Yuxarı

Azərbaycanda dövlət qulluğu da kasıblar üçün əlçatmaz olur

Azərbaycanda dövlət qulluğu da kasıblar üçün əlçatmaz olur

"Dünyanın heç bir ölkəsində dövlət müəssisələrində işə qəbul zamanı ödənişli imtahanlar həyata keçirilmir”
 
Kamran Əsədov: "110 manat ödəməyə imkanları olmayan savadlı, lakin imkansız şəxslər qəbuldan kənarda qalacaqlar”

Tarif (Qiymət) Şurası tərəfindən dövlət qulluğu ilə bağlı yeni təsdiq edilmiş ödənişli xidmətlərin tarif cədvəlinə əsasən, dövlət qulluğuna qəbul üçün ən yüksək rüsum ödənişi inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə olacaq.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu vəzifələrə inzibati vəzifələrin 2-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, aparat rəhbərinin müavini və şöbə müdiri, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru, inzibati vəzifələrin 3-cü təsnifatı üzrə şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, dövlət orqanlarında aparat rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, Tarif (Qiymət) Şurasının katibi, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri, fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini daxildir. Bu vəzifələr üzrə işləmək istəyənlər bir dəfə imtahanda iştirak üçün 110 manat ödəməli olacaqlar.

İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, regional bölmənin rəhbəri, şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, regional bölmənin rəhbərinin müavini, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə sektor müdiri, şöbə müdiri, şöbə müdirinin müavini 100 manat ödəməli olacaqlar.

İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə sektor müdiri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, dövlət orqanı rəhbərinin köməkçisi imtahanda bir dəfə iştirak üçün 90 manat ödəməli olacaqlar.

Baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi vəzifəsi üzrə imtahanlarda iştirak üçün 70 manat rüsum ödəniləcək. Dövlət qulluğuna qəbul üçün ən az rüsumu (10 manat) katibə, kargüzar, sürücü, liftçi və s. işləmək istəyənlər ödəyəcəklər. Mərkəzdən bildirilib ki, dövlət qulluğu imtahanlarında iştirak üçün Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilən tariflərin üzərinə ƏDV əlavə edilməyəcək və namizədlər müəyyənləşdirilmiş qiymətlərlə rüsum ödəyərək imtahanda iştirak edə biləcəklər.

Təhsil eksperti Kamran Əsədov "Cümhuriyət” qəzetinə bildirib ki, dünyanın heç bir ölkəsində dövlət müəssisələrində işə qəbul zamanı ödənişli imtahanlar həyata keçirilmir: "İlk növbədə ona görə ki, seçilmiş insanlar dövlətin kadra olan ehtiyaclarını həyata keçirmək missiyasını yerinə yetirirlər. Azərbaycanda dövlət qulluğuna qəbul üzrə qanun 2003-cü ildən qüvvəyə minib. 2004-cü ildən etibarən dövlət orqanlarına işə qəbulu ilk öncə 2004-2005-2006-cı illərdə TQDK aparırdı. Sonradan dövlət qulluğuna qəbul üzrə komissiya yaradıldı. Bütün imtahan prosesləri iştirakçılar üçün pulsuz həyata keçirilib. Çünki şirkət özünə lazım olan kadr üçün bu və ya digər vəsaiti ödəməkdə maraqlı idi. Digər tərəfdən 10 manatdan 110 manata qədər müəyyən olunmuş yerlər vakansiyaya çıxarılmır. Yaxud da çıxarılan vakansiyalarda iştirakçılar birinci mərhələdən keçsələr də, ikinci mərhələdə ciddi problemlər yaşayır.

Eyni zamanda ehtiyatda olan kifayət qədər kadrlar bundan əvvəl dövlət qulluğuna qəbulu həyata keçirən komissiyanın vaxtında keçiblər, ancaq işə qəbul olunmayıblar. İmtahanı keçirən orqan qarantiya verirmi ki, 110 manat ödəyib müsabiqənin ilk mərhələsini keçəndən sonra onu işlə təmin edə biləcək? Əlbəttə, edə bilməyəcək. Çünki onun verəcəyi sertifikat 2 və ya 5 il müddətində səlahiyyətlidir. Bəs 5 ildən sonra nə olacaq? O insanın ödədiyi pul batır. Hesab edirəm ki, dövlət qulluğuna qəbul üzrə test imtahanlarının bu qədər bahalı olmasına heç bir əsas yoxdur. Çünki bu imtahanlar kompüter qarşısında keçirilir və kompüter təminatı, eyni zamanda oradakı test tapşırıqları üçün böyük vəsaitə ehtiyac yoxdur. İndiyə qədər dövlət qulluğuna qəbul olmaq üçün 14 min nəfər sənəd vermişdi. İllər ərzində onlardan cəmi 600 nəfəri işlə təmin olunub. Burada inzibati və yardımçı vəzifələr var”.
 
"Sanki bankdırlar, pul yığırlar”
 
Ekspertin qənaətincə, dövlət qulluğuna qəbulun ödənişli əsaslarla olmasının heç bir əsası yoxdur: "Çünki dövlətin kifayət qədər maliyyə imkanları var ki, özünə lazım olan azsaylı imtahan iştirakçılarının bütün xərclərini ödəsin. Bu xərclər heç də böyük deyil. Açıq şəkildə deyim ki, bundan daha keyfiyyətli, daha şəffaf, daha ədalətli, daha ucuz və əmək bazarının tələblərinə uyğun imtahanı keçirə bilərəm. Vakansiyaya çıxarılmış yerlərə təyinatlara baxırıq ki, ikinci mərhələdə heç bir şəffaflıq gözlənilmir. Bunu hər kəs deyir. Doğrudur, bunun əlimizdə çeki yoxdur, amma test tapşırığı imtahanının birinci mərhələsində yüksək bal toplayanlar ikinci mərhələdə ya kəsilir, ya da ehtiyat kadr olurlar. Bu məsələləri həll etmək lazımdır. Dövlət İmtahan Mərkəzi yarandığı gündən bu vaxta qədər ancaq qiymət işi ilə məşğuldur. Sanki onlar Gömrük Komitəsidir və yaxud Mərkəzi Bankdır, pul yığımı ilə məşğuldur. Nəzərə almırlar ki, bir ildən çoxdur ki, qanunvericiliyin tələbi pozularaq dövlət qulluğuna imtahan keçirilmir. Halbuki dövlət qulluğu üzrə qanunvericilikdə göstərilir ki, ən gec 3 aydan bir imtahan keçirilməlidir”.

Kamran Əsədov onu da qeyd edib ki, 2016-cı ilin aprel ayında DİM-in yaranmasına baxmayaraq dövlət qulluğuna bir dəfə də olsun imtahan keçirməyib: "Ümumilikdə iki ildən çoxdur ki, dövlət qulluğuna imtahan aparılmır. İlk növbədə vakansiyalar çıxarılmalıdır, vəsaitlər çap olunmalıdır, bunlar tənzimləndikdən sonra hansısa qiymət göstərilməlidir. Onlar hansı xidməti göstəriblər ki, onun müqabilində 110 manat xidmət haqqı tələb edirlər? Ölkə başçısının da əsas istəyi budur ki, savadlı, perspektivli şəxslər dövlət orqanlarına gəlsinlər. Amma həmin şəxslərin də müəyyən hissəsi imkansızdırlar. Onların qəbul prosesində 110 manat ödəməyə imkanları yoxdur. Nəticədə savadlı, lakin imkansız şəxslər dövlət qulluğuna qəbuldan kənarda qalacaqlar. Buna görə də bunu ədalətli hesab etmirəm”.  

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları