Yuxarı

Fərman Ceyranovun həbsində qaranlıq məqamlar

Fərman Ceyranovun həbsində qaranlıq məqamlar

Zəlimxan Məmmədli: "Səslənən ittihamlara ciddi şəkildə şübhə edirəm, o, dürüstlüyünü qoruyan adamdır”

Rafiq Daşdəmirli: "Onun sayəsində gürcülərlə bizim münasibətlərimiz daha da yaxşılaşmışdı”

Gürcüstan prokurorluğu Tbilisidə fəaliyyət göstərən "Lanset” klinikasının direktoru Fərman Ceyranovun həbsi ilə bağlı rəsmi açıqlama yayıb. Prokurorluq Ceyranovun orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunduğunu bildirib. Qeyd edək ki, bu maddələr üzrə 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası  nəzərdə tutulur. İstintaq cinayətin digər iştirakçılarının aşkara çıxarılması üçün işləyir. Fərman Ceyranovun qara ciyər nəqli üçün Azərbaycandan dəvət etdiyi və türk kimi qələmə verdiyi həkimin kimliyi göstərilmir. Digər məlumatlara görə "Lanset” klinikasının lisenziyası da ləğv edilib. Fərman Ceyranovun həbsi Bakıda yaşayan gürcüstanlılar arasında birmənalı qarşılanmayıb. 

Əslən Borçalıdan olan politoloq Zəlimxan Məmmədli Fərman Ceyranovun həbsi ilə bağlı səslənən ittihamları absurd adlandırıb. Onun sözlərinə görə ədalətli istintaq aparılarsa, Fərman Ceyranovun bəraət almaq imkanları daha yüksəkdir:

"Təbii ki, bu məsələni diqqətlə araşdırmaq lazımdır. İndiki məqamda Fərman Ceyranovun həbsində hər hansı siyasi çalar axtarmaq istəmirəm. Amma bütün hallarda mənim tanıdığım Fərman Ceyranov yaxşı mütəxəssisdir, professional cərrahdır. Eyni zamanda soydaşlarımız arasında Gürcüstana ən iri investisiya qoyan cəsarətli şəxslərdən biridir. Ola bilər ki, onun siyasi düşüncələri kimlərinsə xoşuna gəlməyib. Səslənən ittihamlara ciddi şəkildə şübhə edirəm. Yəni, Fərman Ceyranov təmizliyi, dürüstlüyü qoruyan adamdır. Bu baxımdan "orqan mafiyası ilə əlaqə” absurd ittihama bənzəyir. Hər halda istintaq şəffaf aparılarsa, hesab edirəm ki, bəraət almaq imkanları daha çoxdur”.

"Lanset” klinikasının lisenziyasının ləğv olunmasına gəlincə Zəlimxan Məmmədli hesab edir ki, bu məsələdə bəzi güclərin maraqları var:

"Fərman Ceyranov rəhbəri olduğu klinikada maddi durumundan asılı olmayaraq hər kəsə yardım göstərib. Bunu isə bir eloğlu təəssübkeşliyi ilə izah etmək olar. Fərman Ceyranovun klinikası çox ciddi müəssisədir. Ola bilər ki, insanların axını, soydaşlarımızın həmin klinikaya ümid yeri kimi baxması müəyyən dairələri narahat edib. Gürcüstanda yaşayan azərbaycanların oyanmasını istəməyən mərkəzlər var. Tutaq ki, Fərman Ceyranovun fəaliyyətində  hər hansı bir cinayət tərkibi var, burada klinikanın günahı nədir ki, lisenziyası ləğv olunur? Məsələn, 9 mərtəbəli binada 1 cinayətkar varsa, bina sakinlərinin günahı nədir?” 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisin sədri, əslən Borçalıdan olan Rafiq Daşdəmirli isə bu məsələdə nəsə anlaşılmazlığın olduğunu deyib. R.Daşdəmirli Gürcüstanın aidiyyatı orqanlarını bu məsələyə aydınlıq gətirməyə çağırıb:

"Fərman Ceyranovun orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunması məni bir gürcüstanli, bir eloğlu kimi və onunla yaxın olduğuma görə çox üzdü. Fərman həkim  yaxşı bir cərrahdır. Bildiyimə görə o Moskvada oxuyub və orda dissertasiya müdafiə edib. Birinci Qarabağ savaşı zamanı Moskvadan öz soydaşlarına kömək məqsədilə Azərbaycana gəlmişdi. O, həkim briqadası  yaradaraq Qarabağda yaralanan əsgərlərimizin köməyinə getmişdi. Azərbaycanda böyük bir şəhiyyə institutunun direktoru işləmişdi.

Gözəl cərrah, gözəl insandır. Sonda müəyyən səbəblərdən Gürçüstanda, Tiflis şəhərində ölkənin ən böyük klinikasını yaratdı və orada fəaliyyət göstərməyə başladı. Borçalı və bütün Gürcüstanda yaşayan həmvətənlərimizə hər cür dəstək olurdu. Hətta imkansız ailələrin klinikada müalicə almasına yardımçı olurdu. Əksər azərbaycanlı kəndlərində klinikanın hesabına səyyar həkim heyəti ilə yoxlamalar aparırdı. Gürcüstanda keçirilən parlament seçkilərində də namizəd olmuşdu. Borçalı əhalisi arasında həkim, ziyali kimi böyük hörmət sahibi idi. Onun sayəsində gürcülərlə bizim münasibətlərimiz daha da yaxşılaşmışdı. Azərbaycanı çox sevirdi, amacı   Qarabağın azadlığı idi. 

Gürcüstan hökumətindən,  aidiyyati qurumlardan xahiş edirəm ki,  həbs qətiimkan tədbirinin  dəyişdirilməsinə yardım etsinlər.  Fərman həkimin bu cür işlər görməsi haqqında deyilənlər anlaşılmazlıqdır. Burda nəsə qaranlıq məqamlar var. Ona qarşı irəli sürülən ittihamlarla Gürcüstan azərbaycanlısı razı ola bilməz. Çünki Gürcüstana Azərbaycandan köç etmiş ilk ziyalı həkimimiz həbs olunur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları