.

Qonşu dövlətlər

Türkiyə istisna olmaqla, digər qonşu dövlətlər də Azərbaycana qarşı zaman-zaman öz ikili münasibətləriylə gündəmə gəlirlər. Ermənistanla münasibətlər məlumdur. Artıq 25 ilə yaxındır ki, bu ölkə ilə "ölü nöqtə”də dayanmış Dağlıq Qarabağ münaqişəsinə görə müharibə vəziyyətindəyik. Ən az Ermənistan qədər Azərbaycana təhlükəli olan digər qonşu dövlət İrandır. İran o ölkədir ki, Qarabağ müharibəsində işğalın Bakıyadək davam etdirilməsi üçün Ermənistana gizli və açıq dəstək vermişdi. Üstəgəl, 1990-cı illər xaosunda Cənub bölgələrində baş qaldırmış separatizmi dəstəkləmişdi. Digər yandan Xəzər dənizində Azərbaycanın payına düşən hissələrə olan iddialarını da dilə gətirir. Gürcüstan İran və Ermənistan qədər olmasa da Azərbaycana qarşı bu ölkəni "mehriban düşmən” adlandırmaq olar. Müəyyən vaxtlarda Gürcüstanda Azərbaycana qarşı ərazi iddiaları qaldırılır. Bu ölkədə siyasi dairələrə bağlı olan separatçı qurumlar Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarına iddia edirlər. Demək olar ki, Azərbaycandan ərazi istəməyən yeganə dövlət Türkiyədir.

"Dostların əhatəsində deyilik”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqeyi həmişə bizə təhdid mühiti yaradıb. AMİP yetkilisi hesab edir ki, qonşu dövlətlərdən və digər regionlarda yerləşən siyasi güclərdən də Azərbaycana qarşı təhlükələr var: "Məsələn, Cənubda yerləşən İran heç vaxt Azərbaycanın müstəqilliyini istəməyib. İndi də müstəqilliyimizə dözə bilmir. Şimal qonşumuz Rusiya da uzun illər Azərbaycanı işğal altında saxlayıb. Rusiyanın həmişə Azərbaycana qarşı münasibəti normal səviyyədə olmayıb. Özünü müttəfiq və dost kimi göstərməyə çalışır, amma bizə münasibəti mənfidir. Rusiya Azərbaycan torpaqları hesabına özünə Ermənistan adlı for-post yaradıb. Bu gün də Ermənistan vasitəsilə Azərbaycan ərazilərinin bir hissəsini işğalda saxlayır. Digər yandan Ermənistanla elan olunmamış müharibə vəziyyətindəyik. Dəniz sərhədimizdə yerləşən Türkmənistanla da müəyyən gərgin dönəm yaşamışıq. Bu problem Xəzərin bölünməsi (Sərdar qaz yatağı) ilə bağlı ortaya çıxmışdı. Narazılıqlar hələ də qalır. Müəyyən mənada Gürcüstan və Türkmənistanla maraqlarımız üst-üstə düşür. Amma Gürcüstanda şovinizm əhval-ruhiyyəsi qalır. 

Gürcüstanda yaşayan azərbaycanlılara hörmət olunmur, milli toponimlər gürcüləşdirilir. Müəyyən vaxtlarda Gürcüstanda Azərbaycana qarşı ərazi iddiaları qaldırılır. Bu o deməkdir ki, Gürcüstanda Azərbaycana qarşı şovinist əhval-ruhiyyə var. Amma Azərbaycan olmasa, Gürcüstan ayaqüstə dura bilməz. Buna görə də bəzi ambisiyalarını sıxmağa çalışırlar”.

Amma Əli Orucov Azərbaycanın tamamilə təcrid vəziyyətində olmadığını bildirib: "O fikirdə də deyiləm ki, biz təklənmiş vəziyyətdəyik. Naxçıvan vasitəsilə Türkiyə kimi müttəfiqlə əlaqələrimiz var. Hər halda Azərbaycana öz dövlət müstəqilliyini gücləndirmək üçün güclü ordusunun, güclü iqtisadiyyatının olması lazımdır. Sistemləşdirilmiş siyasət yürütməli və ayıq-sayıq olmalıyıq. Güclü olmalıyıq. Nəzərə almaq lazımdır ki, Azərbaycan dost ölkələrin əhatəsində deyil”.

"Müstəqilliyimiz təhlükədədir”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə deyib ki, Azərbaycan tarixən kənardan onu təhdid edən dövlətlərlə mübarizə aparmaq məcburiyyətində qalıb. ADP sədrinin sözlərinə görə, bu gün də ölkəmiz real təhlükələrlə üz-üzədir: "Müstəqillik baxımından Azərbaycana hər yerdən təhlükə var. Bu təhlükələr əsasən Avropa, ABŞ, Rusiya və Ermənistandan gəlir. Digər qonşu dövlətlərdən də zaman-zaman bizə qarşı neqativ münasibətlər görürük. Ümumiyyətlə, kimin ki, burada maraqları toqquşur, bu, bizim üçün təhlükədir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları