Yuxarı

Yol polisinin protokol oyunu

Yol polisinin protokol oyunu

Elməddin Muradlı: "Gün ərzində 5-10 min cərimə protokolu tətbiq edilirsə, onun 20-30-u səhv ola bilər” Yanlış yazılan cərimə protokolları sürücüləri bezdirib

Son zamanlar yol partul xidməti əməkdaşlarının tərtib etdikləri cərimə protokollarından narazılıq edən sürücülərin sayı artır. Bəzi sürücülər iddia edirlər ki, yol polisi əməkdaşları yazdıqları protokollara görə sürücülərdən alınan cərimələrdən faiz qazandıqlarına görə, saxladıqları maşınlara yeri gəldi-gəlmədi protokol tərtib edirlər. Bu da sürücülər arasında ciddi narazılıq yaradır. Əlbəttə ki, hər kəsin öz hüququnu müdafiə etmək səlahiyyəti var və yazılmış cərimə protokollarından yuxarı orqanlara müraciət edə bilər. 

Bunun üçün əlverişli şərait yaradılıb və yol patrul xidməti əməkdaşlarının tərtib etdikləri cərimə protokollarından hər hansı bir narazılıq yaranarsa, dərhal araşdırma aparılır. Yol patrul xidmətinin əməkdaşının, yoxsa sürücünün günahkar olduğu müəyyənləşdirilir və bununla da narazılıq aradan qaldırılır. Əslində bu problemə aydınlıq gətirmək daha da asanlaşdırılıb. Çünki yol partul xidməti əməkdaşlarının idarə etdikləri maşınlarda quraşdırılmış qurğular yol hərəkətinin pozulma hallarını dərhal lentə alır. Mübahisəli məsələ yaranan zaman həmin video görüntülərə baxmaqla kimin günahkar olduğunu asanlıqla müəyyənlişdirmək mümkündür. 

Bu günlərdə Masazır qəsəbəsində bir sürücü qayda pozuntusuna görə cərimələnib. Sürücünün avtomobili yol polisi əməkdaşları tərəfindən saxlanılıb, ona avtomobilinin qabaq işıqlarından birinin nasaz olduğu bildirilib. Bunun üçün sürücüyə protokol tərtib edilib. Sürücü "Cümhuriyət” qəzetinə şikayət edərək, yol polisi tərəfindən ona əsassız yerə cərimə yazıldığını iddia edib. Onun sözlərinə görə əslində avtomobilinin bütün işıqları saz vəziyyətdədir və heç bir nasazlıq yoxdur. Yol polisi əməkdaşı isə işıqlardan birinin nasaz olduğunu iddia edərək sürücüyə inandırmağa çalışıb ki, bunu öz gözləri ilə görüb. Buna görə sürücü 27 manat cərimələnib. 

Qeyd edək ki, yol partul xidməti əməkdaşlarının tərtib etdikləri cərimə protokolarından narazılıq edən sürücülər 10 gün müddətində aidiyyatı instansiyalara müraciət edə bilərlər. Bu hallarda sürücü hansı üsullardan istifadə etməlidir?

Yol-nəqliyyat ekspert Elməddin Muradlı "Cümhuriyət” qəzetinə bildirib ki, hər bir halda sürücü protokoladan narazıdırsa, o şikayət edə bilər:

"Sürücüyə tərtib edilən protokolda gün və tarixlə onun hara yaxınlaşmaq lazım olduğu göstərilir. Protokolda göstərilən ünvanda sürücünün iştirakı ilə məsələ araşdırılır. Ola bilər ki, protokol sürücünün iştirakı olmadan araşdırılır. Ona görə də sürücü diqqətli olmalı və şikayətə baxılan prosesdə iştirak etməlidir. Ola bilər ki, sürücü barədə iştirakı olmadan qərar çıxarılsın. Hətta sürücü səhvən belə cərimə protokoluna imza atsa və sonradan bunun qanunsuz olduğunu görsə, yenə də şikayət edə bilər”.

Ekspert vurğulayıb ki, gün ərzində 5-10 min cərimə protokolu tətbiq edilirsə, onun 20-30-u səhv ola bilər: "Açığı cərimə protokollarından narazı olan sürücülərin şikayətlərinə baxılır və araşdırma əsasında qərar çıxarılır. Araşdırma nəticəsində əsl günahkarın kim olduğu müəyyənləşdirilir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları