Yuxarı

Üfunətdə boğulan Bakı zooparkı

Üfunətdə boğulan Bakı zooparkı

Heyvanxanada da qiymətlər ceyran belində
 
Yazın gəlməsilə əlaqədar şəhər sakinlərinin üz tutduğu istirahət və əyləncə məkanlarından biri də Bakı Zooloji Parkıdır. Ötən bazar biz də yolumuzu buradan saldıq. Metronun "Gənclik” stansiyasından şıxıb üzü zooparka tərəf getdikcə, küçələrin təmizliyi, ərazidə yeni salınmış istirahət parkının möhtəşəmliyi bizdə xoş hisslər yaradırdı. Yeni istifadəyə verilən parkda kifayət qədər tələbə və ortayaşlı nəslin nümayəndələrini görmək mümkün idi. 
Biz də xoş aura ilə parkın ərazisindən keçərək zooparka tərəf getdik. Nəhayət zooparkın girişinə yaxınlaşdıq. Giriş biletinə 2 manat ödəyərək zooparkın ərazisinə daxil olduq. Təəssüf ki, zooparka girər-girməz yol boyu bizi müşahidə edən xoş ab-havadan əsər-əlamət qalmadı. Adət etdiyimiz kimi yenə də zooparkda natəmizlik hökm sürürdü. Heyvanların saxlanıldığı yerlərdən heç də xoş olmayan qoxu elə zooparkın girişində adamı "məst” edirdi. Zooparka gələnlər ya bu qoxuya alışdığından, ya da digər səbəblərdən ərazidə normal şəkildə var-gəl edirdilər. Biz də zooparkdakı turumuza start verdik.

İlk olaraq timsah, ilan və bir neçə tutuquşu saxlanan qəfəsə baxmaq qərarına gəldik. Hər şey öz qaydasında idi. Heyvanlar qəfəsdə var-gəl edir, öz işlərilə məşğul olurdular. Ancaq diqqət çəkən timsah və piton ilanının sabit, heç bir reaksiya olmadan dayanmaları idi. Təxminən 15-20 dəqiqə müddətində şüşənin arxasında bu heyvanlara nəzər yetirsək də heç bir reaksiyanın şahidi olmadıq. Düzü, ilkin olaraq timsahın dərin yuxuya getdiyini düşündük və zooparkdakı turumuzu davam etdirdik. Növbəti dayanacaq yerimiz isə meymun saxlanılan qəfəs oldu. Qəfəsin qarşısında yığışan insanların sayı digərlərinə nisbətən daha çox idi. Qəfəsə yaxınlaşdıqda insanların niyə meymuna maraqla baxdığının səbəbi məlum oldu. Hər kəs özü ilə gətirdiyi müxtəlif tərəvəzləri və meyvələri meymuna verirdilər. Meymun da çox həvəslə verilənləri qəbul edib, mədəsinə ötürürdü, meymunun üzündən xoşbəxtlik, həm də digər heyvanlara nisbətən daha gümrah idi. Meymun qəfəsinin önündə də bir neçə dəqiqə vaxt keçirib yollandıq digər heyvanlara tamaşa etməyə.

Müxtəlif növ qartallar, çöl və ev quşları, keçi, inək, lama, şir, pələng, ayı, dəvə, yaquar, bəbir, maral, ceyran və digər bir çox heyvanlar Zooparkda öz həyatlarını davam etdirirdilər. Bəzi qəfəslər isə boş idi. Ya qəfəsdə heyvan yox idi, ya da insanların səs-küyündən bezib öz yuvalarında gizlənmişdilər. Hər şey qaydasında görünsə də heyvanların saxlandığı qəfəslərdən (oxu: xüsusi ilə dəvə, ayı, tülkü və canavar) çox pis qoxu insanı vururdu. Yəqin ki, elə məhz bu səbəbdəndir ki, həmin qəfəslərin qarşısında təsadüfən kimisə görmək mümkün olurdu. Qəfəsə yaxınlaşanlar isə tez-tələsik şəkil çəkib, ərazidən uzaqlaşırdılar.

Balıqların saxlanıldığı yerdə də vəziyyət fərqli deyildi. Doğrudur, burada pis qoxu və ya natəmizlik olmasa da akvariumların bir neçəsi boş idi. Bəzilərində isə təxminən 4-5 balıq var idi.

Zoopark turunu başa vurub ərazini tərk etmək qərarına gəldik. Təxmini olaraq 2 saata yaxın vaxt olardı ki, zoopark ərazisində var-gəl edib, müşahidə aparırdıq. Son olaraq yenidən timsahı və ilanı görmək üçün ilk baxdığımız yerə yollandıq. Mənzərə dəyişməmişdi. Timsah  və ilanı necə qoyub getmişdiksə, eyni vəziyyətdə də bizi gözləyirdi. Nə bir santımetr yerləri dəyişilmişdi, nə də gözləri açılmışdı. Məndə belə bir təsəvvür yarandı ki, məhz bu iki heyvan canlı deyil. Sadəcə heykəl variantında düzəldiblər və şüşə qəfəsin arxasına qoyublar. Hər halda  müşahidələrim bunu deməyə əsas verir. Babalı isə timsahla,  ilanın boynuna. Canlıdırsa üzrlü hesab etsinlər, yox əgər həqiqətən də heykəldirlərsə, sadəcə olaraq ayıb olsun. Zooparkı tərk etməyə hazırlaşanda gözümüzə səyyar satıcılar və bir balaca mağaza  dəydi. Satılan malların qiymətləri ilə maraqlandıq ki, gələn dəfə gələndə nəyi neçəyə alacağımızı əvvəlcədən bilək. Belə ki, mağazada satılan mallar zooparkın kənarında olan marketlərdən ən azı 2 dəfə baha idi. Müqayisə üçün deyək ki, marketlərdə 0.90 manata satılan "cipsi” zooparkda 1.80 manata təklif olunur. Popkorn (təxminən 200 qram) yemək üçün isə 1 manatınızdan keçməli olacaqsınız. Hər bir halda zooparkda gördüklərim məni məyus etdi. Halbuki zooparka gedən yol çox təmiz, səliqəli idi. 

Ümid edək ki, yayın gəlməsi səbəbindən bu problem aradan qaldırılacaq. Çünki, şəhər əhalisinin, xüsusilə də məktəblilərin bura gəlməsi və heyvanlar haqqında dolğun məlumatlara yiyələnməsi zəruridir. Zoopark sadəcə kommersiya məqsədilə istifadə edilməməlidir. Zooparkın yeganə üstün cəhəti isə şagirdlərin içəri daxil olması üçün ödəniş tələb etməməsidir. Bunun da əvəzini uşaqları pondilərdə 2 manata gəzdirməklə çıxırlar.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları