Yuxarı

Dərs ili yenidən uzadılır

Dərs ili yenidən uzadılır

Kamran Əsədov: "Azərbaycan məktəbi üçün ən uğurlu tədris ili sentyabrın 1- i başlayıb, mayın 30-da bitməsi ola bilər”

Təhsil Nazirliyi tədris ilinin yenidən artırılmasını təklif edir. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O, media və sosial şəbəkələrdə tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi ilə bağlı müzakirə olunan məsələdə dərs ilinin bir qədər də uzadılması təklifi ilə çıxış edib. Nazirlik rəsmisi Nazirlər Kabinetinin tədris ilinin iki həftə uzadılmasıyla bağlı iki il əvvəl qəbul etdiyi qərarı belə əsaslandırıb: 

"Biz tədris ilini iki həftə artırsaq da, inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik?”
 

Xatırladaq ki, ötən ildə də media və sosial şəbəkələrdə dərslərin sentyabrın 1-də başlanması təklif olunmuşdu. Amma o şərtlə ki, dərslər mayın 31-də yekunlaşsın. Amma nazirlik inkişaf etmiş ölkələrdən fərqli olaraq tədris ilinin Azərbaycanda geri qaldığını əsas gətirərək səsləndirilən təkliflərlə razılaşmadı. Sonradan bu məsələ açıq qaldı. İndi yenidən bu məsələ gündəmə gəlib. Bəzi ekspertlər tədris ilinin daha da artırılmasına qarşı çıxıblar. Onların dediyinə görə Azərbaycanın təhsil sistemində dərs proqramı və yükü ağır olduğundan bu təklifin irəi sürülməsi məntiqsizdir. Bundan əlavə hər ölkədə iqlim şəraiti fərqlidir. Bu mənada təhsil həftələrinin sayının digər ölkələrdə olduğu kimi Azərbaycanda da təkrar edilməsi düzgün deyil. Bütün hallarda dərslərin sentyabrın 1-dən başlanmasının məntiqi və elmi əsasları var. Düzdür, sentyabrın 15-i bilik günü kimi qiymətləndirilsə də, dərslərin başlanması həmin günə aid edilməməlidir.   

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, inkişaf etmiş ölkələrdə təhsil həftələrinin sayı çox olsa da onların heç də hamısı aktiv dərs deyil. Müəyyən hissəsi isə tətillər dövrünə təsadüf edir:

"Doğrudur, Avropa öləkərində yay tətili qısa olur. Lakin ilboyunca tədris elə bölünüb ki, şagird yorulmur. Bundan başqa, onların iqlimi də bunun üçün əlverişlidir. Onlarda Yevlax, Kürdəmir kimi isti yerlər yoxdur. İyun ayında maksimal temperatur 28 dərəcə olur. Təhsil müəssisələrində kondinsionerə belə ehtiyac yoxdur. Amma biz hər şeyi onlardan götürək deyərkən, öz reallıqlarımızı unutmamalıyıq. Yoxsa, qaş düzəltdiyimiz yerdə vurub göz də çıxarmış olarıq. Hələ demirik ki, biz dini bayramlarımızın adını belə çəkməyə qorxuruq, amma onlar iki ən vacib dini bayramlarında (Milad və pasxa) 2-3 həftə tətil verir. Bu keçiddə İngiltərədə ilboyu məktəb tətilləri qeyd olunur. 

1. Milad bayramı - 15 gün
2. Fevralda tətil - 5 gün
3. Pasxa bayramı - 19 gün
4. May sonu - 5 gün
6. Yay tətili - 17 iyul - 5 sentyabr
7. Payız tətili (oktyabr) - 10 gün. 

Bizdə isə bu tətil günləri olduqca azdır. Bir çox ölkələrdən fərqli olaraq bizdə VI gün dərs var. Bu isə 34 əlavə gün deməkdir (7 həftə). Deməli, tədris ilimiz 41 həftədir və bizdə onlardan çoxdur”. Ekspert hesab edir ki, Təhsil Nazirliyinin bu təklifi qəbul edilməyəcək: "Yəni dərs həftələrinin sayı artırılmayacaq. Çünki mən yuxarıda qeyd etdiyim kimi, əslində bizdə tədris həftələri daha çoxdur. Sadəcə olaraq, bunu onlara elmi əsaslara izah edən yoxdur. Azərbaycan məktəbi üçün ən uğurlu tədris ili 1 sentyabr tarixində başlayıb, 30 mayda bitməsi ola bilər”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları